Zaqatalada regional müşavirə keçirilib
17 Sentyabr 2018 17:54 İqtisadiyyatSentyabr ayının 17-də Zaqatala rayonunda ET Əkinçilik İnstitutunun Bölgə Təcrübə Stansiyasında "Yeni istifadəyə verilmiş toxumtəmizləmə qurğuları ilə taxıl toxumunun təmizlənməsi, dərmanlanması və qablaşdırılması"na həsr olunmuş regional müşavirə keçirilib. Tədbirdə Dövlət Fitosanitar Xidmətinin, Aqrar Elm və İnnovasiya Mərkəzinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin mütəxəssisləri və bölgə fermerləri iştirak ediblər."Olaylar" xəbər verir ki, müşavirənin əsas məqsədi toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, toxum istehsalında innovativ texnologiyaların tətbiqi, yeni perspektiv sortların toxumlarının nümayişi, müasir toxumtəmizləmə qurguları ilə toxumların təmizlənməsi, dərmanlanması qablaşdırılması prosesi ilə əyani tanış olmaq, fermerlərlə fikir mübadiləsi aparmaq və fermerlərin sertifikatlı toxumlara marağının stumullaşdırılmasından ibarətdir. Regional müşavirədə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov çıxış edərək taxilçılığın və toxumçuluğun inkişafına göstərilən dövlət qayğısından, tətbiq olunan güzəştlərdən danışaraq toxumçuluğun kənd təsərrüfatının strateji bir sahəsi olduğunu və qarşıda duran əsas hədəfin fermerlərin keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına ödənilməsi olduğunu bildirib. İ.Cümşüdov daim fermerlərin yanında olmaq və onların qarşılaşdıqları problemlərin yerində həll olunmasını rəhbərlik tərəfindən qarşıya bir vəzifə olaraq qoyilduğunu diqqətə çatdırıb. Eyni zamanda Respublikada 12 Regional Toxum Sertifikatlaşdırma Mərkəzinin istifadəyə verildiyini və toxumun keyfiyyəti ilə bağlı analizlərin bu mərkəzlərin müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarında aprıldığını bildirərək fermerlərin bu laboratoriyaların potensial imkanlarından istifadə etmələrini məqsədəuyğun hesab edib.