Regional proqramlar Qobustan rayonunda uğurla icra edilib

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları respublikanın hər bir bölgəsində olduğu kimi Qobustan rayonunda da uğurla icra edilib. Ötən illər ərzində rayonda infrastrukturun yaradılması, əhalinin sosial problemlərinin həlli, işsizlik probleminin aradan qaldırılması, məşğulluq səviyyəsinin artırılması, eləcə də rayonun ümumi daxili məhsulunun həcmində baş verən artım belə deməyə əsas verir.

Əminliklə deyə bilərik ki, 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı da Qubustan rayonunda uğurla icra edilib və proqram çərçivəsində görülən işlər öz müsbət nəticələrini göstərib. Bunu2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarından da aydın görmək mümkündür. Hesabat dövrü ərzində görülən işlərə nəzər yetirdikdə aydın şəkildə görmək olur ki, 2018-ci ilin birinci yarısı Qobustan rayonu üçün çox uğurlu olub.

Dövlət Proqramı çərçivəsində əhalinin kommunal problemlərinin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə 2018-ci ildə Çuxanlı və Sündü kəndlərində 1 ədəd artezian quyusunun qazılması nəzərdə tutulub. Əhalinin təbii qaza və elektrik enerjisinə olan tələbatının ödənilməsi istiqamətində də xeyli işlər görülüb. Belə ki, rayonun kəndlərinə mərhələli şəkildə qaz xətləri çəkilib və əhali mavi yanacaqla təmin edilib. Rayonda əhali üzrə təbii qazla təminat 93 faizdir. Növbəti illərdə Cəngi, Qaracüzlü, Sədəfli və Təsi kəndləri də qazlaşdırılacaq. Rayon üzrə istehlak edilmiş təbii qazın dəyəri birinci yarımil ərzində 99,5 faiz ödənilib. Ümumi itki isə 8,5 faiz təşkil edir ki, bu da kifayət qədər yaxşı göstəricidir. Əhalinin keyfiyyətli və fasiləsiz təbii qazla təminatı daim diqqətdə saxlanılır.

Eyni zamanda köhnə elektrik xətləri yeniləri ilə əvəzlənib, yeni transformatorlar quraşdırılıb.  Ümumiyyətlə, daim əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı məsələləri nəzarətdə saxlanılmışdır. Bunun göstəricisidir ki, bu gün rayon əhalisi fasiləsiz elektrik enerjisi ilə təmin olunur. Birinci yarımildə rayonun bir sıra kəndlərində yararsız daşıyıcı elektrik xətt və dirəkləri dəyişdirilib, Qobustan şəhərində "Özünü daşıyan izolyasiyalı naqillərlə" kabelləşmə davam etdirilib.

Əhalinin içməli su ilə təminatı məsələləri artıq Qobustan şəhərində öz həllini tapıb.  Qobustan şəhərində hər bir ev 24 saat içməli su ilə təmin edilir. Növbəti mərhələdə Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərində də daxili şəbəkənin qurulması, Xilmilli, Sündü, Nardaran, Şıxzahırlı və  Cəyirli kəndlərində içməli su ilə təminatın yaxşılaşdırılması qarşıya məqsəd qoyulub. Onu da qeyd edək ki, cari dövrdə əhaliyə verilmiş suyun dəyəri 99,7 faiz, qeyri-əhaliyə verilmiş suyun dəyəri isə 110 faiz ödənilib.

Dövlət Proqramının uğurlu icrası nəticəsində   hesabat dövründə rayonun yerli gəlirləri üzrə mədaxil büdcə proqnozu 103,1 faiz icra edilib. Onu da qeyd edək ki, fiziki şəxslərin əmək haqlarından gəlir vergisi 1,9 faiz, hüquqi şəxslərin mənfəət vergisi 50,7 faiz artıqlaması ilə yerinə yetirildiyi, aksiz vergisi planlaşdırılmadığı halda 85,0 min manat toplansa da, torpaq icarə haqqı 39,1 faiz, hüquqi şəxslərin əmlak vergisi 35,9 faiz, sair daxilomalar 26,4 faiz, dövlət rüsumu 19,4 faiz, sadələşdirilmiş vergi 2,7 faiz, əlavə dəyər vergisi 6,1 faiz kəsrlə yerinə yetirilib. 

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində əhalinin sosial müdafiəsi, məşğulluq məsələləri də diqqətdə saxlanılıb. Bu ilin birinci yarısında Prezidentin tapşırığı ilə açılmış ictimai iş yerlərində 155  nəfər müvafiq işlə təmin olunub. Onu da qeyd edək ki, rayonda özəl təsərrüfatlarda da çoxsaylı müvəqqəti iş yerləri açılıb. Bu ilin 6 ayı ərzində rayonda 33 nəfər ailə özünüməşğulluq proqramına cəlb edilib. Xalçaçılıq emalatxanası, yeni xəstəxana binası və uşaq bağçasının istifadəyə verilmədi ilə rayonda       200-dən artıq təkcə bu müəssisələrdə daimi iş yeri yaranacaqdır ki, bu iş yerlərindən 90 faizi qadınlar üçün nəzərdə tutulur.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində təhsil və səhiyyə xidmətlərinin yaxşılaşdırılması istiqamətində də xeyli işlər görülüb. Belə ki, Cənab Prezidentin təşəbbüsü ilə ənənəvi hal almış əhalinin ümumi dispanzerizasiya, əhalinin sağlamlığının qorunması tədbirləri bu il də davam etdirilib. Ümumilikdə 24810 nəfər tibbi müayinəyə cəlb edilib . 1104 nəfər ambulator, 81 nəfər stasionar, 178 nəfər isə ixtisaslaşmış tibb müəssisəsinə göndərilib, 4 nəfər əməliyyat olunub.

Dövlət Proqramı çərçivəsində rayonda yaşıllıqların artırılmasına da xüsusi diqqət yetirilib. Birinci yarımildə Qobustan şəhərində, Təklə kəndində yol kənarında, "Aqrolizinq" ASC-nin Qobustan Regional Nümayəndəliyinin həyətində və yol kənarında, Cəngi kəndinin girişində salınan parkda, Bölgə Təcrübə Stansiyasının həyətində  ümumilikdə  5000-dən artıq müxtəlif növ ağac, 1500-dən artıq qızılgül əkilib.

Bildiyimiz kimi Qobustan rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir və Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Belə ki, 2018-ci ilin məhsulu üçün 30936 ha sahədə əkin həyata keçirilib ki, bundan 21164 ha buğda, 9772 ha arpadır. Qobustan rayonunda taxıl əkini sahəsində bu yüksək göstəricidir. Eyni zamanda, 736,0 hektardan artıq ərazidə digər yazlıqlar əkilib. Bu il aqrotexniki tədbirlərə ciddi əməl edilib,  yemləmə gübrələrindən düzgün və vaxtında istifadə olunub, alaq otlarına və siçanabənzər gəmiricilərə, sünbülqıranlara qarşı kompleks tədbirlər görülüb. Xüsusilə qeyd etmək lazımdır ki, siçanabənzər gəmiricilərlə sirayətlənmə çox yüksək səviyyədə olub. Artıq rayonda biçin işləri sürətlə aparılır. Ümumilikdə 20,0 min hektardan artıq sahədə biçin aparılıb, 45,0 min tondan artıq yüksək keyfiyyətli taxıl əldə edilib. Bu il 70,0 min tondan artıq taxıl əldə etmək qarşıya məqsəd qoyulub ki, bu da Qobustan rayonunun əkinçilik tarixində ən yüksək göstəricidir.

Rayonda heyvandarlıq sahəsində də bir sıra uğurlar əldə edilib. İribuynuzlu qaramalın baş sayı 0,4 faiz artaraq 30693 başa, o cümlədən inək və camışların baş sayı 0,6 faiz artaraq 11578 başa çatıb. Qoyun və keçilərin baş sayı 0,2 faiz artaraq 191054 başa, quşların baş sayı isə 5,8 faiz artaraq 93072 başa  çatıb. Nəticədə ət istehsalı 1,7 faiz, süd istehsalı 1,5 faiz, yumurta istehsalı isə 1,2 faiz artıb.

Dövlət Proqramı çərçivəsində rayonda aqroparkın salınmasına başlanılıb. Ərazidə 200 başlıq cins mal-qara fermasının tikintisinə başlanıb, əraziyə elektrik xətti çəkilir. Bundan başqa aqropark ərazisində  300 ha buğda, 400 ha arpa əkini aparılıb, biçin yekunlaşıb. Suvarma təşkil edilmədiyi üçün aqropark ərazisində məhsuldarlıq bir qədər aşağı olub.   Onu da qeyd edək ki, aqroparka 14 km məsafə yerləşən "Qozluçay" çayından kanalın çəkilməsi və su tutarının qurulması zəruridir. Əgər suyun əraziyə gəlməsi təmin edilərsə burada əlavə 2000 ha ərazinin əkin dövriyyəsinə cəlb edilməsi mümkündür.

Ötən dövr ərzində Qobustan şəhərində əhalinin sel sularından qorunması üçün son dərəcə vacib olan 4,0 min paqon metr yağış ötürmə kanalı çəkilib, 59,0 min kvadrat metr şəhərdaxili yola asfalt vurulub, 9,0 min paqon metr uzunluqda səkilər çəkilib, 300-dən artıq yeni işıqlandırma dirəkləri quraşdırıb.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında xüsusi qeyd edilən məqamlardan biri də bölgələrə özəl investisiyaların cəlb edilməsidir. Bu mənada özəl investisiyanın cəlb edilməsi hər bir rayon üçün prioritet məsələdir. 2018-ci ilin birinci yarımilində  Qobustan rayonuna3 milyon 231 min manat özəl investisiya cəlb edilib ki, bundan 640,0 min manatı kənd təsərrüfatı (aqropark), 510,0 min manat heyvandarlıq, 350,0 min manat mebel istehsalı, 390,0 min manat tikinti, 30,0 min manat ticarət, 850,0 min manat turizm, 461,0 min manat isə digər sahələrə qoyulmuş investisiyalardır. Bu sahədə işlər davam edir. Bu layihələr əsasında 76 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Dövlət Proqramı çərçivəsində regionlarda idmanın inkişaf etdirilməsi istiqamətində atılan addımlar, tikilib istifadəyə verilən idman qurğuları, Olimpiya İdman Kompleksləri ümumilikdə regionlarda idmanın inkişafına təkan verib. Bu mənada Qobustan rayonu da öncüllər sırasındadır. Belə ki, təkcə cari ilin birinci yarısında rayonumuzda idman sahəsində də bir sıra uğurlar əldə edilib. Belə ki, 4 beynəlxalq, 16 respublika, 14 zona yarışlarında  rayondan 379 idmançı iştirak edib və 53 qızıl, 29 gümüş, 48 bürünc olmaqla, ümumilikdə 130 medal qazanılıb.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31