Azərbaycan nümayəndə heyəti Avstriyada beynəlxalq konfransda iştirak edib
5 Sentyabr 2018 12:27 İqtisadiyyatAvstriyanın "SAATBAU" şirkətinin təşkilatçılığı ilə "Beynəlxalq Tarla Günü"nə həsr olunmuş konfrans keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin informasiya təminatı şöbəsindən bildirilib ki, konfransa dünyanın 20-dən artıq ölkəsinin nümayəndələri ilə yanaşı Azərbaycandan da nümayəndə heyəti qatılıb. Ölkəmizi bu tədbirdə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov və özəl toxumculuq şirkətinin nümayəndələri təmsil ediblər.
Tədbirin əsas məqsədi şirkət tərəfindən yaradılmış qarğıdalının sort/hibridlərinin əkin sahələrinə baxış keçirmək, qabaqcıl texnologiyanı öyrənmək, hibrid qarğıdalının alınma metodları ilə tanış olmaq və bu sahədə fikir mübadiləsi aparmaqdan ibarət olub. Tədbir çərçivəsində Qaynberq şəhərində yerləşən qarğıdalı istehsalı və toxumçuluğu üzrə ixtisaslaşmış ən müasir modern zavodun, həmçinin Leondunde şəhərində yerləşən "SAATBAU " şirkətinin toxumçuluq zavodunun fəaliyyəti ilə tanış olub, yeni yaradılmış hibrid qarğıdalının əkin sahələrinə baxış keçirilib.