Daşınmaz əmlakla bağlı xidmətlər sadələşdirilir
5 Sentyabr 2018 11:44 İqtisadiyyatArtıq dövlət rüsumu və xidmət haqqını onlayn qaydada hesablamaq mümkündür
Dövlət əmlakının idarə olunması ilə bağlı elan edilən əsas hədəflərdən biri də dövlət əmlakının idarə edilməsi və onun qorunub saxlanılması sahəsində beynəlxalq standartlara əsaslanan korporativ idarəetmə prinsiplərinin tətbiqidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" imzaladığı 2007-ci il 6 iyun tarixli Fərmana əsasən aidiyyati qurumlar tərəfindən dövlət əmlakının idarə edilməsində səmərəliliyin artırılması, dövlət əmlakının qorunub saxlanılması və istifadəsi üzərində dövlət nəzarətinin təkmilləşdirilməsi istiqamətində mütəmadi işlər həyata keçirilir. Eyni zamanda, dövlət əmlakının idarəedilməsində mütərəqqi metodların, informasiya texnologiyalarının, monitorinq üsullarının tətbiqini davam etdirilir. Belə ki, artıq Dünya Bankının tövsiyələri də nəzərə alınmaqla iri dövlət şirkətlərinə dair vahid məlumat bazası formalaşdırılıb. Müasir yanaşma və standartların tətbiq edildiyi bazanın yaradılması zamanı beynəlxalq təcrübə öyrənilib, effektiv araşdırmalar aparılıb. Adı çəkilən bazada kadr uçotu üzrə məlumatlar, maliyyə və mühasibat göstəriciləri, o cümlədən daşınmaz əmlaka dair informasiyalar yer alır. Məlumat bazasına iri dövlət şirkətləri tərəfindən onlayn rejimdə müvafiq məlumatları daxil etməyə imkan verən veb platforma yaradılıb. Bu platforma Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlər portalında yerləşdirilmiş və yekun forma hökumətə təqdim edilib. Bu informasiya sistemi vasitəsilə dövlət əmlakı daha səmərəli istifadə ediləcək, həmin müəssisələrdə korporativ idarəetmənin tətbiqi və onların maliyyə-təsərrüfat fəaliyyətində şəffaflıq artırılacaq. Hazırda bazada 20-dən çox dövlət müəssisəsinin məlumatları yerləşdirilib. Tam əhatəli, dəqiq, etibarlı və çevik qaydada yeniləşən bazaya gələcəkdə digər dövlət müəssisələrinin də inteqrasiyası həyata keçirilə bilər. Qeyd edilməlidir ki, səhmdar cəmiyyətlərdə ümumi yığıncaqların təşkili, müşahidə şuralarının, idarə heyətinin və təftiş komissiyalarının yaradılması istiqamətində də müəssisələrə metodiki köməkliklər göstərilir, müəssisələr tərəfindən maliyyə, o cümlədən digər zəruri hesabatların vaxtında təqdim edilməsi təmin edilir.Eyni zamanda, dövlət əmlakının idarə edilməsi və onun qorunub saxlanılması ilə bağlı xüsusi hesabatlar elektron müstəvidə təqdim edilir. Hesabata əsasən dövlət əmlakının istifadə vəziyyəti təhlil edilir, faktiki vəziyyəti müəyyənləşdirilir, o cümlədən onun qorunub-saxlanılması və səmərəli istifadəsi, bu sahədə nəzarətin gücləndirilməsi təmin edilir. Nəticədə hesabatın qəbulunda şəffaflıq, operativlik artırılır, optimallıq təmin olunur. 2018-ci il ərzində 5 minə yaxın dövlət müəssisə və təşkilatlarından illik xüsusi hesabatlar elektron qaydada yığılıb. Qeyd edilməlidir ki, hesabatlarda göstərilən məlumatların araşdırılmasına ehtiyac olduqda həmin müəssisələrdə monitorinqlər keçirilir. Cari il ərzində bu istiqamətdə 1000-dən çox monitorinq aktı təhlil edilib. Dövlət əmlakının idarə edilməsi sahəsində mühüm istiqamətlərdən biri də dividendlərin ödənilməsidir. Ötən il üzrə 20-dən çox səhmdar cəmiyyəti tərəfindən dividendlərin dövlət büdcəsinə ödənilməsi təmin edilib. Eyni zamanda belə müəssisələr tərəfindən səhmdarlara dividendlərin ödənilməsi ilə bağlı məsələlər də diqqətdə saxlanılır. Bu istiqamətdə tələb və şərtlərə dair səhmdarların ümumi yığıncaqlarında müvafiq qərarların qəbul edilməsi istiqamətində zəruri işlər aparılır. Həmçinin dövlətin payının (səhmlərinin) idarəedilməsi sahəsində beynəlxalq təcrübənin və yeni üsulların tətbiqi imkanları öyrənilməklə yanaşı həmin müəssisələrin fəaliyyəti üzrə təhlil işləri də mütəmadi olaraq həyata keçirilir.
Məhz görülən işlərin nəticəsində Azərbaycanda daşınmaz əmlakın kadastrı ilə bağlı xidmətlər sahəsində daha bir elektron xidmət istifadəyə verilib. İndi ölkə vətəndaşları, fiziki və hüquqi şəxslər əmlakla bağlı kadastra dair dövlət rüsumu və xidmət haqqını onlayn qaydada hesablaya bilirlər. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən "Kadastr kalkulyatoru" yaradılıb. Bu elektron xidmət sayəsində "Kadastr planlarının və yerquruluşu xəritələrinin tərtibi", eləcə də "Torpaqların inventarlaşdırılması və müayinə baxış aktlarının tərtibi" ilə bağlı tələb olunan xidmət haqqını və dövlət rüsumunu öyrənmək mümkündür. Bu isə öz növbəsində daşınmaz əmlakın kadastrı sahəsində göstərilən xidmətlərin daha da sadələşməsi deməkdir. Vətəndaşlar sənədləşdirmə üçün zəruri rüsum və xidmət haqqını öncədən öyrənməklə vaxtlarına qənaət edəcək. Xidmət bu sahədə şəffaflığın, çevikliyin artırılmasına, vətəndaş məmnunluğunun təmin edilməsinə imkan verir. Xidmət haqqının və dövlət rüsumunun əvvəlcədən dəqiq bilinməsi istifadəçilərin özləri üçün ən optimal variantı seçməsini və sənədləşdirməyə başlayıb-başlamamaqla bağlı istədiyi qərarı verməsini təmin edir. Bu yenilik vətəndaşa rahat və operativ qaydada kadastrla bağlı hüquqi əməliyyatları aparmaq üçün daha rasional imkanlar yaradır.
"Kadastr kalkulyatoru" sadə və məntiqi tərtib edildiyindən ondan istifadə qaydaları çox sadə və anlaşılandır. Xidmətdən istifadə etmək üçün komitənin elektron xidmətlər portalına (e-emdk.gov.az) daxil olmaq lazımdır. Daha sonra daşınmaz əmlakın kadastrı bölməsindən "Kadastr kalkulyatoru" seçilir. Xidmətdə "Kadastr planlarının və yerquruluşu xəritələrinin tərtibi", eləcə də "Torpaqların inventarlaşdırılması və müayinə baxış aktlarının tərtibi" əməliyyatları yer alıb. Daşınmaz əmlakın kadastr planlarını və yerquruluşu xəritələrini tərtib etmək istəyən şəxs xidmətə giriş etməklə tələb olunan məlumatları daxil etməlidir. Belə ki, torpağın uqodiyası, sahəsi, o cümlədən döngə nöqtələrinin sayı, torpaq sahəsinin hansı regionda yerləşməsi qeyd olunur. Bundan başqa torpağın hansı kateqoriyaya aid olduğu əks olunmalıdır. Belə ki, vətəndaş torpağın təyinatına uyğun olaraq kənd təsərrüfatı, həyətyanı və bağ sahəsi, su obyektləri, meşələr bölməsini seçməlidir. Eyni zamanda xidmətdə tikilinin sahəsi, mülkiyyətçilərin və tərtib olunan plan və ya xəritənin sayı da göstərilməlidir. Kadastr əməliyyatları vətəndaşın istəyindən asılı olaraq tezləşmə qaydası ilə də aparılır. Yəni, vətəndaş həmin əməliyyatı 3 və 7 iş günü ərzində də edə bilər.
Mülkiyyətçi torpaqların inventarlaşdırılması və müayinə baxış aktlarının tərtibini həyata keçirmək üçün tələb olunan dövlət rüsumu və xidmət haqqını da dərhal öyrənə bilir. Hesablamanı həyata keçirən zaman tələb olunan məlumatlar "Kadastr planlarını və yerquruluşu xəritələrini tərtib" xidmətindəki kimi analoji xarakter daşıyır. Belə ki, istifadəçi torpağın coğrafi və texniki göstəricilərini qeyd edir. Torpağın kateqoriyası, əhatə etdiyi sahəsi, parsellerin sayı və digər məlumatlar ekranda əks olunur. Bu xidmətdə də tezləşmə qaydası tətbiq edilir. Qeyd edilməlidir ki, torpaq kənd təsərrüfatı təyinatlıdırsa bu zaman həmin sahənin çox illik əkmələr və ya digər kateqoriyaya aid olduğu göstərilməlidir. Texniki inventarlaşdırma işləri zamanı daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğu, faktiki vəziyyəti, texniki göstəriciləri və tərkibi müəyyən edilir.
Alim