Azərbaycanda keyfiyyətli iqtisadi inkişaf modeli formalaşıb

Ölkənin artan iqtisadi qüdrəti vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlib

Ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ciddi uğurlar əldə edilib. Belə ki,  Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində son 15 ildə Azərbaycanın bütün dünya miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni keyfiyyətli inkişaf modeli formalaşıb. Həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan ötən müddətdə ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb. Ölkədə müasir çağırışlarla səsləşən, kreativ yanaşmalara geniş meydan verən sərbəst bazar iqtisadiyyatına transformasiya prosesi uğurla yekunlaşıb. Bəhs olunan dövrdə neft gəlirləri hesabına ölkənin maliyyə imkanlarının genişlənməsi fonunda aktiv şəkildə əsas kapitala kifayət qədər irihəcmli investisiyalar yönəldilib. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində   ölkəmiz sosial və iqtisadi infrastruktur quruculuğunda, özəl sektorun inkişafında, sənayeləşmədə, aqrar sektorun istehsal və ixrac imkanlarının genişləndirilməsində, makroiqtisadi sabitliyin təmin olunmasında, əhalinin rifah halının yaxşılaşmasında diqqətəlayiq uğurlara imza atıb. Həmçinin 2004-cü ildən start verilən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bölgələrin də  tarazlı şəkildə inkişaf etməsi və iqtisadi güc amilinə çevrilməsi ölkənin potensialının artmasına güclü impuls verib. 2004-2015-ci illər ərzində Azərbaycanda orta hesabla 10,6 faiz iqtisadi artım müşahidə edilib ki, bu da bütün dünya üzrə ən yüksək göstəricilərdəndir. Bu müddətdə respublikamızda ÜDM-in həcmində 6,5 dəfə artım olmuşdur ki, bunun da sayəsində Azərbaycan dünya ölkələri arasında 134-cü yerdən 79-cu pilləyə yüksəlib. Yeni neft strategiyasının uğurla reallaşdırılması ilə respublikamız  öz imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib və hər cəhətdən güclü dövlətə çevrilib. Cənubi Qafqaz iqtisadiyyatının 70 faizdən çoxunu özündə birləşdirən Azərbaycan regionda mühüm siyasi və iqtisadi əməkdaşlıq platformalarının yaradılmasının əsas təşəbbüskarı rolunda çıxış edir. Respublikamızın fəal iştirakı ilə həyata keçirilən enerji, infrastruktur və digər layihələr bütövlükdə regionun inkişafında mühüm rol oynayır. Artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verən nüfuzlu bir ölkəyə çevrilib. Azərbaycanın fəal təşəbbüslər irəli sürdüyü və hər cür dəstək verdiyi enerji layihələri ölkəmizin region və Avropa İttifaqı məkanı üçün önəmini artıran faktorlar qismində çıxış edir. Əldə edilən iqtisadi naliyyətlər vətəndaşların sosial-rifah halının yüksəlməsinə xidmət edir. Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, Azərbaycanda sürətli inkişaf təbii olaraq dövlət quruculuğunun bütün sahələrində, o cümlədən sosial sferada da özünü   ciddi şəkildə ifadə edir. Onun bildirdiyinə görə, hazırda ölkəmizdə  çox mühüm sosial proqram və layihələr həyata keçirilir. Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb: "Ölkəmizin dövlət büdcəsi də bu prinsiplərə uyğun olaraq formalaşdırılır. Belə ki, büdcənin 30 faizə qədəri sosial məsələlərə yönəldilir ki, bu da ölkəmiz üçün tamamilə məqbuldur. Sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir". Milli Məclisin deputatı Kamilə Əliyeva qeyd edib ki, Azərbaycanın ötən dövr ərzində böyük inkişaf yolu keçməsi, ilk növbədə, həyata keçirilən düzgün iqtisadi siyasətlə əlaqədardır. K.Əliyeva bildirib ki, Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən siyasi və iqtisadi kursun məntiqi nəticəsidir. Onun sözlərinə görə, bu siyasət müasir dünya iqtisadiyyatının tələblərinə müvafiq olmaqla ölkəmizin tərəqqisini təmin edir: "Makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın şaxələndirilməsi, bir sözlə, bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Xüsusilə Azərbaycan zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib. Şübhəsiz ki, sürətli iqtisadi inkişaf vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasında əks olunur. Xüsusilə də yoxsulluğun aşağı salınması və əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən fundamental tədbirlər bu istiqamətdə qarşıya qoyulan məqsədlərin təmin olunmasında əhəmiyyətli rol oynayır". Deputat İlham Məmmədov deyib ki, Prezident İlham Əliyevin yaratdığı yeni makroiqtisadi platforma və inkişaf formulu Azərbaycanın son illər proqressiv meyillərlə irəliləməsinin əsas konseptlərini təşkil edib. İ.Məmmədov bildirib ki, son 15 ildə həyata keçirilən davamlı siyasi konsepsiya ölkəmizin yeni iqtisadi model yaratmasına gətirib çıxarıb. Onun sözlərinə görə, bu gün Azərbaycan dövləti istər dayanıqlı iqtisadiyyatına, istərsə də regionların qısa zaman kəsiyində böyük inkişafına görə dünyaya yeni bir model təqdim edir: "Prezident İlham Əliyevin müəllifi olduğu bu iqtisadi model Azərbaycanın son illərdə davamlı sıçrayışlı inkişafını təmin edib və yeni nailiyyətlərə zəmin yaradıb. Regionların inkişafı Azərbaycanın iqtisadi diversifikasiya siyasətinin ön komponenti olmaqla yanaşı, yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar, innovativ iqtisadiyyata hazırlıq, kreativ quruculuq və digər sistemli hədəflərin reallaşmasında mühüm bir dövlət siyasətinin tərkib hissəsini təşkil edir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31