"Azərbaycana din və elm adı altında casuslar göndərilir"-Deputat

"Ayrı-ayrı adlar altında müxtəlif şəxslərin digər ölkələrə casusluq fəaliyyəti ilə göndərilməsi də məhz miqrasiya çərçivəsində həyata keçirilir". "Olaylar" xəbər verir ki, bunu parlamentin bugünkü iclasında çıxışı zamanı Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib: "Biz dəfələrlə görmüşük ki, Azərbaycana din pərdəsi altında, elm pərdəsi altında, kitab satmaq pərdəsi altında, başqa-başqa üsul və vasitələrlə guya mütəxəssis kimi şəxslər göndərilir. Lakin əslində onlar burada antidövlət fəaliyyəti ilə məşğul olur, qruplar yaradır, dövlətin əleyhinə müxtəlif cinayət əməlləri hazırlayırlar. Təbii ki, onlar təhlükəsizlik orqanlarımız tərəfindən ifşa olunurlar. O baxımdan mən hesab edirəm ki, biz miqrasiya ilə bağlı təkcə bu qanunda deyil, bütövlükdə qanunvericiliyimizdə onun müxtəlif kateqoriyalarını ciddi şəkildə möhkəmləndirməliyik. Onların yoxlanılması prosesi, burada qalma müddəti və digər məsələlər nəzərə alınmalıdır. Burada, təbii ki, investisiya qoyanlar və ya burada yatırımları olan, rezidentləri yaşayan şəxslərin gəlib fəaliyyətlərini davam etdirə bilmələri də göstərilib.

Onun sözlərinə görə, böyük dövlətlər beş, altı, on, iyirmi belə rezident yarada və öz agentlərini ölkəmizdə yerləşdirə bilərlər: "Biz 100 min və ya 500 min vəsait nəzərdə tutmuşuq. Bu vəsait elə də böyük deyil. O dövlətlərin elə imkanları var ki, bir gün ərzində həmin məbləğdən 10 dəfə artıq vəsait yatıra və öz rezidentlərini burada yerləşdirə bilərlər ki, onlar antidövlət fəaliyyəti ilə məşğul olsunlar. Cənab Prezidentin YAP-ın qurultayında qeyd etdiyi kimi, ayıq-sayıq olmalıyıq. Əsas odur ki, əsl mütəxəssislər gəlsin və onlardan yeni-yeni tələbələr yetişsin. Lakin gəlib burada kimlərisə başqa ad altında yetişdirəcəklərsə, belə mütəxəssislərə ehtiyacımız yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31