Baytarlıq Xidməti yoxlama keçirir
9 İyul 2018 13:53 İqtisadiyyatKənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsini icra edən Bayandur Rzayev Ağcabədi, Bərdə və Tərtər rayonlarına səfər edib. Səfərin məqsədi heyvan xəstəliklərinə qarşı aparılan profilaktik peyvəndləmə, şəffaflığın təmin edilməsi proseslərinə nəzarət və fərdi təsərrüfat sahibləri ilə görüşlərin keçirilməsi olub.
Nazirlikdən "Olaylar"a bildirilib ki, səfər çərçivəsində keçirilən görüşlərdə B. Rzayev heyvanların sağlamlıq vəziyyətinə dair aparılan baytarlıq tədbirlərinin keyfiyyəti, ölkənin epizootik sabitliyinin qorunması, heyvanların cins tərkibinin yaxşılaşdırılması, yeni innovasiyaların tətbiqi, müasir heyvandarlıq komplekslərinin yaradılması və genişləndirilməsi barədə danışıb. Bölgələrə səfərin əsas məqsədlərindən biri baytarlıq idarələri tərəfindən aparılan müalicə-profilaktika və dezinfeksiya tədbirləri ilə yerində tanış olmaq, dövlət tərəfindən heyvanlar üçün verilən peyvənd vasitələrinin "soyuq zəncir" prinsipinə uyğun yerlərə çatdırılaraq şəffaf formada tətbiqinə nəzarət, isti yay günlərində heyvanların saxlanılmasında baytarlıq-sanitariya tələblərinə əməl etmək, eləcə də yerlərdə çalışan baytarlıq mütəxəssislərinin iş şəraiti, təminatı və təhsil səviyyələri ilə yaxından tanış olmaqdır. Səfər çərçivəsində Bayandur Rzayev Bərdə rayonunun Türkmən kəndində yerləşən Şəhriyar adına fermer təsərrüfatda olub, heyvanların saxlama, yemləmə, sağım və doğum şəraiti və müxtəlif xəstəliklərə qarşı aparılan peyvəndləmə təbirləri ilə tanış olub, təsərrüfat sahibləri ilə görüş keçirib.Rzayev təsərrüfat sahiblərinin müraciətlərini, arzu və təkliflərini dinləyib, heyvanların sağlamlığının təmin edilməsi ilə bağlı müvafiq tövsiyələr verib.