Regional proqramlar əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayıb

2004-cü ildən uğurla həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində hər bir sahədə olduğu kimi əhalinin elektrik enerjisinə olan tələbatının ödənilməsi istiqamətində də müsbət dəyişikliklərə, irəliləyişlərə səbəb olub. Ötən illərdə əldə edilən nəticələr belə deməyə əsas verir. Əldə edilən uğurlarla yanaşı qarşıda duran vəzifələr, məqsədlər də var ki, onların da reallaşdırılması istiqamətində müvafiq addımlar atılır.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda qeyd edildiyi kimi, bu proqram Azərbaycan Respublikası regionlarının inkişafı istiqamətində ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla gerçəkləşdirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib. Dövlət Proqramları çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı, o cümlədən elektrik enerjisi sistemində mühüm tədbirlər həyata keçirilib.

Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya əsasında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə enerji təhlükəsizliyi sahəsində müdrik siyasət həyata keçirilib. Nəticədə, "Azərenerji" ASC tərəfindən bu dövr ərzində iqtisadi inkişafın tələblərini və əhalinin elektrik enerjisinə olan tələbatını təmin etmək istiqamətində iqtisadi rayonlar üzrə ümumi gücü 2300 meqavatdan artıq müasir texnologiyaların tələblərinə cavab verən 20-yə yaxın elektrik stansiyası tikilib, 10 minlərlə km elektrik verilişi xətləri və bir çox yarımstansiya tikilmiş və ya yenidən qurulub.

Məhz bu davamlı inkişaf konsepsiyasının tərkib hissəsi olan Dövlət Proqramından irəli gələn vəzifələrin və funksiyaların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün "Azərenerji" ASC hər il tədbirlər planına uyğun olaraq kompleks işlər görür.

Hazırda isə "Azərenerji" ASC bu Dövlət Proqramında qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirmək üçün ölkənin enerji sistemində yeni güclərin yaradılması, yeni istilik və su elektrik stansiyalarının tikintisi, ötürücü şəbəkələrin tikintisi və yenidən qurulması, regionlarda mövcud enerji bloklarının modernizasiyası işlərinin davam etdirilməsi kimi layihələr üzərində işləyir.

Məlumdur ki, respublikamızın enerji təklükəsizliyinin daha da möhkəmləndirilməsi, bu sahədə səmərəliliyin və dayanıqlığın daha da gücləndirilməsi nöqteyi-nəzərindən yaxın və uzaq perspektiv üçün ölkədə elektrik enerjisi hasilatının artırılması, şəhər və rayonların elektrik enerjisi təminatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi, o cümlədən yüksək gərginlikli elektrik verilişi xətlərinin tikintisi və yenidən qurulması işlərinin həyata keçirilməsi vacib əhəmiyyət kəsb edir.

"Azərenerji" ASC hər il olduğu kimi, bu il də "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" üzrə işləri tədbirlər planına uyğun davam etdirməkdədir.

Bunun əyani sübutu kimi digər energetika müəssisələrində olduğu kimi Gəncə Regional Elektrik Şəbəkəsinin (REŞ) xidməti ərazisində də istismar səviyyəsinin daha da yaxşılaşdırılması, dayanıqlığın artırılması istiqamətində görülən işləri göstərmək olar. Belə ki, ötən illərdə bu istiqamətdə işlər davam etdirilib. O cümlədən, 500 kV-lik Samux yarımstansiyasında 330 kV-lik  3-cü Samux və 4-cü Mingəçevir hava xəttinin şin ayrıcıları, 1-ci Alüminiumzavod və 2-ci Samux hava xəttinin şin ayrıcıları təmir olunub. Bu dövrdə 330 kV-lik Gəncə yarımstansiyasında 330 kV-lik 4-cü Ağstafa, 1-ci Goranboy, 2-ci Samux, 110 kV-lik  1-ci və 2-ci Yenikənd, 1-ci və 2-ci Şəmkir, 2-ci Mərkəz, 1-ci və 2-ci Veyisli hava xəttlərinin eleqaz açarları və cərəyan transformatorları təmir olunub. Eyni zamanda, 110 kV-lik 1-ci və 2-ci sistem şininin gərginlik transformatoru və boşaldıcılar təmir olunub. Hazırda 10 kV qapalı paylayıcı qurğunun tikintisi davam etdirilir.

Elektrik Enerjisinin Ötürülməsi İdarəsinə istinadən qeyd edək ki, bu dövr ərzində 330 kV-lik Aliminiumzavod, Gəncə-1, Ağstafa və digər bir neçə yarımstansiyalarda da müxtəlif təyinatlı təmir işləri həyata keçirilərək onların dayanıqlığı daha da yüksəldlib.

Bütün bunlarla yanaşı bu dövrdə Gəncə REŞ-in 110 kV-lik və ondan yuxarı gərginlikli hava elektrik verilişi xətlərində də yenidənqurma və təmir işləri aparılıb.  Ümumilikdə, müxtəlif gərginlikli elektrik verilişi xətlərində naqillər dəyişdirilmiş və izolyatorlar isə yenisi ilə əvəzlənib.

Görülmüş işlər enerji sistemin dayanıqlığının daha da möhkəmləndirilməsi, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması ilə yanaşı, respublikamızın qərb bölgəsində enerjitəchizatı müəssisəsinə daha da keyfiyyətli elektrik enerjisinin ötürülməsinə imkan yaradıb.

Qeyd edək ki, Gəncə REŞ təmir-bərpa işləri zamanı yeni texnologiyaların tətbiqinə üstünlük verir.

Paralel işlər Mingəçevir Regional Elektrik Şəbəkəsində də davam etdirilib. Belə ki, şəbəkəninbalans mənsubiyyətinə aid olan 110 kV-lik "Böyük Haramı" yarımstansiyasının gücü artırılıb. Belə ki, bu yarımstansiyada gücləri 16 MVA olan 1 və 2 saylı transformatorların hər biri 25 MVA olan iki transformatorlarla əvəz edilib.

Eyni zamanda ötən ilin son beş ayı ərzində Mingəçevir REŞ-in tabeliyindəki 220 kV-lik Ağsu, 110 kV-lik Şəhər, Bərdə, Şükürbəyli və digər bir neçə yarımstansiyalarda müxtəlif təyinatlı təmir-bərpa işləri həyata keçirilib.

Ümumilikdə isə, ötən ilin son beş ayı ərzində Mingəçevir REŞ-in strukturuna daxil olan yarımstansiyalarda müxtəlif gərginlikli 5 ədəd transformator, 220 kV-lik 4 ədəd, 110 kV-lik 28 ədəd, 35 kV-lik 14 ədəd və 10 kV-lik 38 ədəd yağ və eleqaz açarları təmir edilərək normal iş rejiminə gətirilib. Bütün bunlarla yanaşı bu dövrdə transformatorlarda yağların səviyyəsinin tənzimlənməsi məqsədilə 5,3 tona yaxın transformator yağı istifadə olunub.

Səhmdar Cəmiyyətin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən o da bildirilir ki, respublikanın enerji sistemi üçün son dərəcə strateji əhəmiyyətə malik olan 1-ci və 2-ci Abşeron, 1-ci, 2-ci və 6-cı Mingəçevir elektrik verilişi xətləri xüsusi diqqət mərkəzindədir.

Bu dövrdə Mingəçevir REŞ-in xidməti ərazisində olan 110 kV-lik və ondan yuxarı gərginlikli elektrik verilişi xətlərində müxtəlif təyinatlı təmir-bərpa işləri həyata keçirilib. Buraya izolyatorların və naqillərin dəyişdirilməsi, ilgəklərin (şleyflərin) və dayaqlarda torpaqlama konturlarının təmiri, xəttin trassasının yaşıl kütlədən təmizlənməsi və digər görülən işlər daxildir.

Görülən işlər Tədbirlər Planına uyğun olaraq müntəzəm xarakter daşıyır və bunlar ölkə enerji sisteminin stabil və dayanıqlı iş rejiminin təmin edilməsində mühüm amillərdən biri hesab olunur.

Qeyd edək ki, Mingəçevir REŞ-də aparılan təmir-bərpa işləri zamanı yeni texnologiyaların tətbiqinə üstünlük verilir.

Ümumiyyətlə, son illər ölkə iqtisadiyyatının bütün sahələri kimi elektroenergetika sistemi də ən müasir tələblər səviyyəsində yenidən qurulub, bu istiqamətdə köklü dəyişikliklər aparılıb. Xüsusilə qeyd edilən işlər Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqrami çərçivəsində reallaşdırılıb. İcra edilən layihələr arasında yeni su elektrik stansiyalarının inşası, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması xüsusi əhəmiyyət daşıyır. Balakəndə yeni inşa edilən Su Elektrik Stansiyası da bu baxımdan böyük rol oynayır. Bu cür layihələrin icrası bölgələrin enerji təminatının gücləndirilməsində mühüm rol oynayır, eyni zamanda, regionların inkişafına təkan verməklə, əlavə iş yerlərinin açılmasına səbəb olur. Mütəxəssislərin araşdırmalarına görə, respublikanın müxtəlif bölgələrində dağ çayları və suvarma kanalları üzərində onlarla kiçik su elektrik stansiyasının tikintisini həyata keçirmək mümkündür. Kiçik su elektrik stansiyalarının tikintisi bir tərəfdən elektrik enerjisinin istehsalında yanacağa qənaət edilməsinə imkan verir, digər tərəfdən isə ətraf mühitə heç bir zərər yetirmədən istehlakçıları elektrik enerjisi ilə təmin edir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31