"Azərenerji” ASC: tarixi inkişaf yolu və strateji hədəflərə doğru"

Günümüzdə hər bir ölkə üçün enerji təhlükəsizliyinin təmin edilməsi əsas diqqət yetirilməli olan məsələlərdən biridir. Hətta bir qədər də irəli gedib enerji təhlükəsizliyinin milli təhlükəsizlik qədər önəmli olduğunu deyə bilərik. Bu gün tam əminliklə söyləyə bilərik ki, Azərbaycan öz enerji təhlükəsizliyini təmin edə bilir. Hətta günümüzdə Azərbaycan təkcə özünün enerji təhlükəsizliyini təmin etmək gücündə deyil, eyni zamanda Avropanın da enerji təhlükəsizliyinin təminatında mühüm faktorlardan, amillərdən biri rolunu oynayır.

Bu gün ölkə ərazisində elektrik enerjisinə olan tələbat tamamilə ödənilir. Eyni zamanda Azərbaycan qonşu ölkələrə də elektrik enerjisi ixrac etmək iqtidarındadır və yaxın qonşu ölkələrə Azərbaycan tərəfindən elektrik enerjisi ixrac olunur. Cari ilin sonuna qədər "Şimal-2" elektrik stansiyasının tikintisinin başa çatması ilə Azərbaycanın elektrik enerjisi ixrac etmək imkanı, potensialı daha da artacaq. Çünki sözügedən elektrik stansiyasının tikintisinin başa çatması Azərbaycana təxminən 400 meqavata yaxın əlavə elektrik enerjisi verəcək.

Qeyd etdiyimiz kimi bu gün Azərbaycan elektrik enerjisi ilə təminat məsələsində heç bir problemlə üzləşmir. Bunun isə başlıca səbəbi zamanında qeyd etdiyimiz istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsidir.  Azərbaycanın elektrik enerjisinin tarixinə qısa nəzər yetirdikdə bu mənzərəni aydın şəkildə görmək mümkündür.

Ölkəmizdə ilk dəfə elektrik enerjisindən istifadə və onun istehsalı təxminən XIX əsrə, Azərbaycanda neft çıxarılmağa başlandığı dövrə təsadüf etsə də, bu sahədə əsas inkişaf, irəliləyiş XX əsrin 60-70-ci illərindən sonra baş verdi. Düzdür, ona qədər də ölkədə elektrik enerjisinin istehsalı, ondan istifadə edilməsi, bu sahədə infrastrukturun yaradılması istiqamətində müəyyən işlər görülmüşdü. Ölkədə ilk dəfə 5-50 kilovatlıq elektrik stansiyasının quraşdırılması məhz Azərbaycanda energetikanın yaranması tarixinə təsadüf edir ki, o illərdə qeyd edilən gücdə elektrik stansiyalarının quraşdırılması neft mədənlərinin elektriklə təminatına hesablanmışdı. Sonrakı illərdə Azərbaycanda neft sənayesinin inkişafı elektrik enerjisinə olan tələbatı artırırdı ki, bu da yeni  elektrik stansiyalarının tikintisi, alternativ variantların axtarılıb tapılması zərurətini meydana çıxarırdı. 1898-ci ildə "Elektrik gücü" Səhmdar Cəmiyyətinin  yaradılması da bu məqsədə xidmət edirdi. Beləliklə, 1900-cu ilin mart ayında "Elektrik gücü" Səhmdar Cəmiyyəti Bakıda iki elektrik stansiyasının layihələşdirilməsi barədə qərar verir və həmin stansiyaların tikintisinə başlanılır.

XX əsrin əvvəllərində istismara verilən "Belqorod" və Bibi-Heybət İstilik Elektrik Stansiyaları o dövrdə Rusiyada ən böyük stansiyalardan hesab olunurdu. 1912-ci ildə hər iki stansiyanın genişləndirilməsi ilə Bibi - Heybət elektrik stansiyasının gücü 10800 kvt-a çatdı və iki il sonra hər iki stansiya arasında əlaqə yaradıldı. Təsadüfi deyil ki, həmin tarixi Azərbaycanda elektrik sisteminin yaranması tarixi kimi də xarakterizə edirlər. 1915-1917-ci illərdə Bibi - Heybət stansiyası artıq Rusiya ilə yanaşı, Avropada da ən faydalı stansiya kimi tanınırdı. Həmin illərdə stansiyanın ümumi gücü 47000 kvt-a çatdırılmışdı. Artıq regionlarda da elektrik stansiyalarının tikintisi zərurəti yaranırdı və məhz bu zərurətdən irəli gələrək 1913-cü ildə Gəncə, Şəki, Quba və Lənkəranda ümumi gücü 635 kvt olan bir sıra kiçik elektrik stansiyaları inşa olunmağa başlandı.

Qeyd etdiyimiz kimi Azərbaycanda hər bir sahə kimi elektrik enerjisinin inkişafı da məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır və bu sahədə inkişaf 1970-80-cı illərdən qeydə alınmağa başlayıb.  Həmin illərdə Azərbaycana rəhbərlik edən Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında Qafqazda ən iri istilik elektrik stansiyası olan "Azərbaycan" İstilik Elektrik Stansiyası (İES) inşa olundu ki, 2400 Mvt gücündə olan bu elektrik stansiyası hazırda milli energetika sisteminin ümumi generasiya gücünün 40 faizindən çoxunu təşkil edir. Paralel olaraq ölkədə istehsal edilən elektrik enerjisinin 50 faizindən çoxu da məhz bu stansiyanın payına düşür.

Bu illərdə ümumi gücü 22 Mvt olan Araz SES, ümumi gücü 50 Mvt olan Tərtər SES, 1982-ci ildə isə ümumi gücü 380 Mvt olan Şəmkir SES, eləcə də 330kV-luq "Əli Bayramlı" İES-,  "Ağdam"-"Gəncə"-"Ağstafa", Əli Bayramlı-Yaşma-Dərbənd, 5-ci Mingəçevir, 500kV-luq 1-ci və 2-ci Abşeron, Muxranis-Vəli və s. kimi elektrik verilişi xətləri, "Hövsan", "Nizami", "Müşfiq", "Səngəçal", "Masallı", "Ağsu", "Babək" və digər qovşaq yarımstansiyaları istismara verilməsi ölkəmizin elektrik enerjisi ilə təminatı məsələsində  atılan məqsədyönlü və gələcəyə hesablanmış addımlar idi.

Keçmiş SSRİ-nin dağılmasından və müttəfiq respublikaların özlərini müstəqil elan etməsindən sonra hər bir ölkə kimi Azərbaycanda da yaşanan mənfi tendensiyalar, müxtəlif sahələrdə müşahidə edilən problemlər elektrik enerjisi ilə təminat, eləcə də onun istehsalı və istismarında çətinliklər yaratmışdı.  Təkcə regionlar, iri şəhərlər deyil, hətta paytaxtın ətraf rayon və qəsəbələrini belə fasiləsiz elektrik enerjisi ilə təmin etmək qeyri-mümkün idi. Bu bir tərəfdən elektrik enerjisi istehsalının mövcud tələbata uyğun olmamasından qaynaqlanırdısa, digər tərəfdən elektrik enerjisi sisteminin müasir tələblərə uyğun olmaması, bu sahədə uzun illərdən bəri yenidənqurma işlərinin aparılmaması ilə əlaqədar idi. Ona görə də ümummilli liderin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra gördüyü ilk işlərdən biri də bərbad vəziyyətdə olan elektrik enerjisi sisteminin yenidən və müasir texniki tələblərə uyğun şəkildə qurulması oldu. Ölkənin elektrik enerjisi sisteminin Avropa standartları səviyyəsinə çatdırılması, daxili enerji tələbatının tam ödənilməsi və qonşu ölkələrə elektrik enerjisi satışının artırılması bu baxımdan qarşıda duran mühüm məsələlərdən idi. Hətta Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı bu məsələ ətrafında fikir mübadiləsi aparır, Avropa təcrübəsinin ölkəmizdə tətbiqinə diqqət yetirirdi. Bu baxımdan ümummilli liderin 1995-ci ilin dekabr ayında İngiltərəyə səfəri zamanı Yenikənd SES-in tikintisi üçün Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən kreditin ayrılmasına nail olması və həmin kredit hesabına ümumi gücü 150 Mvt olan Yenikənd SES inşa edilməsi müstəqillik dövründə elektrik enerjisi sisteminin müasir standartlara uyğun qurulması istiqamətində atılan ilk səmərəli addımlardan idi. Sonrakı illərdə Avropa Yenidənqurma və İnkişaf Bankı və İslam İnkişaf Bankından ayrılmış kredit çərçivəsində Mingəçevir SES-in yenidən qurulması, 330kV-luq Ağcabədi, 110kV-luq Bərdə yarımstansiyalarının və 330kV-luq Azərbaycan İES-Ağcabədi-İmişli EVX-nin inşası, Almaniyanın "Bayerişe Landesbank Eirosentrale" Bankının krediti hesabına Bakı İEM-də hər birinin gücü 53,5 MVt olan iki qaz-turbin qurğusu, Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankının krediti hesabına isə "Şimal" ES-də 400 MVt-luq buxar qaz qurğusu istismara verilməsi Heydər Əliyevin müstəqillik dövründə ölkənin elektrik enerjisi sisteminin müasirləşdirilməsi, inkişaf etdirilmsinə verdiyi ən dəyərli töhfələrdəndir. Ümumiyyətlə, Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə 3500 MBt-a yaxın generasiya gücü işə salınıb.

Azərbaycanda elektrik enerjisi sisteminin yenidən qurulması, bu sahədə istehsalın artırılması, ölkəmizin elektrik enerjisi ixracının çoxalması istiqamətində məqsədyönlü tədbirlər hazırda da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü və uğurlu siyasət nəticəsində ölkənin elektrik enerjisi yenidən qurulub, ölkədaxili və Azərbaycanı xarici ölkələrlə birləşdirən magistral elektrik xətləri yeniləşdirilib, şəhər və rayonlarda onlarla böyük və kiçik elektrik stansiyaları tikilib. Bu baxımdan Astara, Şəki, Xaçmaz və Naxçıvanın hər birində 10 aqreqat, Bakı şəhəri və Qubanın hər birində 12 aqreqat, Səngəçalda isə 18 aqreqat olmaqla 7 elektrik stansiyasının tikilib istifadəyə verilməsi xüsusi qeyd edilməlidir. Bu illər ərzində Sumqayıt şəhərində gücü 525 MVt olan istilik elektrik stansiyasının təməli qoyuldu,  "Azərbaycan" İES-in beşinci və dördüncü enerji bloklarında uğurla həyata keçirilən yenidənqurma işləri nəticəsində blokların hər birinin gücü 330 MVt-a çatdırıldı.

Milli energetikamızda yeni eranın başlanğıcı dövlət başçısının  "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı" və "Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər" haqqında Sərəncamı ilə qoyuldu desək yanılmarıq. Sözügedən Dövlət Proqramı on il ərzində ölkənin yanacaq enerji resurslarına olan tələbatını tam ödəməklə bərabər, bu sahənin yenidən qurulmasını, müasir avadanlıqlarla təchizatını nəzərdə tuturdu.

Dövlət Proqramı ilə yanaşı, bu problemlərin aradan qaldırılması məqsədilə Asiya İnkişaf Bankının köməyi əsasında 2006-cı ildə "Enerji Ötürülməsinin Yaxşılaşdırılması" layihəsi hazırlanıb, layihə çərçivəsində elektrik enerjisi təchizatının keyfiyyətini yüksəltmək və itkiləri azaltmaq üçün elektrik şəbəkələrinin bərpası, alternativ və bərpa olunan enerjinin inkişafı, enerji səmərəliliyi və enerjiyə qənaətin artırılması istiqamətində genişmiqyaslı işlərə start verilib. Görülən tədbirlər, Dövlət Proqramının uğurla icrası nəticəsində son illərdə ölkənin elektrik enerjisi ilə təminatı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Belə ki, son illər ərzində regionlarda ümumi gücü 2000 MVt-a yaxın 17 elektrik stansiyası, 10 min km-dən çox elektrik verilişi xətləri və 1500-dən artıq yarımstansiya tikilib, yaxud yenidən qurulub.

Dövlət başçısı hər bir sahənin təmsilçisi kimi elektrik enerjisi sistemi, bu sahədə çalışanlara da xüsusi diqqət və qayğı ilə yanaşır, onların əməyini yüksək qiymətləndirir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli 446 saylı sərəncamı ilə oktyabrın 20-nin "Energetiklər Günü" kimi təsis edilməsi  xüsusi qeyd olunmalıdır. Prezident İlham Əliyevin məlum sərəncamı ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsi idi. Məhz bu diqqət və qayğının nəticəsidir ki, ölkə energetikləri də onlara göstərilən etimad, diqqət və qayğının yüksək səviyyədə doğruldur, elektrik enerjisi istehsalında beynəlxalq təcrübədən yararlanaraq hər il yeni-yeni uğurlara imza atırlar.  

İstehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchizatı məsələsi də energetikıərin qarşısında duran mühüm vəzifə olduğundan müntəzəm olaraq bu istiqamətdə yüksək nailiyyətlər özünü göstərir. Statistikaya görə, 2018-ci ilin may ayında "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1,657 milyard kilovat-saat olub ki, bu da 2017-cı ilin may ayı ilə müqayisədə istehsalda artım deməkdir. Belə ki, ötən ilin müvafiq dövründə bu rəqəm 1,519 milyard kilovat-saat  təşkil edib.

Süleyman İsmayılbəyli

"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31