Kreditlərin alternativ yolla qaytarılması mexanizmi

Borcların məhkəməyə qədər ödənilməsi necə təmin oluna bilər?

Borcların məhkəməyə qədər ödənilməsi necə təmin oluna bilər?

Ölkədə baş verən devalvasiyasından sonra  vətəndaşların böyük hissəsi kreditlə bağlı problemlərlə üz-üzə qalıb. Çünki manatın birdən-birə 35 faiz ucuzlaşması dollarla verilən kreditlərin ödənilməsində ciddi çətinliklər yaradıb. Ötən müddət ərzində isə vaxtı keçmiş kreditlərin ödənilməsi istiqamətində elə də ciddi addım atılmayıb. Nəticədə banklarla vətəndaşlar mövcud problemi məhkəmələr vasitəsilə həll etməyə üstünlük verir.Daha doğrusu, müflislşmək qorxusundan sığortalanmaq istəyində olan banklar müştərilərini məhkəməyə vermək məcburiyyətində qalıblar. Bu isə məhkəmələrin əsas işinin borcalanlarla borcverənlər arasında münasibətlərin tənzimlənməsinə gətirib çıxarıb. Məsələ orasındadır ki, məhkəmər tərəfindən çıxarılan qətnamələr adətən bankların xeyrinə olur və insanlar yenə də borcu ödəməkdə çətinlik çəkirlər. Hazırda sözügedən məsələ ilə bağlı məhkəmələrdə kifayət qədər işlərin olduğu bildirilir. Onu da qeyd edək ki,  vətəndaş kredit üzrə ödənişləri həyata keçirə bilmədikdə bank borcgötürənə ödənilməmiş kredit borcuna görə məsuliyyət daşıdığını xatırlatmaq üçün müxtəlif cərimə üsullarından istifadə etməyə başlayır. Belə ki, bankların tətbiq etdikləri ilkin cərimə tədbirlərindən biri kredit borcunun ödənişini gecikdirən zaman hesablanan cərimə və penyalardır. Penyalar hesablanma qaydasına görə bir-birindən fərqlənir. Belə ki, onların bəziləri borcun məbləği, bəziləri isə kredit vəsaitlərinin ilkin həcmi əsasında hesablanır. İstənilən halda, uzun müddət ərzində heç bir ödəniş həyata keçirilməzsə, o zaman cərimə məbləğində ciddi artım müşahidə oluna bilər. Əgər borcalan artıq uzun müddətdir ki, kredit borcunu ödəməkdən imtina edirsə, o zaman bank bu məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə borcalanın günahkar olduğunu müəyyən etsə, o zaman onun əmlakı müsadirə olunacaq və bazar qiymətindən daha ucuz qiymətə satılacaq. İlk növbədə, banka girov qismində təqdim edilən əmlak satışa çıxarılır. Əgər şəxs kredit müqabilində banka girov qismində heç bir əmlak təqdim etməyibsə, o zaman məhkəmə icraçıları onun pul vəsaitlərini (bankdakı hesab və nağd pullar) müsadirə edəcəklər. Bundan əlavə, həmin şəxsin mülkiyyətində olan avtomobil və digər əmlak növləri də ödəniş qismində təqdim oluna bilər. Əgər əmlakın müsadirəsindən sonra şəxs yenə də banka borclu qalırsa, o zaman o, borcun yerdə qalan hissəsini öz aylıq maaşından ödəmək məcburiyyətindədir. Məhkəmənin qərarına əsasən, həmin şəxs hər ay əmək haqqının yarısını kredit borcunun ödənilməsinə sərf etməlidir. Digər təsir mexanizmi şəxsin ölkə hüdudlarını tərk etməsi ilə bağlı qadağanın tətbiqidir ki, son vaxtlar bu metoddan istifadə halları artıb. Belə ki, məsələ məhkəmə ilə həll olunacaq qədər ciddi xarakter alıbsa, o zaman borcalanın ölkə hüdudlarını tərk edərək başqa bir ölkəyə getməsi qadağan olunacaq. Sözügedən qadağa həm turizm, həm də qohum və tanışlarla görüşmək məqsədilə təşkil olunan səfərlərə aiddir.

Maraqlıdır, bəs məhkəməyə qədər borcların ödənilməsi hansı qaydada həyata keçirilə bilər?   Əvvala qeyd edək ki,  bütün dünyada geniş yayılmış kredit sistemi Azərbaycanda da tətbiq edilməkdədir. Ancaq nədənsə, ölkəmizdə insanların banklar və kredit təşkilatlara olan borclarının həcmi artaqda davam edir. Sözügedən problem o qədər dərinləşib ki, artıq kreditlərin qaytarılması ilə əlaqədar məhkəmə çəkişmələrinin sayı xeyli artıb. Məhz bunun nəticəsidir ki, banklardan asılı vəziyyətdə qalan insanların   əmlakları allərindən alınır. Baxmayaraq ki, müasir dövrdə kredit şəklində verilmiş pul vəsaitlərinin geri qaytarılmasının alternativ üsullarla təmin olunması kifayət qədər geniş yayılmışdır.

Bunlardan biri borcun qaytarılmaması hallarına əsas borc və ona hesablanmış faiz borcu aid etmək olar. Bir çox inkişaf etmiş ölkələrdə bu cür borcların qaytarılması ilə bağlı məhkəməyə qədərki kollektor praktikası müsbət nəticələr verir. Kreditorlar, müştərilərin müqavilə öhdəliklərinin vaxtında yetirilməməsi nəticəsində onları birbaşa olaraq məhkəməyə vermək əvəzinə, onlarla özləri əlaqə yaradır və borcların sivil yolla qaytarılmasın təmin edirlər. Dünya praktikasına əsasən, borcun məhkəməyə qədər  qaytarılması prosesi 2 mərhələyə bölünür. Birinci mərhələ "soft collection" adlanır. İlkin mərhələdə borclu olan şəxslər borcların verilməsilə bağlı öhdəlikləri barədə məlumatlandırılır və ödənişin edilməsi faktı əsaslandırılır. Vaxtı ötmüş borcla işin ilkin mərhələsi borclu şəxslər və zaminlərlə distant əlaqədən ibarətdir (telefon zəngləri, SMS, xəbərdalıq məktublarının göndərilməsi). Bu mərhələdə borclu şəxslərin 40%-i borclarını qaytarır. İkinci mərhələ "hard collection" adlanır. Bura borclu şəxslər və zaminlərlə əlaqə proseduru daxildir (görüşlər, borclu şəxsin yaşayış, iş yeri üzrə axtarışı və s.). Təbii ki, tərəflər arasında razılaşma mümkün olmadıqda, kreditor borcluya qarşı borcun ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldıra bilər. Kreditorun lehinə çıxarılan və icraya yönəldilən məhkəmə qərarının icrası bilavəsitə məhkəmə icraçıları tərəfindən həyata keçirilir. Lakin bu cür yanaşma borclunun vəziyyətini bir qədər də ağırlaşdırır, çünki kreditor borcla yanaşı həm də hüquqi xidmət haqqını müştəridən tələb edəcək.

Borcların məhkəməyə qədər geri qaytarılması üzrə geniş yayılmış üsullardan biri də kollertor agentliyinə müraciətdir. Kollektor agentliyi kreditor və borclu şəxs arasında vasitəçilik rolunun oynayır və borcun qaytarılması üzrə aparılan işə görə kreditordan haqq olaraq müəyyən faiz alır. Ölkəmizdə bu cür faəliyyət göstərən ilk Kollektor agentliyi 2011-ci ildə yaradılmışdır. Ümumiyyətlə hesab edilir ki, ölkəmizdə kollektor fəaliyyətinin inkişafı həm borcluların öz borclarını vaxtında ödəməyə, bununla məhkəmələrin iş  yükünün azalmasına səbəb olmalıdır.  Borcların digər bir alternativ yolla ödənilməsi praktikası da mövcuddur ki, bu da əsasən hüquqi şəxslər arasında yaranan münasibətlərə aiddir. Belə ki, əldə edilən məhsul və ya xidmətlərə görə borcu yaranan hüquqi şəxs bunun əvəzini tərəflərin razılaşmasına əsasən, eyni qiymətdə xidmətlər təklif etməklə "ödəyir". Bu cür praktika borcun ödənilməsilə yanaşı, tərəflər arasındakı münasibətlərin yenidən bərpa olunmasına da zəmin yaradır.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31