Regional proqramlar yerlərdə məhsuldarlıq və istehsalı artırıb
8 İyun 2018 17:20 İqtisadiyyatAzərbaycanın inkişafında regionların da payı danılmazdır. Bu birmənalıdır ki, regionlar, əyalətlər inkişaf etmədən hər hansı bir ölkənin inkişafından danışmaq olmaz. Elə bu zərurətin nəzərə alınmasıdır ki, artıq 14 ildir Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları icra edilir. 2004-cü ildən icrasəna başlanan bu proqramlar artıq 14 ildir ki, davam edir və hər bir Dövlət Proqramı kimi icrası yekunlaşmaqda olan sayca III Dövlət Proqramı da uğurla icra edilməkdədir. Elə Dövlət Proqramnın ilk ilində regionlarda həyata keçirilən infrastruktur layihələri, görülən işlərin timsalında bunun əyani şahidinə çevrilirik.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edildi.
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynamaqla, ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb edir.
Sosial-iqtisadi inkişafında yeni mərhələdə olan ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı ilə əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində dövlətin məqsədyönlü siyasətinə uyğun olaraq Dövlət Proqramında bütün regionlarda mövcud potensialdan daha səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafı, kommunal xidmət və digər infrastruktur obyektlərinin, yeni istehsal və emal müəssisələrinin yaradılması, mövcud müəssisələrdə istehsal fəaliyyətinin genişləndirilməsi, rabitə və informasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi, sosial infrastrukturun yaxşılaşdırılması, o cümlədən müasir standartlara uyğun təhsil, elm, səhiyyə, mədəniyyət və idman obyektlərinin inşası, yenidənqurulması, əlillər və şəhid ailələri üçün yaşayış binalarının tikintisi üzrə kompleks tədbirlər nəzərdə tutulur.
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası, regionların sürətli inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi, xüsusilə kəndlərin inkişafı ilə bağlı infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasından ibarətdir.
Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində həyata keçiriləcək tədbirlər 2 səviyyədə müəyyənləşdirilmişdi.
Birincisi, ölkə əhəmiyyətli tədbirlər, ikincisi ölkənin iqtisadi və inzibati rayonları səviyyəsində həyata keçiriləcək tədbirlər.
Ümumilikdə, Dövlət Proqramının Tədbirlər Planında ölkə üzrə 1127 tədbir, o cümlədən ölkə əhəmiyyətli 43, iqtisadi və inzibati rayonlar üzrə 1084 tədbir nəzərdə tutulmuşdu. Dövlət Proqramının icrasına ölkə başçısının xüsusi diqqət və qayğısı nəticəsində 2014-cü ildə də regionlarda davamlı iqtisadi inkişaf təmin edilib, makroiqtisadi göstəricilərin daha da yaxşılaşmasına nail olunub.
Hesabat ili ərzində ölkə iqtisadiyyatında istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki illə müqayisədə 2,8 faiz artaraq 59,0 milyard manata çatıb, ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 6264,1 manat təşkil edib. Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 7 faiz arıb.
2014-cü il ərzində ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17,6 milyard manat vəsait yönəldilib . Ölkə üzrə həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi və iqtisadi sabitliyin qorunub saxlanması nəticəsində 2014-cü il ərzində 9,1 mindən çox yeni müəssisə və 100 mini daimi olmaqla 123 min yeni iş yeri yaradılıb.
Ümumilkdə, 2014-cü il ərzində ölkə əhalisinin gəlirləri əvvəlki illə müqayisədə 4,8% artaraq 39,4 milyard manata çatıb, onun hər nəfərinə düşən həcmi isə 3,5% artaraq 4180,5 manat təşkil edib.
Ölkə Prezidenti regionların sosial-iqtisadi inkişafını 2014-cü il ərzində də diqqət mərkəzində saxlayıb, Sumqayıt, Gəncə, Şirvan və Naftalan şəhərlərində, Qəbələ, Ağdaş, Neftçala, Şamaxı, Göygöl, Xızı, Bərdə, Beyləqan, Saatlı, İsmayıllı, Ağdam, Füzuli, Abşeron, Daşkəsən, Goranboy, Şəmkir və Sabirabad rayonlarında və Naxçıvan Muxtar Respublikasında bir sıra infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirak edib, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə tanış olmuş, yerlərdə ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirib.
Hesabat dövründə dövlət başçısının iştirakı ilə Sumqayıtda kağız və karton istehsalat kombinatının, yağ fabrikinin, mis emalı zavodunun, Gəncədə Detal Alüminium Kompleksinin alüminium yarımfabrikat istehsalı (metaltökmə və fasiləsiz yayma zavodu, təzyiqlə emal və boyama) zavodlarının, Ağdaş meyvə emalı və yem emalı, Lənkəranda və Şəmkirdə çörək istehsalı zavodlarının, Füzulidə tikiş fabrikinin, Naxçıvanda "Arpaçay-1" və "Arpaçay-2" Su Elektrik stansiyalarının, Ağdaşda 220 kilovoltluq "Ağdaş" elektrik yarımstansiyasının, Şəmkirdə su elektrik stansiyasının, Şəmkirdə Şəmkirçay su anbarının, Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin, Göygölə içməli suyun verilməsi layihəsinin, Goranboy şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin layihəsinin, Sabirabada içməli suyun verilməsi layihəsinin, Naxçıvan Beynəlxalq Hava Limanının və Ağdaşda Ləki dəmiryolu vağzalının, Daşkəsəndə avtovağzal kompleksinin yeni binalarının, Naxçıvan-Şahbuz-Batabat magistral, Gəncə dairəvi, Ağdaşda Ləki-Pirəzə-Xınaxlı, Beyləqanda Birinci Şahsevən-Əhmədli-Dünyamalılar, Füzulidə Əhmədalılar-Mollaməhərrəmli-Arayatlı-Babı kəndlərarası, Qəbələdə Mirzəbəyli-Çuxur Qəbələ-Dizaxlı-Çarxana, Goranboyda Goranboy-Yuxarı Ağcakənd, Sabirabadda Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yollarının, Saatlıda Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Bulaqlı-Bəhrəmtəpə hissəsinin, Şirvan şəhərində Kür çayı üzərində körpünün, Ağdamda 632 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin, Füzulidə işğal zamanı dağıdılmış evlərin və çoxmənzilli binaların, Gəncədə məcburi köçkünlər üçün yeni qəsəbələrin, Sabirabadda "ASAN xidmət" mərkəzinin, Beyləqanda, İsmayıllıda, Füzulidə, Gəncədə və Sabirabadda uşaq bağçalarının, Gəncə şəhərində 4 nömrəli tam orta məktəbin yeni korpusunun, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının, Göygöl Olimpiya İdman Kompleksinin, Beyləqan və Abşeronda şahmat məktəblərinin, Naxçıvan, Beyləqan və Göygöl Gənclər Mərkəzlərinin, Beyləqanda və Masazır qəsəbəsində inşa olunan stadionun, Daşkəsəndə Gənclərin Təlim və İstirahət Mərkəzinin, Gəncə, Ağdaş, Neftçala, Xızı, Göygöl, Daşkəsən, Goranboy və Abşeronda Heydər Əliyev Mərkəzlərinin, Gəncədə Nizami Gəncəvi Muzeyinin, Füzuli rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Qəbələ Arxeoloji Mərkəzinin, Abşeronda Musiqi məktəbinin,
Qəbələdə "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsinin, "Qafqaz Yengicə Terminal Hotel və SPA" otel kompleksinin, Şamaxıda "Şamaxı Palace Platinum By Rixos" və Naftalanda "Qarabağ SPA and Resort" otel komplekslərinin açılışı olub.
Dövlət başçısının müvafiq sərəncamları ilə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinə əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə 35 şəhər və rayonun 394 yaşayış məntəqəsində 550 subartezian quyusunun layihələndirilməsi və qazılmasına 34,5 milyon manat, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2,0 milyon manat vəsait ayrılmışdır.
Aqrar sahənin daha da inkişaf etdirilməsi məqsədilə dövlət tərəfindən investisiya layihələrinin reallaşdırılmasına, güzəştli kreditlərin verilməsinə xüsusi əhəmiyyət verilir və bu istiqamətdə fəaliyyət getdikcə genişlənir. Belə ki, Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2014-cü ildə aqrar sektorun inkişafı ilə bağlı 5366 layihəyə 244 milyon manat dövlətin güzəştli kreditləri verilmişdir ki, bu da əvvəlki illə müqayisədə layihələrin sayında 25,1 faiz, məbləğində isə 28,7 faiz artım deməkdir.
Əhalinin həssas qruplarının sosial müdafiəsi də 2014-ci il ərzində diqqət mərkəzində saxlanılmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 10,0 milyon manat vəsaitin ayrılması ilə bağlı 22 dekabr 2014-cü il tarixli Sərəncam imzalanıb.
Regionların sosial-iqtisadi inkişafı istiqamətində qarşıya qoyulmuş vəzifələrin 2014-cü il ərzində uğurla icrası ölkəmizin, o cümlədən regionların inkişafının daha da sürətlənməsini təmin edib, qarşıdakı illərdə də bölgələrin hərtərəfli və tarazlı inkişafı üçün əlverişli zəmin yaradıb.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir