Sahibkarlar tərəfindən Texniki Şuralara 167 müraciət daxil olub

2018-ci ilin may ayında sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN Xidmət” və “ASAN Kommunal” Mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralara sahibkarlar tərəfindən 167 müraciət daxil olub.

2018-ci ilin may ayında sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı "ASAN Xidmət" və "ASAN Kommunal" Mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralara  sahibkarlar tərəfindən 167 müraciət daxil olub.

Energetika Nazirliyindən "Olaylar"a verilən məlumata görə, bunlardan 156 müraciət təmin olunub, 11 müraciət isə təqdim edilmiş sənədlərdəki uyğunsuzluqlar səbəbindən icra edilməyib. Ümumilikdə icra olunan müraciətlər əsasında sahibkarlar tərəfindən 1800,24 kVt güc sifariş olunub və 504581,55 AZN qoşulma haqqı ödənilib.

Qeyd edək ki, Energetika Nazirliyinin rəsmi saytında yaradılmış "Xidmətlər" bölməsində əhali və qeyri-əhali abonentlərinin enerji təchizatı şəbəkəsinə qoşulması qaydaları yerləşdirilib ki, bu da sifarişçilərin texniki şərtlərin alınması ilə bağlı qaydalarla tanış olmasını asanlaşdırır. Hazırda 1 və 2 saylı  "ASAN Kommunal" mərkəzlərində, Sumqayıt və Gəncə şəhərlərindəki "ASAN Xidmət" mərkəzlərində Texniki Şuralar fəaliyyət  göstərməkdədir. Yaxın vaxtlarda digər regionlardakı "ASAN Xidmət" mərkəzlərində də Texniki Şuraların işə başlaması nəzərdə tutulub. Sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkələrinə qoşulması prosedurları isə vahid pəncərə sistemi üzrə 7-dən 3-ə, elektrik şəbəkəsinə qoşulma müddəti isə 69 gündən 24 günə endirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31