Regionların sosial-iqtisadi inkişaf proqramları rayonların yerli düdcəsinın gəlirlərini artırıb
7 İyun 2018 17:29 İqtisadiyyatRegionların sosial-iqtisadi inkişaf proqramlarının icrası respublikanın ayrı-ayrı rayonlarının inkişafına səbəb olub. Ümumilikdə ölkə qzrə müşahidə olunan iqtisadi inkişaf Naftalan rayonundan da yan keçməyib. Naftalan şəhər İcra Hakimiyyətindən bildirilib ki, ölkənin sosial-iqtisadi inkişafında əldə edilən uğurlarda kurort şəhəri Naftalanın da özünəməxsus payı var. Çünki şəhərin bütün sahələrdə inkişafının əsasını ölkə başçısının irəli sürdüyü proqramların və qarşıya qoyduğu vəzifələrin icrası təşkil edir. Məhz bu strateji vəzifələrin yerinə yetirilməsinin nəticəsidir ki, istər turizm, istərsə də şəhərin infrastrukturunda irimiqyaslı layihələr həyata keçirilmiş, böyük quruculuq işləri aparılmış və bu gün də davam etdirilir. Baş verən müsbət dəyişikliklər özünü statistik göstəricilərdə də əyani surətdə göstərir: "2017-ci ildə ümumi məhsul buraxılışı ötən hesbat ili ilə müqayisədə 28,9 faiz artaraq 23 mln 366,6 min manat, iqtisadiyyatın aparıcı sahəsi olan sənaye məhsulu xidmətlərinin həcmi 3,5 faiz artaraq 2 mln 160,2 min manat təşkil etmişdir. Əhaliyə 308,2 min manatlıq nəqliyyat xidməti göstərilmiş, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan ödənişli xidmətlərin həcmi 52,3 faiz artaraq 17 mln 817,3 min manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsinin həcmi 23 mln 297 min manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı isə 8,7 faiz artaraq 285 manat, hüquqi və fiziki şəxslərə göstərilən informasiya və rabitə xidməti keçən illə müqayisədə 14,3 faiz artaraq 215,8 min manat təşkil etmişdir. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatı məhsulunun payı 2 mln 19,8 min manat, tikinti-quraşdırma işləri isə 57,6 faiz artaraq 11 mln 161 min manat təşkil etmişdir. Şəhər büdcəsi yerli mənbələrdən daxil olan gəlirlər hesabına 2 mln 496 min manat planlaşdırıldığı halda 2 mln 851,6 min manat olmuşdur. Yəni nəzərdə tutulduğundan 14,2 faiz artıq olmuşdur. Xərclər isə 2 mln 363,143 min manat olmuşdur". Məlumatda bildirilib ki, artıq 2 ildir Naftalan şəhəri bütün xərclərini yerli daxilolmalar hesabına maliyyələşdirir. Məlumdur ki, buna da Naftalan əvvəlki şöhrətini bərpa edərək, son illərdə yaradılan müasir kurort, sanatoriya və sağlamlıq mərkəzlərindən gələn gəlirlər hesabına nail olub. Təbii ki, gəlirlərin əsas hissəsini şəhərdə fəaliyyət göstərən turizm obyektləri tərəfindən ödənilən vergilər təşkil edir. Lakin, hazırda şəhərdə fəaliyyət göstərən bir neçə turizm obyekti ödədikləri vergiləri Naftalan şəhərinin yerli büdcəsinə ödəmirlər. Bu da gələcəkdə şəhərin sosial -iqtisadi inkişafında və yerli büdcənin xərclərinin vaxtlı-vaxtında ödənilməsində problemlər yaradacaqdır. Buna görə də bir neçə sahibkarlıq subyekti tərəfindən ödənilən vergilərin Naftalan şəhərinin Yerli büdcəsinə ödənilməsinə ehtiyac vardır.
Regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində rayonda sosial problemləin həlli də diqqət mərkəzində olub. Belə ki, rayonda əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qanunvericiliyə uyğun olaraq müvafiq işlər görülmüşdür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsi tərəfindən 656 ailəyə ünvanlı dövlət sosial yardım və sosial müavinət ödənilmişdir. Vətəndaşların pensiya təminatı ilə əlaqədar müraciətlərə baxılması işi davam etdirilmiş, il ərzində 61 nəfərə müvafiq kateqoriyalar üzrə pensiya təyinatı aparılmışdır. Pensiya, müavinət və sosial yardımlar vaxtlı-vaxtında tam ödənilmişdir. Ölkə başçısının sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılması ilə bağlı verdiyi mühüm tapşırıqların icrası ilə əlaqədar Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq işlər görülmüş və hazırda da bu istiqamətdə işlər aparılır. Əhalinin məşğulluq səviyyəsinin qısa müddətdə artırılması üçün şəhərin mövcud potensialına uyğun ilk olaraq turizm sektorunun daha da inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçirilmiş, turizm sektorunda fəaliyyət göstərən və ya göstərmək istəyən sahibkarların fəaliyyəti üçün münbit şəraitin yaradılması bir vəzifə kimi qarşıya qoyulmuşdur.
Regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində rayonda aparılan tikinti-quruculuq işləri əhalinin məşğulluq probleminin həllində əhəmiyətli rol oynayıb. Belə ki, rayonda Yeni Avtovağzal otel kompleksində davam etdirilən tikinti işlərinə 30 nəfər işçi cəlb edilib. İnşaat işləri yekunlaşdıqdan sonra burada 40-50 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulur. Yenidən qurulan 10 mərtəbəli Naftalan mehmanxanasında 30 nəfər müvəqqəti işlə təmin edilib. Mehmanxana istifadəyə verildikdən sonra burada 55 nəfər daimi işlə təmin ediləcəkdir. Ümumilikdə son illərdə sahibkarlar tərəfindən tikilib istifadəyə verilmiş müasir səviyyəli yeni 3 və 5 ulduzlu müalicə və istirahət mərkəzlərində hazırda 1000 nəfərə yaxın vətəndaş işləyir. Bundan başqa, dövlət qurumları tərəfindən verilən vakansiyalar əsasında 174 nəfər işlə təmin olunmuşdur. Onlardan 16 nəfəri şəhərin çoxmənzilli yaşayış binalarının təmiri işlərinə cəlb olunmuşdur. Həmçinin 2018-ci ildə də dövlət qurumları tərəfindən verilən vakansiyalar əsasında 61 nəfər, abadlıq - təmizlik və çoxmənzilli binaların təmiri işləri üzrə isə 165 nəfər işlə təmin edilmişdir. Məşğulluq Mərkəzi tərəfindən 36 nəfərə işsizlik statusu təyin olunmuş, 44 nəfərə işsizlik müavinəti ödənilmişdir. Ümumilikdə Mərkəzə müraciət edən 401 nəfər işaxtarandan 221 nəfəri işlə təmin olunmuşdur. Əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində şəhər Məşğulluq mərkəzi ilə sıx işgüzar əlaqələr qurulmuş və bu istiqamətdə işlər davam etdirilir. Yalnız bu sahədə müəyyən çatışmazlıqlar mövcuddur. Bəzi hallarda mövcud vakant iş yerləri vaxtlı-vaxtında Mərkəzə təqdim olunmur. Buna görə də şəhərin idarə, müəssisə rəhbərlərinin bu işə daha məsuliyyətlə yanaşmaları və boş iş yerləri haqqında məlumatları müntəzəm olaraq Mərkəzə təqdim etmələri tövsiyə olunub.
Rayonda səhiyyə və mədəniyyət sahəsində bir sıra işlər görülmüşdür ki, bununla da şəhərin mədəni həyatı xeyli zənginləşmişdir. Konkret olaraq mədəni-maarif müəssisələri tərəfindən il ərzində tarixi hadisələr, yubileylər və əlamətdar günlər qeyd olunmuş, mədəni-kütləvi tədbirlər keçirilmişdir. Lakin hazırda şəhərin mədəniyyət müəssisələri şəraitsiz, uyğunlaşdırılmış binalarda fəaliyyət göstərir ki, bu da mədəniyyət sahəsinin günün tələbləri səviyyəsində inkişafına mane olur. Eyni zamanda şəhərə gələn turistlər, eləcə də şəhərlə, naftalan nefti ilə tanış olmaq istəyən yerli və xarici qonaqlar Naftalana daxil olarkən ilk olaraq buradakı "Çəlik muzeyi"ni soruşur və muzeyi görmək istədiklərini bildirirlər. Lakin, muzeyin binası olmadığından və hazırda fəaliyyət göstərdiyi uyğunlaşdırılmış binanın tamamilə yararsız vəziyyətdə olduğundan təəssüf ki, qonaqları oraya aparmaq mümkün olmur. Bu səbəbdən də şəhərdə mədəniyyət obyektlərinin tikintisinə çox böyük ehtiyac yaranıb. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq bu məsələnin öz həllini tapacağı rayonun ümumi inkişafına töhvə vermiş olardı. Rayonda əhalinin sağlamlığı da diqqət mərkəzində olmuşdur. Belə ki, yeniyetmə və gənclərin sağlamlığının qorunması və idmanın inkişaf etdirilməsi, həmçinin şəhər sakinlərinin idmanla məşğulluğunun təmin edilməsi istiqamətində də müəyyən işlər görülmüşdür. Ayrı-ayrı idman növləri üzrə müxtəlif yaş qrupları arasında idman yarışları keçirilmiş, bu dövrdə şəhərin gənc idmançıları respublika və zona turnirlərində uğurlu çıxış edərək yüksək göstəricilər əldə etmişlər. Səhiyyə müəssisələri tərəfindən əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, sanitar-gigiyenik vəziyyətə müntəzəm nəzarət edilməsi ilə bağlı bir sıra zəruri tədbirlər görülmüşdür. 417 nəfər imtiyazlı xəstə 120 adda pulsuz dərman preparatı ilə təmin edilmişdir. Dövlət başçısının təşəbbüsü ilə artıq bir neçə ildir ki, ölkəmizdə vətəndaşların pulsuz tibbi müayinəsi həyata keçirilir. Ölkə başçısının növbəti tapşırığına uyğun olaraq Naftalan şəhərində əhalinin tibbi müayinəsi yüksək səviyyədə təşkil olunmuş, 7 mindən artıq sakinin pulsuz tibbi müayinədən keçməsi təmin edilmişdir. Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq məktəblərdə, Körpələr evi-uşaq bağçasında sanitar-gigiyenik müayinələr aparılmış, ayrı-ayrı yaş qrupları üzrə ümumilikdə 514 uşağa profilaktik peyvəndlərin aparılması təmin edilmişdir. Aparılan məqsədyönlü tədbirlərin nəticəsidir ki, uşaqlar arasında bu dövrdə qorxulu yoluxucu xəstəliklər qeydə alınmamışdır. Çoxmənzilli yaşayış binalarının zirzəmisində dezinfeksiya işləri aparılmışdır. Şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyi nümayəndəsinin iştirakı ilə məişət tullantıları yığılan qutulara və poliqona baxış keçirilmiş, poliqonun vəziyyəti sanitar-gigiyenik nöqteyi-nəzərdən qeyri-qənaətbəxş olduğu üçün şəhər KTİB cərimə edilmişdir. Regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində rayonda yeni şəhər xəstəxanasında tikinti işləri davam etdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin reallaşması nəticəsində ölkənin bütün bölgələri kimi, Naftalan şəhərində də geniş abadlıq və quruculuq işləri həyata keçirilmişdir. Şəhər sakinlərinin mənzil-kommunal şəraitinin yaxşılaşdırılması istiqamətində bir neçə il bundan əvvəl başlamış layihələrin icrası uğurla davam etdirilmişdir. Dövlət Proqramlarının uğurlu icrası ilə bağlı şəhərdə istilik, qaz, su-kanalizasiya təchizatının yaxşılaşdırılması sahəsində işlər tam başa çatdırılmışdır. Elektrik təchizatının yaxşılaşdırılması məqsədilə bir çox işlər görülsə də, bu sahədə müəyyən işlər yarımçıq dayandırılmışdır. Buna görə də Elektrik şəbəkəsinin rəhbərliyi "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən şəhərin elektrik təsərrüfatı sahəsində yarımçıq qalmış işlərin həyata keçirilməsi məqsədilə aidiyyəti üzrə müvafiq tədbirlər görməlidir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir