Azad iqtisadi zonalar Azərbaycana perspektivlər vəd edir
6 İyun 2018 18:57 İqtisadiyyatPrezidentin azad iqtisadi zonaların yaradılması barədə sərəncamı yüksək qiymətləndirilir
Azərbaycanda azad iqtisadi zonaların yaradılmasında əsas məqsəd Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, Azərbaycan Respublikasının logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi və ölkədə çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılmasıdır. Azad iqtisadi zonaların iqtisadiyyatımıza təsiri barədə ekspertlərin rəyi optimistdir və hesab edirlər ki, azad iqtisadi zonalar investisiyaların cəlb olunması və yeni iş yerlərinin yaradılması, məşğulluğun səviyyəsinin artırılması, işsizliyin aradan qaldırılması baxımından çox vacibdir.
Yaradılan iqtisadi zonalar daha çox nəqliyyat, logistika zonasının formalaşmasına xidmət etsə də, investisiyaların cəlb olunması belə burada əsas hədəf olaraq nəzərdə tutulur. İqtisadi zonaların yaradılmasının üstünlüyü daha çox ondan ibarətdir ki, Azərbaycan tranzit ölkə olaraq öz imkanlarını genişləndirmək imkanı qazanır və ölkə ərazisində yükdaşımaların həcminın daha çox olmasına nail olunacaq. Azərbaycan ərazisində son dövrlər malların Avropadan və Türkiyədən Asiyaya aparılmasına olan marağın artmasını nəzərə alaraq yeni iqtisadi zonanın yaradılması Azərbaycanın imkanlarını bir az da genişləndirəcək. Yeni iqtisadi zona, həmçinin dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin əhəmiyyətli dərəcədə artmasına da səbəb olacaq. Qeyd edək ki, bu addım eləcə də məşğulluğun inkişafına yüksək təsir göstərəcək və təbii ki, yeni investisiyaların cəlb olunması yeni iş yerlərinin yaranması deməkdir.
Azad iqtisadi zonaların yaradılması üçün ölkəmizdə infrastruktur və mövcud şərait var
Azad iqtisadi zona özü ilə bərabər digər sektorlarda aktivliyin artmasına da münbit şərait yaratmış olacaq və investisiyalar həyata keçirildikdən sonra yerli xammala da ehtiyac yaranacaq. Yeni, azad iqtisadi zonalar imkan verəcək ki, iqtisadçı kadrların işlə təmin olunması həyata keçirilsin və bu aspektdən yanaşsaq, görərik ki, bu çox mühüm məsələdir. Azad iqtisadi zonalar, həmçinin ehtiyatda olan məhsulların bir qisminin daxili bazara çıxarılmasına da geniş imkan yaradacaq. Bu da sözsüz ki, öz növbəsində idxaldan asılılığın minimum səviyyəyə endirilməsi, hətta aradan qaldırılması və yerli məhsulun bazara çıxarılması baxımından çox vacibdir. Azad iqtisadi zonalar ümumilikdə Azərbaycan iqtisadiyyatının inkişafına böyük tövhələr verəcək, müsbət təsir göstərəcək, hətta sözügedən zona ölkəmizə yeni-yeni perspektivlər vəd edir. Belə zonalar xüsusilə regionlarda da yaradılsa, daha yaxşı olar və dövlət gəlirlərinin artırması baxımından da bu çox vacibdir. Xüsusilə qeyd etmək lazımdır ki, iqtisadi zonaların yaradılması üçün spesifik potensiala belə ehtiyac yoxdur. Çünki burada söhbət güzəştlərin tətbiq olunmasından gedir və Azərbaycanda belə iqtisadi zonaların yaradılması üçün infrastruktur və mövcud şərait var.
Əsas məqsəd ölkəni tranzit mərkəzə çevirməkdir və ölkəmizin nəqliyyat infrastrukturunun genişləndirilməsi, beynəlxalq standartlar səviyyəsinədək inkişaf etdirilməsi bunu təsdiq edir. Son illər ərzində görülən işlər də ölkəmizin regional tranzit mərkəzinə çevrilməsinə hesablanıb. Görülən işlər çərçivəsində, məsələn, Ələt qəsəbəsində yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanını qeyd etmək olar və bu liman tranzit qovşağına çevirəcək zəncirin ən mühüm həlqəsini təşkil edir. Məhz burada azad iqtisadi zonanın yaradılması sözsüz ki, bu işi daha da sürətləndirə bilər və bu baxımdan azad iqtisadi zona kimi olduqca böyük əhəmiyyətə malikdir.
Azad iqtisadi zonalar sahibkarlara xüsusi imkan və şəraitin verilməsi baxımından əvəzsizdir
Dünyanın 2 ən böyük nəqliyyat layihəsinin Azərbaycandan keçərək reallaşması təbii ki, tək Azərbaycanın deyil, regionun bütünlükdə strateji dəyərini artırmaqdadır. Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizi hər iki istiqamətdə iqtisadi əlaqələrin daha da artırılmasına xidmət etməklə yanaşı, ölkəmizin də əlavə dəyər yaratması imkanlarını artıracaq. Hələ bundan sonra da yeni-yeni layihələrə zəmin yaradacaq bu dəhlizlər daha böyük perspektivlər vəd edir. Bu layihələr, həmçinin Xəzər dənizinin də iqtisadi əhəmiyyətini artırır və istifadə imkanlarını genişləndirir. Məsələn, Bakı Beynəlxalq Dəniz Limanında azad iqtisadi zonanın yaradılması ilə bağlı Cənab Prezidentin qərarı Azərbaycanın beynəlxalq iqtisadi mübadilədən maksimum faydalanmasına geniş şərait yaradır. Bu, eyni zamanda prosesi daha da əlverişli etmək, bu əlaqələrə əlavə dəyər qatmaq, ölkəmizin iqtisadi inkişafı naminə müasir iqtisadi alətlərdən istifadə etmək üçün həm də geniş imkanlar deməkdir.
Əslində, azad iqtisadi zonalar sahibkarlara xüsusi imkan və şəraitin verilməsi baxımından da təbii ki, əvəzsizdir. Bir sözlə, azad iqtisadi zona dedikdə, sahibkarlıq subyektlərinin tam sərbəst şəkildə fəaliyyət imkanları nəzərdə tutula da bilər. Beləki, əgər sahibkarlar, iş adamları bu azad iqtisadi zonada vergi və ödəmələrdən azad olmaq kimi xüsusi imtiyazlar əldə edirlərsə, bu elə öz növbəsində sərbəstlik və imtiyazlar anlamına gəlir. Sözsüz ki, hər bir sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamı rentabelliyi hesabladıqda izafi xərcləri, vergiləri, tutulmaları və sair qaçılmaz məsrəfləri də nəzərə alır. Bir sözlə xalis gəlir hesablanıldıqda sahibkarlar bütün məsrəflərin hamısın nəzərə almaq məcburiyyətindədir. Nəticə etibarı ilə azad iqtisadi zonalarda sahibkarlıq subyektləri dövlətin yaratdığı imkanlar hesabına bir çox ödənişlərdən azad olunduğu üçün məsrəflərin də böyük əksəriyətindən azaddırlar və bu da təbii ki, faktiki olaraq xalis gəlir səviyyəsinin artması anlamına gəlir.
Azad iqtisadi zonaların yaradılması nəinki Azərbaycan vətəndaşlarının, hətta əcnəbi iş adamlarının da mənafeyinə xidmət edir və hər bir sahibkar belə bir şəraitdən faydalanmaqda maraqlıdır. Çünki, onsuz da ölkəmizdə sərmayə qoyan əcnəbi sahibkarlar var və onların bir sıra məsrəflərdən azad olması özləri üçün də arzuolunandır. İstər yerli, istərsə də əcnəbi olsun, hər bir sahibkar, hər bir iş adamı izafi xərclərdən, ödənişlərdən azad olmaqda, gəlirlərinin səviyyəsinin artırılmasında, əlverişli şəraitdən faydalanmaqda maraqlıdır. Hətta bu şərait təkcə yerli sahibkarlıq subyektlərinin artması deyil, eyni zamanda əcnəbi iş adamlarının da ölkəmizə marağına və axınına səbəb olması deməkdir. Nəticə etibarı ilə belə münbit şəraitdən faydalanmaq istəyən sahibkarllıq subyektləri istər Azərbaycan vətəndaşları, istərsə də əcnəbi olsun, sayının artması yekunda ölkədə məhsul bolluğuna, həmçinin məşğulluq səviyyəsinə öz müsbət təsirini göstərəcək. Bu baxımdan azad iqtisadi zonaların yaradılması bilavasitə Azərbaycan iqtisadiyyatına veriləcək tövhələr və perspektivlər deməkdir.
SİA