Aqroparkların yaradılması ölkənin ixrac potensialını artıracaq

Regionların ixtisaslaşmasına da öz müsbət töhfəsini verəcək

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar qeyri-neft sektorunun inkişafına təkan verib. Xüsusilə kənd təsərrüfatı sahəsində aparılan islahatlar və fermerlər üçün yaradılan ən yuksək şərait öz bəhrəsini verməkdədir. Etiraf edilməlidir ki, iqtisadi sahədə əldə olunan uğurlarda ölkədə yaradılan aqroparkların rolu danılmazdır. Qeyd edək ki, aqropark biznes modeli olaraq ilk dəfə dünyanın ən qabaqcıl kənd təsərrüfatı ölkəsi olan və bu sahədən ən yüksək səviyyədə gəlir götürən Hollandiyada yaranıb ki, bu da kənd təsərrüfatı məhsullarının istehsalını, emalını, logistikasını və digər xidmətləri özündə birləşdirən təsərrüfat subyektidir. Aqroparklarda kənd təsərrüfatı məhsullarının istehsalı və emal prosesləri, aqrotexniki və logistika, sanitar və fitosanitar, marketinq, satış (daxili bazar və ixrac) və digər xidmətlər, xammal istehsalı, emal prosesləri yüksək gəlirlilik şəraitində həyata keçirilir. Bununla yanaşı, ətraf mühitin qorunması, torpaq və su resurslarından səmərəli istifadə, onların mühafizəsi təmin olunur, eləcə də bitkiçiliyin, heyvandarlığın, emal sənayesinin və digər sektorların inkişafı üçün möhkəm əsaslar yaranır. Burada bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, aqroparklar yalnız məhsul bolluğu yaratmağa xidmət etmir, eyni zamanda, təbii üsullarla yetişdirilən, ekoloji cəhətdən təmiz və  yüksək keyfiyyətli, insan sağlamlığı üçün zərərsiz olan ərzaq məhsullarının istehsalını da reallaşdırır. Məhz bu amil həm ölkə vətəndaşlarının sağlam qidalanması baxımından, həm də ixrac məhsullarımızın daha çox alıcı tapmasına hesablanıb. Aqroparkların yaradılması həm də aqrar sektordakı fərdi fəaliyyətdən, iri istehsal sahələrinə keçməyə imkan verir.

Hazırda Azərbaycanın qarşısında duran əsas hədəflərdən biri qeyri-neft sektorunun aparıcı bölməsi olan aqrar-sənaye sektorunun inkişafını təmin etməkdir. Bu məqsədlə aqrar sektorun innovativ meyarlara uyğun qurulması, o cümlədən aqroparkların yaradılması əsas istiqamətlərdəndir. Məlumata görə, hazırda ölkədə 30 rayon üzrə 45 aqroparkın, o cümlədən 17 müasir cins heyvandarlıq kompleksinin və 28 iri bitkiçilik təsərrüfatlarının yaradılması təşviq olunur. Artıq 3 aqroparkda 1-ci mərhələ üzrə işlər yükunlaşaraq istifadəyə verilib. Bunlar Xaçmazda "Yalama Aqropark" (gücü saatda 5 ton olan yem zavodu və 4,5 min tonluq taxıl anbarı, 385 ha ərazidə iri fermer təsərrüfatı və 1000 başı sağılan olmaqla 3000 başlıq müasir heyvandarlıq kompleksi), Şəmkirdə "Şəmkir Aqropark" (tutumu 21,2 min ton olan logistik mərkəz, TIR parkı, avtodayanacaq və laboratoriya) və Cəlilabadda "Günəşli Aqropark"dır (1200 ha ərazidə iri taxılçılıq təsərrüfatı, 500 başlıq heyvandarlıq kompleksi). Hazırda 26 aqroparkda tikinti-quraşdırma, 16-da layihələndirmə işləri aparılır. Aqroparkların yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 107,6 milyon manat güzəştli kredit ayrılıb, 14 aqropark üzrə 24 layihəyə isə dövlət investisiya təşviqi sənədi verilib.

Prezident İlham Əliyev Goranboy rayonunda "Region Agropark"ın açılışındakı çıxışında bildirib ki, Azərbaycanda 45 aqroparkın yaradılmasına 1,4 milyard manat sərmayə qoyulacaq. Bütövlükdə bu gün Azərbaycanda aqroparkların yaradılmasının geniş vüsət aldığını diqqətə çatdıran dövlətimizin başçısı deyib: "Nəzərdə tutulan 45 aqroparkdan 4-ü artıq istifadəyə verilib: Yalama, Şəmkir, Cəlilabad və bu gün Goranboy rayonunda. Mən dördünün də açılışında şəxsən iştirak etmişəm. Bu, bir daha onu göstərir ki, dövlət bu məsələlərə çox böyük diqqət göstərir və dəstək verir. Bu 45 aqroparkın yaradılmasına 1,4 milyard manat sərmayə qoyulacaq, onun bir hissəsi qoyulubdur. Bu aqroparkların ərazisi 191 min hektara bərabərdir. Bax, bu qədər torpaq istifadəsiz qalmışdı. İndi isə tezliklə bu 45 aqroparkın yaradılması nəticəsində kənd təsərrüfatı məhsullarımızın istehsalı böyük dərəcədə artacaq. Beləliklə, ölkə qarşısında duran əsas vəzifələrdən biri - ərzaq təhlükəsizliyi məsələsi öz həllini tapacaq və biz idxaldan asılılığımızı daha da azaldacağıq".

Mütəxəssislərin qənaətinə görə, aqroparkların yaradılması  ərzaq təhlükəsizliyinin təmin olunmasına, emal sənayesinin davamlı olaraq yüksək keyfiyyətli və maya dəyəri aşağı olan xammalla təmin olunmasına, yerli məhsulların daxili və xarici bazarlarda rəqabətqabiliyyətliliyinin daha da artmasına səbəb olacaqdır. Azərbaycanda aqroparkların hamısı tam istifadəyə verildikdən sonra yüz milyonlarla manat dəyərində məhsullar istehsal olunacaq,  kiçik və orta fermerlər bir çox faydalar əldə edəcəklər. Aqroparkların yaradılması ilə sahibkarlara məsləhət, texniki, logistika və aqroservis xidmətləri göstəriləcək, toxum, şitil, ting, dərman və gübrə ilə təmin olunacaq və innovativ texnologiyaların tətbiqi həyata keçiriləcək. Aqroparklarda müasir texnologiyaların tətbiqi ilə istehsal, emal, logistika (saxlama, çeşidləmə, qablaşdırma, markalama, daşınma, daxili və xarici bazarlarda satış) üzrə fəaliyyətlərin vahid ərazidə cəmleşməsi rəqabətqabiliyyətli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına şərait yaradacaq. Bütün bunlar isə regionların ixtisaslaşmasına öz müsbət töhfəsini verəcək. Eyni zamanda, əlavə, aqroparklann yaradılması bağçılıq, quşçuluq və heyvandarlığın xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsi ilə yanaşı, ərzaq məhsullarının idxalının maksimum endirilməsinə və kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının genişlənməsinə imkan yaradacaq. Aqroparklar kiçik fərdi istehsalçı səviyyəsindən geniş miqyaslı aqrar sənaye istehsalına keçidin və xarici bazarlara stabil və etibarlı çıxışın təmin edilməsinə şərait yaradacaq, innovativ texnologiyaların, həmçinin vahid standartların tətbiqi və son məhsulda davamlı keyfiyyətin əldə edilməsini şərtləndirəcək. Məhsul istehsalının artımı həm idxal əvəzləyici, həm də ixrac yönümlü olmaqla ümumi daxili məhsulun artımına müsbət təsir göstərəcək.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31