Regionların sosial iqtisadi inkişafı ilə bağlı dövlət proqramları yeni istehsal müəssisələrinin yaranmasına səbəb olub

Regionların sosial iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası bölgələrdə yeni istehsal və emal müəssisələrinin yaradılması ilə nəticələnib. Bu isə regionlarda yeni iş yerlərinin açılması, əhalinin məşğulluq probleminin həlli, vətəndaşların rifah halının yüksəlməsi və ən nəhayət bölgələrin iqtisadi inkişafının təmini deməkdir. Məlumat üçün qeyd edək ki, regionların sosial iqtisadi inkişafı ilə bağlı dövlət proqramları çərçivəsində son bir neçə ay ərzində respublikanın müxtəlif rayonlarında yeni müəssisələrin fəaliyyətə baışalması təmin olunub. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin inkişafı, kənd sakinlərinin məşğulluğunun təmin edilməsi və sosial rifahın yaxşılaşdırılması məqsədilə istixana və arıçılıq təsərrüfatlarının yaradılması üzrə layihələr həyata keçirilir. Reallaşdırılan layihələr barədə kənd sakinlərinin ətraflı məlumatlandırılması və görülən işlərin gedişi ilə tanışlıq məqsədilə Cocuq Mərcanlıda tədbir keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyinin, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) nümayəndələri və Cocuq Mərcanlı sakinləri iştirak edib. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması və sahibkarlığın inkişafının sürətləndirilməsi tədbirləri haqqında məlumat verib, dövlət başçısının yeni həyat bəxş etdiyi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində birgə layihələrin icrasının Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin daha bir nümunəsi olduğunu vurğulayıb, istixana və arıçılıq təsərrüfatı sahələrini əhatə edən birgə layihələrin Cocuq Mərcanlının sosial-iqtisadi inkişafında və məşğulluğun təmin olunmasında əhəmiyyətini qeyd edib. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Türkiyə-Azərbaycan əlaqələrinin strateji səviyyədə olduğunu, əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyini, birgə layihələrin reallaşdırıldığını diqqətə çatdırıb, Cocuq Mərcanlıda birgə icra olunan layihələrin bölgədə kənd təsərrüfatı və heyvandarlığın inkişafında önəmindən danışıb. Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxışında Cocuq Mərcanlıda həyata keçirilən layihələrin kəndin inkişafına və sakinlərin məşğulluğunun təmin edilməsinə töhfə oluğunu bildirib. TİKA-nın Bakı Proqram Kordinatoru Adəm Urfa istixana və arıçılıq sahələrini əhatə edən birgə layihələr barədə tədbir iştirakşılarına ətraflı məlumat verərək bildirib ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində hər biri 160 m2 sahəyə malik polietilen örtüklü tunel tipli 15 istixana qurulacaq və 15 ailə üçün 150 arı təsərrüfatı yaradılacaq. Birgə layihələr çərçivəsində istixanalar damcı suvarma sistemi ilə təchiz olunacaq, bu layihələr üzrə seçilmiş sakinlərə tərəvəz yetişdirilməsi üçün şitillər, gübrə və pestisidlər, bitkilərə qulluq üçün alət və avadanlıqlar veriləcək, təlim və məsləhət xidməti göstəriləcəkdir. Eyni zamanda 15 arı təsərrüfatının hər biri 10 ədəd yeşiklə və 10 arı koloniyası ilə, arıçılıq avadanlıqları və materiallarla (gəzdirmə qutusu, qəfəs, fırça, əl dəmiri, körük, arıçı libası, yeşik altlığı və s.), müvafiq dərman vasitələri ilə təmin olunacaqdır. Bu iki layihə çərçivəsində ən azı 30 nəfərin məşğulluğunun, həmçinin minimum 30 ailənin sabit gəlirlə təmin olunması nəzərdə tutulur.

Regionların sosial iqtisadi inkişaf proqramları çərçivəsində yeni obyektlərin ərsəyə gəlməsində sahibkarların xüsusi rolu danılmazdır. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi və investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. Bu istiqamətdə növbəti tədbir - sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum Zaqatala rayonunda keçirilib. Forum çərçivəsində Zaqatala rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan tütünçülük, çayçılıq, bağçılıq təsərrüfatlarının, tütün emalı və quru tütün saxlanılması üçün anbar, fındıq və çay emalı, çörək istehsalı müəssisələrinin, kənd turizmi və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb. İşgüzar forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, indiyədək Zaqataladan olan 439 sahibkara 11,8 milyon manat güzəştli kredit verilib. Qeyd edilib ki, Zaqatalada kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək olan sahələrindən biri fındıqçılıqdır. Rayonda sənaye sahəsi üzrə ümumi məhsul istehsalının böyük hissəsini fındıq ləpəsi və ondan istehsal olunan məhsulların satışından əldə olunan gəlir təşkil edir. Xarici bazarlarda bu məhsula böyük tələbat olduğu üçün Fond tərəfindən yeni fındıq bağlarının salınması və fındıq emalı müəssisələrinin yaranması təşviq edilir. Ümumilikdə, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fındıqçılığın inkişafı üzrə 48 investisiya layihəsinin maliyyələşdirilməsinə 7,1 milyon manat güzəştli kredit verilib. Tədbir çərçivəsində Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 28 sahibkara 3,9 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, balıqçılıq, heyvandarlıq, bağçılıq, çayçılıq, meyvə emalı, turizm  və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 140-dan çox yeni iş yerinin açılması mümkün olacaq. Ümumilikdə, isə Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2343 investisiya layihəsinin maliyyələşdirilməsinə 107,7 milyon manat güzəştli kredit verilib.

Regionların sosial iqtisadi inkişaf proqramı çərçivəsində Sabirabad rayonunda dövlət dəstəyi ilə ədviyyat və qənnadı qatqılarının istehsalı müəssisəsi yaradılır. Bu məqsədlə rayionda keçirilən işgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, rayonda soya, mərci və noxud əkini, iri fermer, intensiv bağçılıq, istixana, cins heyvandarlıq və pambıqçılıq təsərrüfatlarının, meyvə-tərəvəz və süd emalı, çörək və ədviyyat istehsalı və qablaşdırılması müəssisələrinin, eyni zamanda Sabirabad Sənaye Məhəlləsində plastik tara və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Sabirabadda verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, indiyədək Sabirabaddan olan 597 sahibkara 15,3 milyon manat güzəştli kredit verilib. Qeyd edilib ki, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan istifadə etməklə sənaye sahələrinin inkişafı, məşğulluqda sənayenin payının artırılması baxımından sənaye məhəllələri böyük əhəmiyyət kəsb edir. İşgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 802,6 min manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, pambıqçılıq, ədviyyat və qənnadı qatqılarının istehsalı müəssisəsinin, aqroparkın yaradılması  və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 200-dən çox yeni iş yerinin açılmasına imkan yaradacaq. Ümumilikdə, Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 13740 investisiya layihəsinin maliyyələşdirilməsinə 569,6 milyon manat güzəştli kredit verilib. Onu da qeyd edək ki, Sabirabadda dövlətin güzəştli krediti ayrılan ədviyyat və qənnadı qatqılarının istehsalı müəssisəsində hazırda 25 nəfər işçi çalışır və ikinci mərhələ üzrə işlər tamamlandıqdan sonra 70-dən çox yeni iş yeri açılacaq.

Regionların sosial iqtisadi inkişaf proqramı çırçivəsində Saatlıda süd emalı müəssisəsi istifadəyə verilib. Bu münasibətlə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə İqtisadiyyat Nazirliyinin, ABŞ-ın Azərbaycandakı Səfirliyinin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, yerli icra hakimiyyətinin və bələdiyyələrin nümayəndələri iştirak ediblər. Müəssisənin açılışında çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı və davamlı inkişafı sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması və sahibkarlığın inkişafının uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Qeyd olunub ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində bölgələrdə yeni texnologiyalara əsaslanan müəssisələr yaradılır, yeni iş yerləri açılır, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün sistemli tədbirlər həyata keçirilir. Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quliyev Saatlıda reallaşdırılan layihələr barədə məlumat verib və yeni süd emalı müəssisəsinin istifadəyə verilməsinin heyvandarlıq sahəsinin inkişafına müsbət töhfə verəcəyinə əminliyini vurğulayıb. Tədbirdə qeyd olunub ki, süd emalı müəssisəsinin fəaliyyətə başlaması nəticəsində Günəşli kəndində təsərrüfatlar istehsal etdikləri südü emal edəcək ki, bu da kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcək. Layihə çərçivəsində 6 ədəd müxtəlif təyinatlı süd emalı avadanlıqları quraşdırılıb. Müəssisədə hər gün 20 ton süd qəbul olunacaq ki, nəticədə 500 kiloqram sarı pendir, 400 kiloqram ağ pendir istehsal olunacaq. Ümumilikdə müəssisədə 20 nəfər işlə təmin ediləcək.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31