Azərbaycan – Avropa İttifaqı biznes forumu keçirilib
5 İyun 2018 16:19 İqtisadiyyatİyunun 5-də Bakıda 4-cü Azərbaycan-Avropa İttifaqı (Aİ) biznes forumu keçirilib. "Olaylar" xəbər verir ki, İqtisadiyyat Nazirliyinin, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və Alman-Azərbaycan Xarici Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə rəsmi şəxslər, beynəlxalq təşkilatların, səfirliklərin, ticarət palatalarının nümayəndələri, eləcə də Azərbaycandan 300-dən çox, Avropa İttifaqına daxil olan ölkələrdən isə 100-dən artıq iş adamı iştirak edib. Ümumilikdə biznes foruma 800-ə yaxın iştirakçı qatılıb. Azərbaycanın biznes mühiti, ölkəmizdə həyata keçirilən islahatlar barədə biznes dairələrin məlumatlandırılması, Azərbaycan və Avropa İttifaqı iş adamları arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının geniş müzakirə edildiyi biznes forumda Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara dair plenar sessiya, kənd təsərrüfatı və qida, tikinti və maşınqayırma, nəqliyyat və logistika, İKT və elektron ticarətə dair 4 panel iclas, iş adamları arasında ikitərəfli görüşlər keçirilib.
Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov artıq ənənəvi olaraq keçirilən biznes forumdan keçən müddətdə Azərbaycan-Avropa İttifaqı əlaqələrində, eləcə də Azərbaycanın sosial-iqtisadi həyatında bir sıra mühüm yeniliklərin baş verdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ilə əməkdaşlığın inkişaf etdirilməsi mühüm istiqamətlərdəndir və əlaqələr həm siyasi, həm də iqtisadi, o cümlədən enerji, ticarət, investisiyalar və digər sahələrdə inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti 2017-ci ildə, ümumilikdə isə son 10 ildə Avropa İttifaqına 7 səfər edib, rəhbər şəxslərlə görüşlər keçirib və müzakirələr aparıb. Avropa İttifaqının bir sıra qurumlarının rəhbər şəxsləri ölkəmizdə səfərdə olublar. Azərbaycan və Aİ arasında müxtəlif sahələri əhatə edən hüquqi baza yaradılıb.
İqtisadiyyat nazirinin müavini vurğulayıb ki, Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. 2017-ci ildə Avropa İttifaqının Azərbaycanın xarici ticarətindəki payı 42% olub və 9,4 mlrd. dollar təşkil edib. 2018-ci ilin ilk 4 ayında isə bu göstərici 15% təşkil edib və 3,7 mlrd. dollar olub. Son 5 ildə Avropa İttifaqı Azərbaycana 15,3 mlrd. ABŞ dolları investisiya yatırıb. Azərbaycanda 1500-dən çox Avropa İttifaqı ölkələrinin şirkəti fəaliyyət göstərir. Avropa İttifaqının bir sıra ölkələri (Almaniya, Fransa, Avstriya, İtaliya, Yunanıstan, Polşa və s.) ilə Azərbaycan arasında ticarət palataları fəaliyyət göstərir. 2012-ci ildən indiyədək Avropa İttifaqına üzv ölkələrlə 130-a yaxın tədbir keçirilib. Azərbaycan Avropa İttifaqının əsas enerji partnyorlarındandır. Bu yaxınlarda açılışı olmuş Cənub Qaz Dəhlizi layihəsi enerji sahəsində strateji əməkdaşlığımızın gözəl nümunələrindəndir. Yaxın vaxtlarda TANAP layihəsi də istifadəyə veriləcək və bu layhə Azərbaycan qazını birbaşa Avropaya çatdıracaq.