Azərbaycanda sosial-iqtisadi inkişaf yönümündə əhəmiyyətli dəyişikliklər baş verir
5 İyun 2018 12:34 İqtisadiyyatSəttar Mehbalıyev: "Aparılan genişmiqyaslı islahatlar əhalinin rifahının yaxşılaşdırılmasını şərtləndirir"
İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərin in hökumət nümayəndələrinin və sosial tərəfdaşların iştirakı ilə Beynəlxalq Əmək Konfransının 107-ci sessiyası keçirilir. Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı SəttarMöhbalıyevin rəhbərlik etdiyi nümayəndə heyətidə iştirak edir. Tədbirdə çıxış edən AHİK sədri bildirib ki, hamımıza bəllidir ki, qloballaşma - müasir dünyanın inkişafında dönməz tendensiyadır. Onun nəticələri bu və ya başqa dərəcədə milyonlarla insanın həyatına təsir edir. Qloballaşmanın əsasında kapitalın, malların, xidmətlərin, texnologiyaların, informasiya və işçi qüvvəsinin dünyada daha çox sərbəst yerdəyişməsi dayanır. Beləliklə də inkişaf etmiş və inkişaf edən ölkələrin iqtisadiyyatı milli qapalılığını itirir, qlobal sistemin bir hissəsinə çevrilir: "Təəssüflər olsun ki, qloballaşma insanların planetdəki nəzarətsiz yerləşməsi, nəzarət edilməyən artımı, ətraf mühitin korlanması, sosial bərabərsizlik, aclıq, sosial ədalətsizliyin artımı, təbii və enerji ehtiyatlarının çatışmazlığı kimi problemlər də doğurur. Hər bir dövlətdə insanların rifahı bir çox cəhətdən sosial sahədəki vəziyyətdən asılıdır. Məhz bu, sosial inkişaf yolunda cəmiyyətin irəliləməsinin göstəricisi (indikatoru) rolunu oynayır. Sosial sahənin uğurlara imza atması üçün milli və beynəlxalq səviyyədə müvafiq sosial siyasətin həyata keçirilməsi tələb olunur. Biz həmkarlar ittifaqları olaraq qətiyyətlə ədalətli qloballaşmaya tərəfdarıq. Çalışırıq ki, hamının, o cümlədən qadınların və gənclərin tam, məhsuldar məşğulluğu, layiqli, ədalətli əməklə təmin olunmaları məsələləri bizim daxili, milli inkişaf strategiyamıza uyğun həllini tapsın".
AHİK sədri qeyd edib ki, Azərbaycan Respublikasında sosial-iqtisadi inkişaf yönümündə əhəmiyyətli dəyişikliklər baş verir. Aparılan genişmiqyaslı islahatlar, layiqli əmək şəraitinin təmin olunmasına yönələn addımlar əhalinin rifahının yaxşılaşdırılmasını şərtləndirir: "Azərbaycan Respublikasında Layiqli Əmək üzrə Ölkə Proqramının uğurla həyata keçirilməsi nəticəsində BƏT-in iki Konvensiyası ratifikasiya olunmuş, "Gənclərin Məşğulluğu üzrə Milli Tədbirlər Planı" hazırlanmışdır. Son onillikdə Azərbaycan sürətli inkişafa nail olmuş, yuxarı orta gəlirli ölkəyə çevrilmişdir. Ölkədə işçilərin sosial müdafiəsinin gücləndirilməsi, işəgötürən və işçi münasibətlərinin rəsmiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ötən ilin mart ayında müxtəlif dövlət qurumlarının, AHİK və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlən)Təşkilatları Milli Konfederasiyasının nümayəndələrinin də daxil olduğu Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılmışdır".
S.Mehbalıyev çıxışının sonunda bildirib ki, biz çoxmilli kapitalın nəhəng işəgötürənə çevrildiyi bir dünyada yaşayırıq: "Kapitalın isə əmək bazarı və sosial ədalət problemlərinə spesifik münasibəti vardır. Milli işəgötürənlərdən fərqli olaraq kapitalın heç bir öhdəliyi yoxdur. Həmkarlar ittifaqları qlobal səviyyədə transmilli şirkətlərdə sosial dialoqa oxşar münasibətlər qurmağa çalışır. BƏT qlobal əmək bazarında siyasətini formalaşdırarkən bu çağırışdan yan keçə bilməz. Bir neçə ildir ki, biz bu barədə danışırıq və ümid edirik ki, bu dəfə problem "diqqət çəkəcək" və "yüzilliyin dialoqları"ndan birində müzakirə olunacaqdır.Yekun olaraq bildirmək istəyirəm ki, biz tripartizm, sosial dialoq və sosial ədalət prinsiplərinə sadiqik. AHİK və onun üzv təşkilatları BƏT-inmodernləşdirilmə kursunu dəstəkləyir. BƏT-in 100 illiyi münasibətilə həyata keçirilməsi nəzərdə tutulan bütün tədbirlərdə onun yanında olağacımızı bəyan edirik".