Tikinti-quruculuq işləri regionların sosial-iqtisadi inkişaf proqramlarının tərkib hissəsinə çevrilib

Azərbaycan   Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı təsdiq edilmiş Dövlət Proqramı   ölkədə uğurla icra edilməkdədir. Qətiyyətlə demək olar ki, artıq bu proqramların icrası respublikanın bir sıra rayon və şəhərlərin iqtisadiyyatının dirçəlməsində əhəmiyyətli rol oynayıb. Sözgedən dövlət proqramlarının icrası Şəki rayonunda da inkişafla müşahidə olunub. Şəki Şəhər İcra Hakimiyyətindən bildirilib ki, rayonda regionların social-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları uğurla həyata keçirilir. Məhz bunun nəticəsidir ki, 2018-ci ilin birinci rübündə Şəki rayonunda faktiki qiymətlərlə 95 milyon 232 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz artıb. Buraxılan məhsulun 9 faizi dövlət, 91 faizi isə özəl bölmənin payına düşür. Cari ilin birinci rübündə Şəkidə bütün maliyyə mənbələri hesabına iqtisadiyyatın inkişafına yönəldilən investisiyaların həcmi ötən ilin müvafiq dövrü ilə mqayisədə 4 dəfə artaraq 14 milyon 751 min manat olub. Bu müddət ərzində rayonda 257 yeni iş yeri açılıb. Cari ildə rayonda məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin genişləndirilməsi diqqət mərkəzində saxlanılıb, rayonun iqtisadiyyatı üçün ənənəvi sahələrdən hesab olunan taxılçılıq, heyvandarlıq, tütünçülük və baramaçılığın inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilib. 2018-cı ilin məhsulu üçün payızlıq taxıl əkilmiş 67 min 121 hektar sahəyə aqrotexniki qulluq olunub. Cari ildə rayonda 8 min hektar sahədə yazlıq bitkilərin əkini nəzərdə tutulur. Artıq 1310 hektar sahədə yazlıq bitkilərin əkini həyata keçirilib. Hazırda təsərrüfatlarda yazlıq bitkilərin əkini də mütəşəkkil davam etdirilir. İndiyədək 2 min hektara yaxın sahədə yazlıq bitkilər əkilib. Bu il rayonda yazlıq bitkilərin əkin sahəsinin 7 min hektara çatdırılması nəzərdə tutulur. Bundan başqa, 2018-ci ildə rayonda 860 hektar sahədə tütün əkini planlaşdırılır. Əkin zamanı əsasən "Virciniya", "Berley", "İmunni-580", "Zaqatala-67" tütün sortlarından istifadə olunacaq. Tütün əkini üçün 40 min kvadratmetr sahədə şitil yetişdirilib və aprelin 20-dən sonra şitillər sahələrə köçürüləcək. Xatırladaq ki, ümumilikdə Şəki rayonunun təsərrüfatlarında 860 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Hazırda təsərrüfatlarda tütün əkini kampaniyası mütəşəkkil davam etdirilir. Fermerlər indiyədək 354 hektar sahəyə şitil köçürüblər. Tütün əkininə 500-dən çox işçi cəlb olunub. Fermerlər cari mövsümdə 677 hektar sahəyə "Virciniya" növlü ətirli, 183 hektar sahəyə isə yerli tütün sortları əkəcəklər. Ötən il rayonun təsərrüfatlarında 843 hektar sahədə tütün yetişdirilib, 2631 ton quru tütün istehsal edilib. Məhsul istehsalı əvvəlki illə müqayisədə 190 ton artıb. Tütünçülüyün inkişafına dövlət tərəfindən yüksək diqqətin göstərilməsi, bu sahəyə subsidiyaların ayrılması, güzəştli kreditlərin verilməsi şəkili fermerlərin də tütünçülüyə marağını xeyli artırıb. Bu səbədən 2017-ci ildə rayonda tütün əkini sahələri əvvəlki illə müqayisədə 58 hektar genişləndirilərək 843 hektara çatdırılıb. Şəkili fermerlər keçən il 2 min 631 ton quru tütün istehsal ediblər. Məhsul istehsalı əvvəlki illə müqayisədə 190 ton artıb. Ötən il Şəkidə tütünçülük sahəsində iki minə yaxın mövsümi işçi çalışıb. Eyni zamanda, bu il rayonda 62 ton yaş barama istehsalı nəzərdə tutulur. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, respublikamızda kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Belə ki, 2015-ci ildə respublikamızda 236 kiloqram barama tədarük olunmuşdusa, keçən il bu rəqəm 244 tona çatıb. "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda dövlətimizin başçısı digər sahələr kimi, baramaçılığın da sürətlə inkişaf etdiyini vurğulayaraq deyib: "Baramaçılıq indi geniş vüsət alır. Ailələr qısa müddət ərzində yaxşı pul qazanırlar, əlbəttə ki, dövlətin dəstəyi ilə". Məhz dövlət başçısının tövsiyyə və tapşırıqlarını nəzərə alan Şəki sahibkarları barama istehsalı həcminin artırılmasını nəzərdə tuturlar. Ümumiyyətlə son iki ildə Şəki rayonunda da baramaçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü iş aparılıb. Ötən il baramaçılıq sahəsində 651 istehsalçı məşğul olub. Şəhər icra hakimiyyətindən verilən məlumata görə, builki mövsümdə rayonda yaş barama istehsalının dörd dəfəyə yaxın artırılaraq, 70 tona çatdırılması nəzərdə tutulur. Baramaçılığın gələcək inkişafını təmin etmək və onun yem bazasını möhkəmləndirmək məqsədi ilə son iki ildə rayon ərazisində 215 min ədəd tut tingi əkilib. Əkilən tinglərin 92 mini intensiv tipli tut bağlarının salınması məqsədi ilə Çindən ölkəmizə gətirilən tinglər, qalanları isə "Şəki-İpək" ASC-nin tinglik təsərrüfatında yetişdirilən, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən göndərilən yerli tut tingləridir. Yeri gəlmişkən xatırladaq ki, ipəkçilik iqtisadiyyatın önəmli sahələrindən biri olmaqla yanaşı, qədim tarixə malik peşə olub. Azərbaycanda ipəkçiliyin önəmli yeri olduğunu nəzərə alsaq, bu sahənin inkişafı çox vacibdir. Bu kimi amillər nəzərə alınaraq Şəkidə yerləşən "Şəki İpək" ASC-nin inkişafı və yenidən qurulması istiqamətində inkişaf strategiyası və planların icrası nəzərdə tutulub. Burada xarici və yerli məsləhətçi şirkətlərin cəlb olunması planlaşdırılır.

Regionların sosial-iqtisadi inkişaf proqramları çəçivəsində rayonda tikinti-quruculuq və abadlıq işləri də həyata keçirilib. Belə ki, təməli Prezident İlham Əliyev tərəfindən qoyulmuş Heydər Əliyev Mərkəzinin tikintisi hazırda sürətlə davam etdirilir. Bu ərazidə, həmçinin Ulu Öndərin adını daşıyan park, Bayraq Meydanı və şəhər icra hakimiyyəti üçün yeni binanın tikintisi də nəzərdə tutulur. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sifarişi ilə şəhərin Zərifə Əliyeva küçəsində inşa olunan "ASAN həyat" kompleksinin tikintisi də sürətlə davam etdirilir. "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində "ABAD"ın keramika üzrə xalq sənətkarlıq mərkəzinin fəaliyyət göstərəcəyi binada aparılan yenidənqurma işləri artıq başa çatıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Kiş kəndindəki qədim alban məbədinə aparan dairəvi avtomobil yolunun tikintisi və yolboyu ərazinin abadlaşdırılması işləri davam etdirilib. Şəki-Kiş kəndi-Marxal istirahət zonasına gedən və ümumi uzunluğu 7,2 kilometr olan avtomobil yolunun torpaq yatağı hazırlanıb, yola birinci qat asfalt örtüyü döşənib, beton arxlar, piyada səkiləri və istinad divarları tikilib. Hazırda ərazidə tikinti işləri davam etdirilir. 2018-ci ilin birinci rübündə əhalinin təbii qaz, elektrik enerjisi, içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində görülən işlər ətraflı təhlil olunub. Diqqətə çatdırılıb ki, üç ayda 1406 mənzil təbii qazla təmin edilib. Şəki şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində bir sıra işlər görülüb. Onu da qeyd edək ki, mayın 24-də Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına həsr olunmuş müşavirə keçirilib."Əfqan" holdinqin ofisində keçirilən müşavirədə rayon rəhbərliyi, "Azərsu" ASC-nin, podratçı şirkətin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Müşavirədə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasi ilə bağlı üçüncü mərhələdə aparılan işlər müzakirə olunub. Tərəflər su-kanalizasiya xəttlərinin çəkilişində üzləşdikləri problemlər barədə rayon rəhbərliyinə məlumat veriblər. Bildirilib ki, Şəkinin relyefi iş prosesinin ləngiməsinə səbəb olur. Həmçinin bəzi ərazilərdə xəttin çəkilişi sakinlərin həyətyanı sahələrinə düşdüyü üçün bu, narazılıqlara səbəb olur. Məsələnin həlli üçün Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov müvafiq qurumlara öz tapşırıqlarını verib. Həmin sakinlərlə maarifləndirmə işinin aparılacağı vurğulanıb. Həmçinin layihənin vaxtında yekunlaşması üçün zəruri bütün tədbirlərin görüləcəyi də qeyd edilib."Azərsu" ASC-nin rəsmisi də su-kanalizasiya xəttinin çəkilişinin üçüncü mərhələsinin tezliklə yekunlaşacağını vurğulayıb.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində rayonda sosial obyektlərin tikintisi də diqqət mərkəzində olub. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev martın 9-da "Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" Sərəncam imzalayıb.Sərəncama əsasən Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında cəmi 956 şagird yerlik modul tipli 15 məktəbin quraşdırılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 5 milyon 56 min manatı Təhsil Nazirliyinə ayrılıb.Sərəncamda Şəki rayonunda Aşağı Daşağıl kənd 96 şagird yerlik, Daşbulaq kənd 80 şagird yerlik, Öyrət kənd 56 şagird yerlik modul tipli məktəbin inşaası nəzərdə tutulur. Sadalanan faktlar deməyə əsas verir ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları bölgələrin iqtisadi inkişafı ilə yanaşı, sosial problemlərin həllində də əhəmiyyətli rol oynayır.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31