Kreditlərin qaytarmaq perspektivləri nəzərə alınmalıdır

Dövlət zəmanətilə götürülən kreditlərin təyinatı üzrə xərclənməsinə nəzarət olunmalıdır

Dövlət büdcəsində dəyişikliklə bağlı məsələ yenidən gündəmə gəlib. Artıq məsələnin ölkə parlamentində müzakirəsi planlaşdırılır. Maraqlıdır, dünya bazarında neftin qiymətinin qalxması fonunda dövlət büdcəsində neftin  qiyməti 45 dollardan 60 dollara qədər artırıla bilərmi? Millət vəkili Aydın Hüseynov bildirib ki, 2018-ci ildə dövlət büdcəsi tərtib edilərkən neftin qiyməti 45 dollar idi. Hazırda isə neftin qiyməti 80 dollara yaxındır. Yəni, 2018-ci ilin dövlət büdcəsi tərtib edilərkən  neftlə bağlı müəyyən olunan  proqnoz düzgün  idi: "Digər proqnozlarla yanaşı, neftlə bağlı proqnozlar çox düzgün şəkildə müəyyən edilib. Eyni zamanda, dünya bazarında neftin qiymətinin bundan aşağı düşəcəyi gözlənilmir.Yenidən hansısa proseslər baş versə  belə, neftin qiyməti 55 dollardan aşağı düşməyəcək. Biz  artıq onu da görürük ki, büdcədəki ilkin proqnozla mövcud qiymətlər arasında yaxşı mənada fərq var. Buna görə həm neft mənbələri hesabına, həm də digər qeyri-neft gəlir mənbələri hesabına büdcəyə yenidən baxılması realdır. Digər hər hansı ssenarilər baş verərsə, qəbul olunan proqnozların yerinə yetirilməsi mütləq deyil. Allah eləməmiş, hər hansı bir xoşagəlməz ssenari olarsa, ona müvafiq olaraq, xərclərin icrasında müəyyən differensiallaşma tətbiq oluna bilər və olunacaq".  Onun sözlərinə görə, hazırda büdcənin özündə bir milyarddan çox azad büdcə qalığı var: "Ancaq mən indidən dəqiq deyə, proqnoz verə bilmərəm ki, büdcədə nə qədər artım olaracaq, ancaq büdcəyə dəyişiklik, büdcədəki artım təxminən o qədər mümkündür, bəlkə, artıq da ola bilər. Qeyd etdiyim kimi, büdcə formalaşdırılarkən neftin qiymətini 45 dollardan götürmüşük. Odur ki, neft bazarında hansı dəyişiklik baş verirsə-versin, büdcədə neftin qiyməti 45 dollardan aşağı düşməyəcək. Əgər büdcəyə yenidən baxılırsa, burada neftin qiymətinin dəyişdirilməsi o qədər də vacib deyil. Çünki neftin qiyməti əvvəlcədən, büdcə formalaşdırlarkən müəyyən edilir, proqnozlaşdırılır. Ona görə də büdcəyə ikinci dəfə baxılarkən, büdcəyə artım edilərkən neftin qiymətinin neçə olacağı nəzərə alınmır. Biz bu günə qədər, elə 2015, 2016 və 2017-ci illərdə də büdcəyə yenidən baxmışıq və orada neftin qiymətinə yenidən qayıtmamışıq".Büdcəyə əlavə olunacaq gəlirin hansı sahələrə yönəldilməsi məsələsinə gəlincə, millət vəkili qeyd edib ki, dövlət nəyi prioritet kimi nəzərdə tutursa, o vəsaitlər xərclənir. Sadəcə, hər bir  büdcə təşkilatında həm funksional mənada, həm inzibati mənada büdcədə qalıq yaranır. Tutaq ki, rabitə xərcləri - əvvəlcədən nəzərdə tutulub ki, filan qədər rabitə xərcləri xərclənəcək.Yaxud, elektrik enerjisi üzrə filan qədər vəsait xərclənəcək. Ancaq sonra elə olur ki, hər vəsaitin heç də hamısı xərclənmir, bir çox sahələr üzrə qənaət yaranır. 17 milyardlıq büdcə xərclənərkən ilin sonuna büdcə təşkilatlarının xəzinə hesablarında müəyyən məbləğdə - tutaq ki,  min, üç min, beş min qənaət yaranır.Həmin vəsaitlər istifadə olunmadığından büdcədə sərbəst şəkildə qalır. Zəruri xərclərdən fərqli olaraq, lazımsız xərclər həyata keçirilmədikdə qənaət yaranır. Büdcə təşkilatı ilin əvvəlində nəzərdə turur ki, beş kompüter alacaq, sonradan ona üç kompüter bəs edir. Yaxud, tikinti üçün nəzərdə tutulan vəsait sonradan lazım olmur: "Odur ki, büdcədə azad, sərbəst qalıq yaranır və o vəsait sonradan digər vacib sahələrə ayrılır, yönəldilir. Demək istəyirəm ki, burada hansısa vəsait çatışmazlığından söhbət getmir və gedə də bilməz. Azərbaycanda hazırda pul, vəsait çatışmazlığı problemi yoxdur, yaşanmır. Bununla yanaşı, konkret demək olmaz ki, hansı sahəyə nə qədər vəsait xərclənəcək. 2018-ci ilin büdcəsi müzakirə olunarkən deputatlar tərəfindən müəyyən fikirlər səslənilib. Bildirilib ki, onun təmsil etdiyi rayonda hansısa problem var. Çox güman ki, birinci olaraq sosial sahələr nəzərə alınacaq. Bundan başqa, investisiya xərclərinə də yönəldilə bilər. Təhsil, mədəniyyət, elm sahələrinə hesab olunsa ki, vəsait artırmaq zəruridir, o sahələrə də yönəldilə bilər. Ancaq birinci növbədə əməkhaqları, pensiya və müavinətlərin artırılmasına tələbat yaransa, onların maliyyələşdirilməsi üçün artıq vəsait nəzərdə tutulur". Millət vəkili həmkarları tərəfindən "Maliyyə nəzarəti haqqında" qanunun və Büdcə Məcəlləsinin qəbul olunması barədə təkliflərinə də münasibət bildirib. Qeyd edib ki, "Hesablama Palatası haqqında" qanun ikinci oxunuşda qəbul olunub. Məlum olduğu kimi indiki halda Hesablama Palatası büdcə xərclərinə nəzarəti həyata keçirir: "Cənab prezident şəffaflığın təmin olunması üçün inzibati resurslarla yanaşı, elmi, metodik və innovativ tədbirlərin həyata keçirilməsi üçün  tapşırıqlar, tövsiyələr verib və bu istiqamətdə də bir sıra önəmli addımlar atılıb. Maliyyə Nazirliyi tərəfindən "Mühasibat uçotu haqqında" qanuna dəyişiklik təklif olunub. Bu gün mühasibatlıq sistemi beynəlxalq standartlara uyğunlaşdırılır. Ümumən götürəndə mühasibatlıqda, vergi sistemində yeni, şəffaf innovasiyalardan istifadə olunub, insan amili aradan götürülür, elektron ötürücülər vasitəsilə hesabatlar təqdim olunur. Bütün bunlar neqativ halların qarşısını avtomatik şəkildə alır. Artıq proqramlar elə tərtib olunub ki, nəzərdə tutulan xərclər bu istiqamətdə xərclənməlidir. Maliyyə, bank, vergi, gömrük sistemində aparılan innovativ tədbirlərin özü dövlət büdcəsinin məqsədyönlü xərclənməsini təmin edir. Bununla yanaşı, Hesablama Palatası və Maliyyə Nazirliyi cari nəzarəti həyata keçirir. Ona görə demək olmaz ki, bu gün "Maliyyə nəzarəti haqqında" qanun mütləq lazımdır.Belə bir qanuna ehtiyac var, ancaq bu gün onu əvəz edəcək, mövcud qanunvericilikdən irəli gələn  funksiyaları həyata keçirən müvafiq qurumlarımız var. Bununla belə, nəzarət sisteminin artırılmasına, şəffaflığın təmin olunmasına, inkişafa xidmət edən hər hansı bir mütərəqqi qanunun qəbul olunması özü mütərəqqi haldır". Dövlət zəmanəti ilə götürülün kreditlər məsələsinə toxunan millət vəkili  bildirib ki, əslində, dövlət zəmanəti ilə götürülən kreditlər onu götürənə qədər təhlil olunmalıdır. Hesab edirəm ki, işlər bu istiqamətdə aparılmalıdır: "Yəni, götürülən kreditə dövlət zəmanət verirsə, həmin kreditin qaytarılması ilə bağlı bütün potensial əvvəlcədən hesablanmalıdır. Həmin kreditlərin təyinatı üzrə xərclənməsinə kreditinə zəmanət olan dövlət tərəfindən nəzarət olunmalıdır. Kreditin geri qaytarılmasında hər hansı gərginlik yaranarsa, həmin halda deyil, kredit götürülənə qədər bütün təhlillər aparılmalıdır. Kredit götürüldükdən sonra onun xərc istiqamətinə cari nəzarət həyata keçirilməlidir. Götürülən kreditlərin birbaşa real sektora xərclənməsi tam müəyyənləşməli və qaytarmaq perspektivləri təmin olunmalıdır".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31