Dağ rayonları sosial-iqtisadi inkişafın yeni mərhələsində
25 May 2018 16:23 İqtisadiyyatRegionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbul edilməsi ölkəmizin sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanğıcını qoyaraq regionların inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri səviyyəsinə qaldırdı. Zamanın nəbzini düzgün tutmaqla, mövcud iqtisadi potensialdan və resurslardan, bütün imkanlardan səmərəli şəkildə istifadə etməklə ölkə iqtisadiyyatının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına şərait yaratdı. Hazırda dövlət başçısının müdrik düşüncəsi ilə həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyatımızın ilbəil artdığını, bütün sahələrdə dinamik inkişafın təmin edildiyini, vətəndaşlarımızın rifah halının, həyat şəraitinin gündən-günə yaxşılaşdığını, respublikanın hər bir bölgəsində genişmiqyaslı tikinti-abadlıq, quruculuq işlərinin görüldüyünü müşahidə etməkdəyik. Yardımlı rayonunda da sosial-iqtisadi inkişaf sahəsində uğurlu nəticələr qazanılmış, regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında müəyyən edilmiş tədbirlərin icrası istiqamətində mühüm infrastruktur layihələri həyata keçirilmişdir. Rayon İcra Hakimiyyətindən bildirilib ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində rayonda kənd təsərrüfatının inkişafı, tikinti-abadlıq-quruculuq işləri, yerli əhəmiyyətli avtomobil yollarının əsaslı tikinitisi, əhalinin içməli su ilə təmini, əhalinin sosial rifah halının daha da yaxşılaşması və digər infrastruktur layihələrinin icrası uğurla həyata keçirilmiş və hazırda bu istiqamətdə işlər davam etdirilir. Belə ki, rayonda mövcud 9 ədəd çoxmənzilli yaşayış binalarında dam örtüyü dəyişdirilmiş, yararsız vəziyətdə olan pilləkənlər dəmir beton və taxta pillələrlə yenilənmiş, xarici divarlarda, eləcə də blok və daxili divarlarda suvaq və rənglənmə işləri aparılmış, qapı və pəncərələr plastik qapı və pəncərə ilə əvəz olunmuş, həyətyanı sahə çınqıl örtüklə döşənmiş, binaların ətrafında mişar daşı və dəmir-beton konstruksiyadan ibarət istinad divarı tikilmişdir. Şəhid ailələri üçün, eləcə də təbii hadisələr səbəbindən qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərin tikintisi işləri davam etdirilmişdir. Hazırda, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tərəfindən üç şəhid ailəsi üçün birmərtəbəli müasir evlər inşa olunur. Təbii-texnogen hadisələrin təsirindən qəzalı vəziyyətə düşmüş rayonun 4 yaşayış məntəqəsində 6 fərdi yaşayış evinin tikintisi davam etdirilir. Yaxın aylar ərzində sakinlərin istifdəsinə veriləcək.
Rayonda əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində işlər davam etdirilməkdədir. Hazırda Yardımlı şəhərində su və kanalizasiya xətlərinin çəkilişi davam edir. May ayının sonuna kimi şəhər əhalisi içməli su ilə təmin olunacaqdır. İyul ayının sonuna kimi isə kanalizasiya xəttinin tam istifadəyə verilməsi planlaşdırılıb. Qeyd edək ki, rayionun bir sıra kəndləri həqiqətən, içməli sudan əziyyət çəkirlər. Əhali içməli su təlabatını digər yerlərdən maşınlarla daşımaqla həll edirlər və belə məsələlərin həlli mühüm məsələ kimi daim diqqətimizdə saxlanılmışdır. Sineyir-Separadi magistral su xəttindən hazırda, 9 yaşayış məntəqəsində 6 min 500 nəfər əhali istifadə edir. Qeyd edək ki, Yolocaq kəndində inşa olunmuş su anbarı su mənbəyinə yaxın hündürlükdə tikildiyi üçün, xüsusilə yay mövsümündə anbara su vermək qeyri-mümkün olur. Odur ki, rayon Sukanal idarəinə tapşırıq verilmişdir ki, su xətti Yolocaq kəndinin mərkəzinə çəkilsin və kəndin mərkəzi hissəsində su anbarı tikilsin. Rayonda yol infrastrukturunun yenilənməsinə də xüsisi diqqət yetirilir. Məlum olduğu kimi, Ölkə Prezidenti İlham Əliyev 4 sentyabr tarixdə Cəlilabad -Yardımlı yerli əhəmiyyətli avtomobil yolunun tikintisi ilə əlaqədar sərəncam imzalamışdır. Artıq, sərəncamın icrası məqsədilə Sırıq kəndindən Ərus kəndi istiqamətində 6 km məsafədə suötürücü qurğular quraşdırılmış, torpaq işləri görülərək yolun eni 10 metr genişləndirilmişdir.
Regioların sosial-iqtisadi inkiafı dövlət proqramlarının icrası rayon sakinlərinin sosial rifahına da müsbət təsir göstərib. Belə ki, 2018-ci ildə rayon üzrə 14 milyon 993 min manatlıq ümumi məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə müqayisədə 12 % çoxdur. 253 min 500 manatlıq sənaye, 6 milyon 76 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuş, əhaliyə 5 milyon 442 min manatlıq ticarət, 330 min 200 manatlıq nəqliyyat və 103 min 200 manatlıq rabitə xidməti göstərilmiş, 2 milyon 788 min manatlıq tikinti həyata keçirilmişdir. Adambaşına düşən məhsul istehsalı 226,2 manat olmuşdur. Rayon üzrə orta aylıq əmək haqqı 299,8 manatdır. Rayonda özəl sektorun, eləcə də kiçik və orta sahibkarlığın inkişafına xüsusi diqqət yetirilib. 2018-ci ilin birinci rübü ərzində 1 nəfər hüquqi və 46 nəfər fiziki şəxs kimi qeydiyyatdan keçmişdir. Ümumilikdə rayonda 5 min 572 nəfər sahibkarlıq subyekti qeydiyyatdadır ki, bundan 5 min 129-u fiziki şəxs, 443-ü isə hüquqi şəxslərdir.
Onu da qeyd edək ki, rayon sakinlərinin gəlir mənbəyi əsasən kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlıqla bağlıdır. Elə bu səbədən də 2017-ci ilin payızında 2018-ci ilin məhsulu üçün 3 min 418 hektar sahədə payızlıq taxıl bitkiləri -3 min 183 hektar sahədə payızlıq buğda, 148 hektar sahədə payızlıq arpa, 87,0 hektar sahədə isə vələmir əkilmişdir. Payızlıq bitkilərin 3 min 177 hektarı əhali təsərrüfatları, 241 hektarı isə fermer, kiçik müəssisələr və kooperativ təsərrüfatları tərəfindən əkilmişdir. 2018-ci ilin məhsulu üçün rayon üzrə 781,5 hektar sahədə yazlıq əkini aparılmışdır. 216 hektar sahədə dənli və dənli paxlalılar, 460 hektar sahədə kartof, 105,5 hektar sahədə müxtəlif növ tərəvəz bitkilər əkilibdir. Tərəvəz bitkilərinin əsasını yəni, 32,5 hektarını sarımsaq sahəsi təşkil edir. Rayonun 139 fermer təsərrüfatı olduğu halda "Mehdi" kəndli fermer təsərrüfatı istisna olmaqla, qalan təsərrüfatlarda yazlıq bitkilər əkini aparılmamışdır. Rayonda son illərdə əkin sahələrinin artması səbəbindən, məhsul istehsalçılarının kənd təsərrüfatı təmayüllü texnikalara olan tələbatı da artmışdır. Rayon üzrə 67 ədəd saz vəziyyətdə olan şum traktorları, 4 ədəd taxıl biçən kombayn vardır ki, şum traktorlarının 21 ədədi, taxılbiçən kombaynın isə 1 ədədi lizinq yolu ilə alınmış yeni texnikalardır. Əsasən taxıl istehsalçıları taxıl biçini vaxtı kombayn çatışmazlığından şikayətlənirlər və mən onların şikayətini haqlı hesab edirəm. Əgər vətəndaşın əkin sahəsi kombaynın işləməsi üçün əlverişlidirsə, vaxtında biçilməlidir. Rayon kənd təsərrüfatı idarəsi bu işlərdə tam məsuliyyət daşıyır, taxıl biçini üçün sakinlər vaxtında texnika ilə təmin olunmalıdır. İdarə indidən bu kimi məsələləri həll etməlidir. Rayonumuzda buğda istehsalçıları tərəfindən yüksək məhsuldarlığa malik elit toxum növləri demək olar ki, əkilmir. İstehsalçılar hər il əkdikləri taxıldan ehtiyat toxum kimi istifadə etdiklərindən, hektara məhsuldarlıq aşağı olur. İqlim şəraitinə uyğun elit toxum növlərinin rayona gətirilməsi üçün özəl toxumçuluq təsərrüfatı yaradılması vacib məsələdir. Rayonda son illərdə taxıl sahələrində aparılmış müşahidələr zamanı ziyanvericilərin çox olması müəyyənləşdirmişdir. Ziyanvericilərə qarşı aparılmış proflaktik tədbirlərə baxmayaraq, hələ də, sahələrdə ziyanvericilər qalmaqdadır. Əlbəttə ki, bu səbəbdən taxıl sahələrinə ciddi ziyan dəyir, məhsuldarlığa mənfi təsir göstərir.
Eyni zamanda, rayonda cari ildə 50 hektar sualtı sahədə "Verçiniya" növü olan tütün əkini aparılması nəzərdə tutulmuşdur. Bu məqsədlə rayon icra hakimiyyəti tərəfindən əkinçilərə əvəzsiz olaraq toxum paylanmışdır. Onlar tərəfindən şitilliklər salınmış, şitilliklər mütəxəssislər tərəfindən mütəmadi olaraq nəzarətdə saxlanılır, hazırda toxumun çıxışı normal müəyyənləşdirilmiş və yaxın günlərdə sahələrə köçürüləcəkdir. Birinci rübdə rayonda heyvandarlığın və heyvandarlıq məhsullarının istehsalı 2017 -ci ilin müvafiq dövrinə müqayisədə artmışdır. 01 aprel 2018-cı il vəziyyətinə rayonda 28 min 579 baş iri buynuzlu mal-qara qeydə alınıb. ırda buynuzlu heyvanların sayı isə 87 min 714 başdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 176 baş mal-qara, 2 min 573 baş qoyun və keçilərin sayı çoxdur.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası rayonda təhsil sahəsuinin də inkişafına təkan verib. Belə ki, Prezident İlham Əliyev Cəlilabad, Masallı və Yardımlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Yardımlı rayonunun Şıxlar, Bilnə, Avun kəndlərində modul məktəblər quraşdırılacaq. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının həyata keçirilməsi nəticəsində Yardımlı rayonunda infrastruktur layihələr həyata keçirilib, kənd təsərrüfatının inkişafında dönüş yaranıb, əhalinin sosial rifah halı yüksəlib.Etiraf edilməlidir ki, dövlət proqramlarının uğurla icrası regionların tarazlı iqtisadi inkişaf yoluna çıxarmaqla yanaşı, sosial sahədə qarşıda duran problemlərin həlli üçün etibarlı zəmin yaratdı. Regionların mövcud iqtisadi potensialından düzgün istifadə etməklə yeni istehsal və xidmət müəssisələrinin yaradılması tarazlı inkişafla bərabər əhalinin məşğulluq problemlərinin yoluna qoyulması və yeni iş yerlərinin açılması ilə müşayiət edilir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir