Azərbaycanın uğurlu iqtisadi inkişaf yolu davam edir
24 May 2018 15:58 İqtisadiyyatHəyata keçirilən siyasi və iqtisadi islahatlar bunu deməyə əsas verir
Azərbaycan yeni bir mərhələyə qədəm qoyub. Aprelin 11-dən etibarən start verilən bu mərhələ həm indiyə qədər qət edilən uğurlu yolun davamı, həm də yeni hədəflərin müəyyənləşdirilməsi, qarşıya qoyulan vəzifələrə əvvəlki illərdə olduğu kimi nail olmaq dövrüdür. Ötən 15 ildə əldə edilən nailiyyətlər, qazanılan uğurlar qarşıdakı hədəflərə də qısa zamanda və yüksək ustalıqla nail olunacağından xəbər verir. Belə bir əminliyin yaranmasına təsir edən isə bir sıra faktorlar var. İlk növbədə qarşıdakı hədəflərə çatacağımıza dair əminlik yeni komandanın formalaşmasıdır. Məlum olduğu kimi prezident seçkilərindən sonra istefaya göndərilən hökumət yenidən formalaşdırıldı və yeni hökumətin formalaşdırılmasında diqqət çəkən ən vacib məqam hökumətin tərkibində gənc və peşəkar kadrların yer alması oldu. Hökumətin kabinetinin yenilənməsi həm uğurlu siyasi islahatlar, həm də iqtisadi sahədə nailiyyətlərin əldə olunacağından xəbər verirdi.
Ümumiyyətlə, son 15 ildə Azərbaycanın keçdiyi uğurlu inkişaf yoluna nəzər saldıqda aydın şəkildə görürük ki, ölkəmizin iqtisadi potensialı və imkanları kifayət qədər artıb. Azərbaycan bu illər ərzində iqtisadi baxımından elə bir səviyyədə inkişaf edib ki, hətta ölkəmizin təcrübəsi inkişaf etmiş dövlətlər üçün də örnək rolunu oynayıb. Təsadüfi deyil ki, bu gün əksər dünya ölkələri Azərbaycanın iqtisadi modelini öyrənir, onu tətbiq etməyə çalışırlar.
Prezident seçkilərindən keçən dövr ərzində müşahidə edilən müsbət tendensiyalardan biri də dövlət başçısının ardıcıl olaraq həm xarici, həm də daxili səfərlərə çıxmasıdır. Adətən dünya ölkələrində bu və ya digər seçkilərdən sonra seçki mübarizəsndən qalib ayrılan şəxs və ya partiya bir müddət seçki ağırlığını aradan qaldırmaq üçün istirahətə üstünlük verir. Lakin göründüyü kimi, Azərbaycan Prezidenti seçkilərdən dərhal sonra belə gərgin iş rejimini davam etdirərək daxili və xarici səfərlər etdi. Ümumiyyətlə, dövlət başçısı mütəmadi qaydada ictimaiyyətin nümayəndələri ilə görüşür, tez-tez bölgələrə səfərlərə gedir. Prezident insanları narahat edən məsələlərlə yerindəcə tanış olur, həmçinin əvvəllər verilən tapşırıqların müvafiq qurumlar tərəfindən necə icra edildiyi ilə maraqlanır. Beləliklə, bir tərəfdən nəzarət möhkəmlənir, məmurların məsuliyyəti artır, digər tərəfdən isə dövlət siyasətinin prioritetləri müəyyənləşdirilərkən yerlərdə insanların qaldırdıqları məsələlər mütləq nəzərə alınır.
Prezident seçkilərindən sonrakı dövrdə qarşıda duran hədəflərə gəlincə isə, onu deyə bilərik ki, yeganə məqsəd və vəzifə əldə edilən nailiyyətləri davam etdirməkdir. Ötən illər ərzində reallaşdırılan məqsədyönlü siyasət sayəsində Azərbaycan bütün sahələrdə böyük uğurlara nail olub. Bu dövrdə bütün dünyada iqtisadi cəhətdən Azərbaycan kimi dinamik inkişaf edən ölkələrin sayı çox az olub. Son 15 il ərzində iqtisadiyyatımız 3,2 dəfə artıb ki, bu da dünyada ən yaxşı göstəricilərdən biri hesab olunur. Həyata keçirilən davamlı dəstək tədbirləri, aparılan məqsədyönlü islahatlar sayəsində qeyri-neft iqtisadiyyatımız 2,8 dəfə artıb. O cümlədən qeyri-neft ixracı 4,1 dəfə artıb. Bu gün Cənubi Qafqaz regionunun iqtisadiyyatının təxminən 70 faizi Azərbaycanın payına düşür. Ötən 15 ildə Azərbaycan həmçinin strateji valyuta ehtiyatlarını dəfələrlə artıraraq 44 milyard dollara çatdırmağa nail olub. Bütün bu faktlar Azərbaycanın kifayət qədər böyük potensiala və gücə malik dövlət olduğunun göstəricisidir.
Son 15 ildə reallaşdırılan məqsədyönlü siyasət sayəsində respublikanın iqtisadi müstəqilliyinin təmin olunması, maliyyə imkanlarının genişləndirilməsi Azərbaycanın özünəinam hissini artırır və ölkənin siyasi müstəqilliyini təmin edir. Bu gün Azərbaycan regional və qlobal miqyasda gedən proseslərə təsir göstərmək iqtidarında olan güclü aktora çevrilib. Təsadüfi deyil ki, respublikamız regionda qlobal əhəmiyyətli əksər layihələrin moderatoru rolunda çıxış edir.
Ancaq əldə edilmiş nailiyyətlər təbii ki, kifayət etmir. Çünki zaman dəyişdikcə, dünya inkişaf etdikcə qarşıya yeni-yeni hədəflər çıxır. Ona görə də daha güclü Azərbaycan qurmaq üçün daha böyük əzmlə, səylə çalışmaq zərurətə çevrilir. Elə prezident seçkilərindən sonra siyasi sahədə həyata keçirilən islahatlar da məhz buna hesablanıb. Burada isə yeganə məqsəd dövlətimizi daha da gücləndirmək, xalqın rifah halının daha da yaxşılaşdırmaqdır. Elə dövlət başçısı və dövlətin həyata keçirdiyi siyasətinin də başlıca məqsədi məhz budur
Füzuli