Büdcəyə əlavə ediləcək vəsait hansı istiqamətə xərclənəcək?

Vüqar Bayramov: "Büdcənin xərc maddələrinin kəskin artırılması arzuolunan deyil"

2018-ci ilin dövlət büdcəsinə dəyişikliklərin ediləcəyi göxlənir. Neftin dünya bazar qiymətinin yüksək olması dövlət büdcəsinin gəlir və xərclərində dəqiqləşdirmələr aparılmasını gündəmə gətirib. Bu ilin büdcəsinin gəlir və xərclərinin artırılacağı gözlənilir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) hesablamarına əsasən, neftin orta qiymətinin 75 dollar olması Azərbaycan üçün əlavə 5 milyard manatdan artıq gəlir deməkdir. Bu isə həm Dövlət Neft Fonduna, həm də dövlət büdcəsinə proqnozlaşdırıldığından əlavə daxilolmalara vəd edir. Neftin mövcud qiymətləri fonunda Azərbaycanın strateji valyuta ehtiyatlarının artacağı da proqnozlaşdırılandır. İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, 2018-ci ilin dövlət büdcəsinin xərclərinin əvvəlki il ilə müqayisədə 3 milyard manata yaxın çox proqnozlaşdırıldığını nəzərə alsaq büdcə sənədinə ediləcək dəyişikliklərdə xərc maddələrinin kəskin artırılması arzuolunan deyil: "Təbii ki, gəlir və xərclərin hansı səviyyədə artırılması neftin büdcədəki yeni qiymətindən asılı olacaq. Yeni qiymətin yüksək müəyyənləşdirilməsi büdcəyə daxil olmaları daha çox artıra bilər. Bütövlükdə, fiscal konsolidasiya siyasətinin davam etdirilməsi daha məqsədəuyğundur. Siyası faktorlar zəifləyərsə neftin dünya bazar qiymətinin uzun müddətli dövrdə yüksək qalacağı az inandiricıdır".

Maraqlıdır, bəs, büdcəyə əlavə ediləcək vəsaiti hansı istiqamətə xərcləmək daha məqsədəyğundur?  V.Bayramov qeyd edib ki, əvvəllər də təklif olunduğu  kimi, bank sektorunun sağlamlaşdırılması, əhalinin xərclərinin azaldılması üçün dəqiqləşdirilmiş büdcədən xarici valyutada olan kreditlərdə yaranan fərqin bir hissəsinin kompensasiyası üçün bu istiqamətə vəsaitin ayrılması daha məqsədəuyğun olardı: "Bu baxımdan da, daha məqbul hesab edilə biləcək yol məhz güzəşt mexanizminin tətbiq edilməsidir. Qeyd edim ki, CESD olaraq 2015-ci ildə xarici valyutada olan kreditlərə güzəştlərin verilməsi ilə bağlı təkliflər paket hazırlayıb hökumətə təqdim etmişik. Biz üçtərəfli mexanizmin tətbiqini təklif edirik və bu "üç tərəfli güzəşt" mexanizmi adlanır. Söhbət fərqin üç tərəf - hökumət, banklar və müştəri arasında bölüşdürülməsindən gedir. Praktik olaraq, bu zaman yaranan fərqin üçdə birini dövlət, üçdə birini banklar, üçdə birini isə müştəri özü qarşılayır. Bunun özəlliyi ondan ibarət idi ki, hər bir tərəf yaranan fərqin az bir hissəsini, yəni, üçdə birini qarşılayır. Əgər müştəri 1.05 məzənnə ilə kredit götürübsə və artıq məzənnə 1.70-dirsə, o zaman yaranan 0.65 qəpiklik fərqin üçdə birini vətəndaş, digər üçdə ikisini isə dövlət və bank ödəyir. Bu, vətəndaş üçün ağırlıq yaratmır, çünki artıq üçdə ikisini başqa tərəf ödəyir. Bank üçün də ağırlıq yaratmır, çünki bank da üçdə birini ödəyir, digər üçdə ikisini isə vətəndaş və dövlət ödəyir. Dövlət üçün də ağırlıq yaratmır, çünki dövlət də üçdə birini ödəyir və digər üçdə ikisini müştəri ilə bank ödəyir. Bu mexanizmin özəlliyi ondan ibarətdi ki, burada tərəflərin heç birinə ciddi maliyyə ağırlığı düşmür. Nəticə etibarilə, bu imkan verir ki, problemli kreditlərin həlli istiqamətində ciddi addım atmaq mümkün olsun. Bu zaman Mərkəzi Bankın heç də böyük olmayan vəsaitlə problemi həll etmək imkanına malik olur. Problemli kredit probleminin həlli üçün düşünürəm ki, bizim təkiliflərin qəbul edilməsi məqsədə uyğun olardı. ABŞ-da qlobal maliyyə böhranı baş verdikdən sonra banklarda toksid aktivlərin, eləcə də problemli kreditlərin sağlamlaşdırılması ilə bağlı xüsusi proqram qəbul edildi. Həmin proqram çərçivəsində dövlət banklardakı toksid aktivləri, eləcə də problemli kreditləri satın aldı, onları səhmləşdirərək bazara çıxartdı. Dövlət praktiki olaraq, həmin proqram çərçivəsində 400 milyard dollara yaxın vəsait xərclədi. Oxşar güzəştlərin tətbiq edilməsi mexanizmi Rusiyada da istifadə olunub. Kredit götürən vətəndaşa ödəniş üçün uzunmüddətli zaman təklif olunub. ABŞ da daxil olmaqla bir sıra ölkələrdə birbaşa güzəştlər, bəzi ölkələrdə isə dolayı güzəşt mexanizmi tətbiq olunub. O baxımdan, biz də Azərbaycanda "üçtərəfli güzəşt mexanizmi"nin tətbiqini təklif edirik. Bu, həm dolayı, həm də birbaşa güzəşt üsulunu özündə ehtiva edir və problemli kredit məsələsinin həllinə ciddi dəstək ola bilər. Bu mexanizminin maliyyələşdirilməsi üçün büdcəyə ediləcək dəyişikliklərdə xərcin nəzərdə tutulması daha məqsədəuyğun olardı".

Qeyd edək ki, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat proqnozlaşdırılır ki, bu da ÜDM-in 29%-i həcmində olmaqla, 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,361 mlrd. manat və ya 20%, 2016-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 2,621 mlrd. manat və ya 15% çoxdur. 2018-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7,907 mlrd. manatı və ya 39,3%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 9,216 mlrd. manatı və ya 45,8%-i Dövlət Neft Fondundan transferti, 2,43 mlrd. manatı və ya 12,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 574 mın. manatı və ya 2,8%-i isə digər gəlirlərin payına düşür. Vergilər Nazirliyi üzrə proqnoz məbləği ÜDM-in 11,4%-i həcmində olmaqla 7,907 mlrd. manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozundan 262 mln. manat və ya 3,4%, 2016-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 891,4 mln. manat və ya 12,7% çoxdur.  2018-ci ilin büdcə xərclərinin ÜDM-də xüsusi çəkisi 30,1% təşkil edəcək ki, bu da 2017-ci ilə nisbətən 3,8 faiz bəndi çoxdur. Mütləq ifadədə 2018-ci ilin dövlət büdcəsində xərclər 20,906 mlrd. manat proqnozlaşdırılır ki, bu da 2017-ci illə müqayisədə 2,965 mlrd. manat və ya 16,5%, 2016-cı ilin faktiki icrası ilə müqayisədə 3,154 mlrd. manat və ya 17,8% artıqdır.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31