Regionlarının sosial-iqtisadi inkişaf proqramları ölkənin iqtisadi potensialının artmasına şərait yaradır

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda (2004-2008-ci illər), "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı"nda və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymuş, qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan vermiş, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynamışdır. Azərbaycan Respublikası regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək bu gün də dövlətin qarşısında duran əsas vəzifələrdəndir. Regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının da məqsədi ölkədə iqtisadiyyatın diversifikasiyasına və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə xidmət etməkdir. Məhz ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın (2004-2008-ci illər) məntiqi davamı olaraq hazırlanmış sənəddə ölkə regionlarının inkişafı sahəsində əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsi, başlanmış inkişaf tədbirlərinin 2009-2013-cü illərdə də davam etdirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, yeni Dövlət Proqramı əvvəlkindən fərqli olaraq mühüm prioritet kimi Bakı şəhəri və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına yönəldilmiş tədbirləri də özündə əks etdirir. Məhz ölkə başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu Dövlət Proqramının nəticəsi Azərbaycanda bütün infrastrukturun dünya səviyyəsinə çatmasına və Avropa Birliyinin meyarlarına bərabər olmasına şərait yaradacaqdır. Bu baxımdan Dövlət Proqramında ölkə iqtisadiyyatının bütün sahələri və regionlar üzrə indiyədək həll olunmamış bütün məsələlərin, o cümlədən bütün bölgələrdə hər bir kəndin konkret problemlərinin, əhalini narahat edən məsələlərin əks olunması prioritet vəzifə kimi qarşıya qoyulmuşdur. Yeni sosial-iqtisadi inkişaf mərhələsində olan ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı ilə əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində dövlətin məqsədyönlü siyasətinə uyğun olaraq Dövlət Proqramında bütün regionlarda, eləcə də paytaxtda mövcud potensialdan daha səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafı, kommunal xidmət və digər infrastruktur obyektlərinin, yeni istehsal və emal müəssisələrinin yaradılması, mövcud müəssisələrdə istehsal fəaliyyətinin genişləndirilməsi, rabitə və informasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi, sosial infrastrukturun yaxşılaşdırılması, o cümlədən müasir standartlara cavab verən təhsil, elm, səhiyyə, mədəniyyət və idman obyektlərinin inşası, yenidən qurulması, əlil və şəhid ailələri üçün yaşayış binalarının tikintisi üzrə kompleks tədbirlər nəzərdə tutulmuşdu. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı, əslində, ölkəmizin uğurlu, dayanıqlı inkişafı, iqtisadiyyatımızın şaxələndirilməsi üçün ən vacib və ən əsas iqtisadi alətə çevrilmişdir.

Qeyd edək ki,  "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ölkə iqtisadiyyatında mühüm əhəmiyyət kəsb etməklə, 2013-cü il ərzində makroiqtisadi sabitliyin təmin olunmasında, sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və yeni iş yerlərinin yaranmasında, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsində, yoxsulluq aşağı düşməsində və əhalinin rifah halının daha da yaxşılaşdırılmasında müstəsna rol oynamışdır. Ölkədə, o cümlədən regionlarda yeni iş yerlərinin yaradılması, sahibkarlığın inkişafı, infrastruktur təminatının yaxşılaşdırılması və əhalinin kommunal xidmətlərə olan tələbatının ödənilməsi, sosial problemlərinin həlli istiqamətində tədbirlər 2009-2013-cü illər ərzinddə uğurla icra olunmuşdur.
Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramı çərçivəsində həyata keçirilən təbdirlər nəticəsində ölkə iqtisadiyyatı sürətli və dayanıqlı inkişafa nail olub. Təsadüfi deyil ki, beynəlxalq maliyyə qurumları Azərbaycanda gedən işləri yüksək qiymətləndirir və kredit reytinqlərinin təhlilini aparan aparıcı qurumlar Azərbaycanın kredit reytinqlərini artırmışlar. Avropanın bəzi ölkələrinin kredit reytinqləri aşağı düşdüyü məqamda Azərbaycanın son bir neçə ilin təcrübəsi dinamik inkişafa zəmin yaradıb. Çünki hətta dünyanı bürümüş maliyyə və iqtisadi böhran illərində Azərbaycan iqtisadiyyatı inkişaf etmiş və beləliklə, ölkəmizin uğurlu inkişafı təmin edilmişdir.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları eyni zamanda sosial məsələlərin həllinə müsbət təsir göstərib. Belə ki, Azərbaycanda həyata keçirilən iqtisadi sahədəki islahatlar, eyni zamanda, güclü sosial siyasətlə də tamamlanır. Nəticədə ölkədə orta aylıq əməkhaqqı, orta pensiyanın səviyyəsi xeyli yüksəlib. Dövlət müəssisələrində çalışanların əməkhaqları artıb, eyni zamanda, sahibkarlığın inkişafı üçün yaradılan şərait nəticəsində özəl sektorda çalışanlar da öz maliyyə vəziyyətini yaxşılaşıb. Paralel olaraq ölkədə çoxsaylı məktəb, tibb müəssisəsi tikilib, çoxsaylı sosialyönümlü obyektlər istifadəyə verilib.İnfrastruktur layihələrinin icrası məsələləri daim diqqət mərkəzində olub. Yeri gəlmişkən qeyd edək ki, infrastruktur layihələri regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tərkib hissəsi kimi qəbul edilib. Çünki, regionlarda infrastruktur layihələri demək olar ki, sıfırdan başlanıb. Artıq qətiyyətlə demək olar ki, elektrik enerjisi, qaz, içməli su ilə təmin olunan regionlarda yeni iş yerlərinin açılması  bölgələrdə yaşamaq üçün yeni şərait yaradıb.

Məlumat üçün qeyd edək ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası ölkənin ayrı-ayrı şəhər və rayonlarında iqtisadi inkişafa şərait yaradıb. Bu işdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun da fəaliyyəti danılmazdır. Fond iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların maarifləndirilməsi və investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsini davam etdirir. Belə layihələr Xaçmaz rayonunda da həyata keçirilməkdədir. Məlumat üçün qeyd edək ki, Xaçmaz rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan intensiv bağçılıq, tingçilik və cins heyvandarlıq təsərrüfatlarının, çörək, quru meyvə, alma konsentratı istehsalı, süd emalı müəssisələrinin, logistik mərkəz və otelin yaradılması üzrə nümunəvi investisiya layihələri hazırlanıb. Hazırda isə Xaçmaz rayonunun Yalama qəsəbəsində güzəştli kredit ayrılmış "Yalama Aqropark"a istifadəyə verilib. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan bildirilib ki, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2580 investisiya layihəsinin maliyyələşdirilməsinə 190,3 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan aqroparkların, logistika mərkəzlərinin, taxıl anbarlarının, üzümçülük, intensiv bağçılıq, istixana təsərrüfatlarının, meyvə-tərəvəz emalı, quru meyvə, tara, tikinti materialları, mebel istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 11800-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb. Xaçmaz və ətraf rayonlardan olan 23 sahibkara 1,1 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, bağçılıq, quşçuluq, un məmulatları, mebel istehsalı, logistik mərkəzin tikintisi və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 120-dən çox yeni iş yerinin açılması mümkün olacaq. Onu da qeyd edək ki, ölkədə aqroparkların yaradılması prosesi sürətlə aparılır. Hazırda 30 rayon üzrə 192 min hektar ərazidə 45 aqropark yaradılır. Ümumi dəyəri 400 milyon manatdan çox olan 15 aqroparkın yaradılmasına indiyədək 110 milyon manat güzəştli kredit verilib. Belə aqroparklardan biri də Xaçmaz rayonunda yaradılan "Yalama Aqropark"dır. 1480 hektar sahədə yaradılan aqoparkda 3000 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, saatda 5 ton istehsal gücünə malik yem zavodu, tutumu 4,5 min ton olan taxıl anbarı, texnika qarajı, ofis binası və yataqxana, sanitar-keçid məntəqəsi, gübrə anbarı, nasosxana və digər yardımçı binalar tikilib və 385 hektar sahədə pivot suvarma sistemi quraşdırılıb. Heyvandarlıq kompleksinin yem bazasının yaradılması üçün 400 ha arpa, 38 ha qarışıq yem, 208 ha yonca, 327 ha silosluq qarğıdalı və 146 ha dənlik qarğıdalı əkilib. Onu da qeyd edək ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində respublikanın bütün rayon və şəhərlərində müvafiq tədbirlər həyata keçirilir. Görülən işlər nəticə edtibarilə ölkənin iqtisadi potensialının daha da artmasına şərait yaradır.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31