Regional proqramlar aqrar sahənin inkişafına təkan verib
10 May 2018 17:05 İqtisadiyyatArtıq 10 ildən çoxdur ki, ölkədə qeyri-neft sektorunun, bu sektorun mühüm istiqaməti sayılan aqrar sahə, kənd təsərrüfatının inkişaf etdirilməsi prioritet vəzifə kimi qarşıya məqəsəd kimi qoyulub. Etiraf etmək lazımdır ki, ötən illər ərzində qeyd edilən istiqamətdə kifayət qədər ciddi addımlar atılıb, layihələr həyata keçirilib, işlər görülüb. Xüsusilə onu qeyd etmək lazımdır ki, Azərbaycanda aqrar sahənin, kənd təsərrüfatının inkişaf etdirilməsində Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının mühüm rolu olub. 2004-cü ildən bu günə qədər həyata keçirilən bu proqramlar çərçivəsində regionlarda aqrar sahənin, kənd təsərrüfatının inkişafında ciddi irəliləyişlər əldə olunub. Bir məqamı xüsusi olaraq qeyd etmək lazımdır ki, artıq hər bir region, bölgə, rayon üçün spesifik sahələr müəyyən edilib, bölgələr aqrar sahənin, kənd təsərrüfatının həmin istiqamətləri üzrə ixtisaslaşdırılıb. Məsələn Aran zonası pambıqçılıq, cənub zonası sitrus meyvələri, şimal və şimal qərb bölgələri giləmeyvə və çərəzli bitgilərin istehsalı, əkilib-becərilməsi ilə ixtisaslaşıb.
Qeyd etdiyimiz kimi ölkədə aqrar sahə, kənd təsərrüfatının inkişafına əsasən 2004-cü ildən etibarən, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasına başlanıldığı vaxtdan əsas start verilib və hazırda da icrası davam edən Dövlət Proqramının üçüncü mərhələsinin icrası çərçivəsində bu sahə əsas prioritet hesab edilir.
Hazırda üçüncü Dövlət Proqramının icrası çərçivəsində bu istiqamətdə atılan addımlar onu deməyə əsas verir ki, ölkənin qeyri-neft sektorunun inkişafında əsas prioritet sahə olan kənd təsərrüfatının inkişafına yönələn ardıcıl islahatlar və yeni texnologiyaların cəlb edilməsi bundan sonra da davam etdiriləcək. Kənd təsərrüfatında fermerlərin birləşməsi və kooperativlərin yaradılması aqrar sektorda gəlirlərin və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətliliyinin daha da artırılmasına və beynəlxalq standartlara uyğunlaşmasına təkan verəcək. Aqrar sektorun inkişafı və əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi Dövlət Proqramında əsas istiqamətlərdən biri kimi nəzərdə tutulur. Aqrar bölmənin inkişafı istiqamətlərinə isə bunlar daxildir. Aqrar bölmənin xammal istehsalı və emalı sahələrinin əlaqəli inkişafı, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılmasının stimullaşdırılması, əsas ərzaq məhsulları ilə özünü təminetmə ilə bağlı tədbirlərin davam etdirilməsi, aqrar bölməyə maliyyə dəstəyinin artırılması və ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafının stimullaşdırılması tədbirlərinin davam etdirilməsi, bitkiçilikdə və heyvandarlıqda ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi və bu sahədə təsərrüfat subyektlərinin fəaliyyətinin stimullaşdırılması, iri taxılçılıq və ya toxumçuluq, tingçilik, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının yaradılması, regionlarda kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması və satışı məqsədi ilə istixana, soyuducu və taxıl anbarı komplekslərinin (logistika mərkəzlərinin) yaradılmasının davam etdirilməsi, hər bir rayonun xüsusiyyəti, təbii və iqlim şəraiti nəzərə alınmaqla kənd təsərrüfatı məhsullarının istehsalının ixtisaslaşması üzrə müvafiq tədbirlərin həyata keçirilməsi, ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları bazarının formalaşması, aqrar bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsi və bazar prinsipləri əsasında fəaliyyət göstərəcək yeni strukturların yaradılması, kənd təsərrüfatında suvarma və meliorasiya təminatının yaxşılaşdırılması tədbirlərinin davam etdirilməsi, torpaq və su ehtiyatlarından səmərəli istifadə olunması, torpaqların elektron texniki uçotunun aparılması və fermerlərin elektron qeydiyyat sisteminin yaradılması istiqamətində müvafiq işlərin görülməsi. Ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına səmərəli inteqrasiyasını təmin etmək üçün dövlətin xarici ticarət siyasətində qeyri-neft məhsullarının ixracının genişləndirilməsi priroritet istiqamətlərdəndir.
Bununla əlaqədar 2014-2018-ci illərdə regionların inkişafında böyük rolu olan kənd təsərrüfatı və emalı məhsullarının hədəf bazarlara çıxış imkanlarının araşdırılması və artırılması istiqamətində müvafiq tədbirlərin görülməsi, regionlarda fəaliyyət göstərən sahibkarların ixrac imkanlarının genişləndirilməsi üçün mütəmadi tədbirlərin davam etdirilməsi, milli istehsalçıların xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi, maraqlarının müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi, xarici ticarətin inkişafı üçün infrastruktur təminatının daha da yaxşılaşdırılması və təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi, Azərbaycan mənşəli məhsulların dünya bazarlarına çıxış imkanlarının artırılması məqsədilə ixracatçı müəssisələrin beynəlxalq sərgi və yarmarkalarda iştirakının stimullaşdırılması, ixracatda elektron ticarət xidmətlərindən geniş istifadə imkanlarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində müvafiq işlərin görülməsi, ixrac edilən və ixrac potensialı olan məhsulların keyfiyyət standartlarının yüksəldilməsi və bu istiqamətdə beynəlxalq standartlara uyğun məhsul istehsal edən müəssisələrin stimullaşdırılması və milli brendlərin yaradılmasının dəstəklənməsi kimi tədbirlər həyata keçirilib və bu kimi tədbirlər hazırda da davam etməkdədir.
2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramının qarşısında duran əsas məqsədlərdən biri ekoloji tarazlığın təmin olunmasına nail olmaq idi. Bu istiqamətdə biomüxtəlifliyin qorunması, yanacaq-enerji kompleksinin ətraf mühitə mənfi təsirinin neytrallaşdırılması, dənizin və onun akvatoriyasının çirklənməsinin aradan qaldırılması və qorunması, yaşıl ərazilərin bərpası və mövcud resursların səmərəli mühafizəsi istiqamətində zəruri tədbirlər indiyə qədər görülüb və həmin tədbirlər qarşıdakı illərdə də davam etdiriləcək. Ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin qorunması və təbii sərvətlərdən səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarət olacaqdır. Bu sahədə həyata keçiriləcək əsas tədbirlər isə regionlarda sənaye müəssisələrinin "yaşıl iqtisadiyyat" prinsipi əsasında fəaliyyət göstərməsi üzrə müvafiq tədbirlərin görülməsi, iqtisadi inkişafı xammal bazası ilə təchiz etmək üçün yeni xammal yataqlarının aşkar edilməsi, regionlarda meşəsalma və meşəbərpa tədbirlərinin davam etdirilməsi, yaşıllıq sahələrinin artırılması, regionlarda xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı və biomüxtəlifliyin davamlılığının təmin edilməsi, regionlarda yaranan bərk məişət və sənaye tullantılarının idarə olunması, alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsindən ibarət idi.
Elə keçən ilin statistik göstəricilərinə nəzər yetirdikdə aqrar sahədə, kənd təsərrüfatında ciddi irəliləyişlərin əldə edildiyini aydın şəkildə görə bilərik. Ümumiyyətlə, ölkədə uğurla həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatı sahəsi üzrə 2017-ci ilin yekunları bütün istiqamətlərdə müsbət nəticələrlə xarakterizə olunur. 2016-cı illə müqayisədə 2017-ci ildə kənd təsərrüfatının ümumi məhsulu 4,1 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,7 faiz, bitkiçilik məhsulları istehsalı 5,8 faiz artmış, cari qiymətlərlə 6,57 milyard manatlıq məhsul istehsal olub. Hesabat dövründə kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən dövlət yardımları artırılıb. Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 85 nömrəli qərarı ilə təsdiq edilmiş "Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə subsidiyanın verilmə Qaydası"na əsasən 2017-ci ildə 31 rayonun 587 kənd ərazi komissiyası üzrə 2421 barama istehsalçısına istehsal etdiyi 239,8 ton yaş baramaya görə (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 5 (beş) manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına ümümilikdə 1199,0 min manat məbləğində subsidiya verilib. 2017-ci ildə ölkə üzrə 456 kənd ərazi komissiyası üzrə 4229 pambıq istehsalçısına 2016-cı ildə istehsal etdiyi 88719,6 ton pambığa görə dövlət büdcəsinin vəsaiti hesabına 8872,0 min manat məbləğində subsidiya verilib. 2017-ci ildə ölkə üzrə 66 kənd ərazi komissiyası üzrə 195 tütün istehsalçısına 2016-cı ildə istehsal etdiyi 912,8 ton quru və 9980,6 ton yaş tütünə görə dövlət büdcəsinin vəsaiti hesabına 95,5 min manat məbləğində subsidiya verilib. Toxumçuluq və tingçilik təsərrüfatları tərəfindən 2017-ci ildə istehsal edib satdıqları toxum və tinglərin miqdarına görə onlara 5938,6 min manat məbləğində subsidiya ödənilib.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir