Valyutadəyişmə məntəqələrinin bərpası maliyyə sektoruna necə təsir göstərəcək?

Cari ildən etibarən ölkənin maliyyə bazarlarında bir qədər də tənzimləmə həyata keçirmək və bir neçə ildir ki, bu sektorda yaranmış böhranlı vəziyyəti aradan qaldırmaq üçün daha bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər sırasında ən diqqət çəkən və geniş müzakirə mövzusu olan məsələ isə Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiq etdiyi “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”nın qüvvəyə minməsidir.

Cari ildən etibarən ölkənin maliyyə bazarlarında bir qədər də tənzimləmə həyata keçirmək və bir neçə ildir ki, bu sektorda yaranmış böhranlı vəziyyəti aradan qaldırmaq üçün daha bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər sırasında ən diqqət çəkən və geniş müzakirə mövzusu olan məsələ isə Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiq etdiyi "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası"nın qüvvəyə minməsidir. Qaydalara əsasən devalvasiya dövründə fəaliyyəti dayandırılmış valyutadəyişmə məntəqələri yenidən fəaliyyətə başlayacaq. Ancaq bu zaman valyutadəyişmə məntəqələri banklardan, onların filiallarından və nümayəndəliklərindən bir qədər kənarda açılacaq. Məsələ ilə bağlı iqtisadçıların fikirləri müxtəlifdir. İqtisadçı ekspert Əkrəm Həsənov hesab edir ki, burada əsas məqsəd valyuta mübadiləsi məntəqələrinin fəaliyyətini bərpa etməkdir. İqtisadçı bunu müsbət məram kimi xarakterizə edir: " Lakin həmişəki kimi yenə də manatı aşağılayıblar. Belə ki, Qaydanın 5.4-cü bəndində deyilir: "Valyuta mübadiləsi məntəqəsində nağd xarici valyutanın bir müştəriyə 500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə bir müştəridən 10000 (on min) ABŞ dolları ekvivalent məbləğdən artıq alınması şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır". 2016-cı ilin sonunda qüvvəyə minmiş Mərkəzi Bankın "Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları"nda da ekvivalent kimi dollar göstərilir.
Mən başa düşə bilmirəm: ölkəmizin milli valyutası başıbəlalı manatdır, yoxsa dünyanı zəbt etmiş dollar? Manatdırsa, niyə ekvivalent kimi dollar göstərilir? Məgər pulun funksiyalarından biri də dəyər ölçüsü deyilmi? Valyuta mübadiləsi əsnasında nəinki digər xarici valyutaların, hətta manatın da dəyəri dollarla ölçülürsə, deməli, manat pulun bütün funksiyalarını yerinə yetirmir. Əgər maliyyə sisteminin başında duran Mərkəzi Bank və Palata sənədlərində ölçü vahidi kimi dolları göstərirsə, adi vətəndaşlarımızdan milli valyutaya hörməti, ona arxalanmağı necə gözləmək olar axı? Faktiki olaraq belə davranışla dövlət qurumlarımız manatı gözdən salır, ona etimadı sarsıdır. Bunu bilərəkdən edirlərsə, xain, bilməməzlikdən edirlərsə, savadsızdırlar".

Sabiq maliyyə naziri Fikrət Yusifov isə bildirib ki, valyutadəyişmə məntəqələrinin banklardan, onların filiallarından və nümayəndəliklərindən kənarda açılmasının tərəfdarı deyil Onun sözlərinə görə, bunun acı nəticələrini 2015-ci ildə manatın iki kəskin devalvasiyası zamanı gördük: "Heç bir banka aidiyyatı olmayan valyutadəyişmə məntəqələri valyuta bazarında yersiz gərginlik yaratmaqla on milyonlarla pul qazandılar. İtirən isə sadə insanlar və dövlət oldu. Bu səhvlərin təkrar olunmasına ehtiyac varmı? Kim zəmanət verir ki, neftin qiymətlərində kəskin azalmalar baş verəcəyi bir halda, bu məntəqələr yenə də böyük spikulyasiya mərkəzinə çevrilməyəcəklər? Rusiyada və Türkiyədə və başqa ölkələrdə valyutadəyişmə məntəqələri bir qayda olaraq bankların özündə, onların filiallarında və ya nümayəndəliklərində fəaliyyət göstərirlər. Valyutadəyişmə məntəqəsinin hansı banka aid olduğunun bilinməsi çox önəmli bir məsələdir. Bu həm də ölkənin maliyyə təhlükəsizliyi, terrorun və başqa neqativ əməllərin maliyyələşdirilməsinin qarşısının alınması nöqteyi-nəzərindən də çox vacibdir. İki ilə yaxındır ki, bu məntəqələr bağlanıb. Bu iki ildə nə baş verib? Bu gün kimsə hansısa bankda, onun filialında və ya nümayəndəliyində fəaliyyət göstərən valyutadəyişmə məntəqəsində valyuta alıb-satmaqda çətinlik çəkirmi? Mən deyərdim yox. Bəs onda biz yenidən əvvəlki vəziyyətə hansı məntiqlə qayıdırıq?". İqtisadçı onu da qeyd edib ki, hansı banka mənsub olduğu bilinməyən belə valyutadəyişmə məntəqələrində neqativ halların daha çox baş verəcəyi də istisna deyil: "Belə məsələlərdə bankın məsuliyyəti ilə 6 kvadratmetr sahədə yerləşən üstəqil valyutadəyişmə məntəqəsinin məsuliyyəti eyni ola bilməz. Əgər doğrudan da ölkədə və Bakı şəhəri də daxil olmaqla iri şəhərlərdə valyutadəyişmə məntəqələrinə təlabat artıbsa, onda vəziyyətdən çıxışın daha düzgün yolu konkret olaraq hansısa banklara məxsus bir neçə ixtisaslaşmış iri və eyni zamanda çoxlu sayda müştəriyə eyni zamnda xidmət etmək iqtidarında olan valyutadəyişmə məntəqələrinin açılması daha uyğun hesab edilə bilər".

İqtisadçı ekspert Samir Əliyev isə deyib ki, banklar iqtisadiyyatın qan-damar sistemidir və bank sistemini nizama salmadan iqtisadiyyatı böhrandan azad etmək olmaz: "2014-cü ilin sonlarından başlayaraq "ucuz neftə görə az gəlir"in fəsadları ilk növbədə, Azərbaycanın bank sektorunu vurdu. 15 bank faktiki olaraq ölkədə baş vermiş devalvasiyanın "qurbanı" oldu. Kreditləşmə kəskin aşağı düşdü, xərclərin optimallaşdırılması siyasəti altında filial, kadr və maaş ixtisarı sektoru bürüdü. 2017-ci ildə isə 2015-ci ildə bank sektorunun aldığı zərbələrin fəsadlarının aradan qaldırılması istiqamətində addımlar davam etdirildi. Dövlət daxili borclardan sonra sistem əhəmiyyətli Beynəlxalq Bankın xarici borclarını da üzərinə götürdü. Mərkəzi Bank depozit hərracları vasitəsilə banklara 46,9 milyon manatlıq dəstək verdi. Ancaq problem hələ də tam aradan qalxmayıb. Bankların zərərli aktivləri onların yarımcan vəziyyətdə işləməsinə səbəb olub. Nəticədə bank sektoru iqtisadiyyatı pulla təmin edə bilmir". Ekspert hesab edir ki, 2018-ci ildə hökumətin üzləşəcəyi əsas çətinliklərdən biri məhz bank sektoru olacaq: "Bank sektorunu sağlamlaşdırmadan qeyri-neft sektorunu inkişaf etdirmək, kiçik və orta sahibkarlığı maliyyə resursları ilə təmin etmək çətin olacaq. Bu baxımdan hökumət problemi bankların üzərinə atmamalı, prosesdə yaxından iştirak edərək onlara, dolayısı ilə əhaliyə dəstək verməlidir. Çünki bağlanma çıxış yolu deyil, bank sektoruna inamı sarsıdır". Ekspert təklif edir ki, Azərbaycanda bankların sistemli sağlamlaşdırılması və dövlətin iştirakını təmin etmək üçün Mərkəzi Bankın nəzdində Bankların Sağlamlaşdırılması Fondunun yaradılması məsələsi nəzərdən keçirilməlidir: 2Fond bir sıra meyarları (bankın sistem əhəmiyyətli olması, sosial yükünün çox olması və s.) əlində əsas tutaraq öhdəliyini icra etmək iqtidarında olmayan bankların sağlamlaşdırılmasına başlamalıdır".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31