Ölkədə sənayeləşmə siyasəti geniş vüsət alır
Azərbaycanda həyata keçirilən davamlı və məqsədyönlü siyasət sayəsində ölkəmizin sosial-iqtisadi inkişafı o səviyyəyə çatıb ki, artıq respublikamızın müsbət reallıqları beynəlxalq səviyyədə də etiraf edilir və yüksək qiymətləndirilir. Nüfuzlu Davos İqtisadi Forumunun bir müddət əvvəl yaydığı “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda ölkəmiz daha iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşıb. Eyni zamanda, Dünya Bankının “Doing Business 2018” hesabatında da Azərbaycan yüksək qiymətə layiq görülüb. Belə ki, hesabatda respublikamız əvvəlki 65-ci pillədən 57-ci pilləyə yüksəlib. Azərbaycanın uğurlarını şərtləndirən əsas amil ondan ibarətdir ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə daim gələcək inkişafa və rifaha hesablanan düşünülmüş, məqsədyönlü siyasət həyata keçirilir.
27 Dekabr 2017 14:24 İqtisadiyyatMeydana çıxan yeni çağırışlar Azərbaycanda da aqrar sektorun yeni yanaşmalarla inkişaf etdirilməsinin aktuallığını artırıb
Azərbaycanda həyata keçirilən davamlı və məqsədyönlü siyasət sayəsində ölkəmizin sosial-iqtisadi inkişafı o səviyyəyə çatıb ki, artıq respublikamızın müsbət reallıqları beynəlxalq səviyyədə də etiraf edilir və yüksək qiymətləndirilir. Nüfuzlu Davos İqtisadi Forumunun bir müddət əvvəl yaydığı "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda ölkəmiz daha iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşıb. Eyni zamanda, Dünya Bankının "Doing Business 2018" hesabatında da Azərbaycan yüksək qiymətə layiq görülüb. Belə ki, hesabatda respublikamız əvvəlki 65-ci pillədən 57-ci pilləyə yüksəlib.
Azərbaycanın uğurlarını şərtləndirən əsas amil ondan ibarətdir ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə daim gələcək inkişafa və rifaha hesablanan düşünülmüş, məqsədyönlü siyasət həyata keçirilir. Millət vəkili Tahir Süleymanov bildirib ki, bu baxımdan, son 14 ildə dövlət başçısının siyasi iradəsi əsasında neft gəlirlərindən səmərəli istifadə edilməsinin və prioritet istiqamətlərə yönəldilməsinin önəmini xüsusi qeyd etmək lazımdır: "Zamanında müvafiq siyasi və maddi dəstək tədbirləri hesabına qeyri-neft sektorunun inkişafı üçün fundamental əsaslar yaradılması yeni şəraitdə milli iqtisadiyyatımızın qlobal şoklara müqavimət gücünü artırır. Eyni zamanda, xarici mənfi amillərin təsiri nəticəsində yaranan şəraitdə respublikanın yeni inkişaf hədəfləri müəyyənləşdirilib. Neftin aşağı qiymətləri dönəmində milli iqtisadiyyatımızda böhran meyillərinin uğurla dəf olunması və neftdənkənar sahələrin üstün inkişafının təmin edilməsi baxımından Prezident İlham Əliyevin yaranan yeni çağırışlara və ölkənin reallıqlarına uyğun qəbul etdiyi mühüm qərarlar, imzaladığı müvafiq Fərman və sərəncamlara əsasən ayrı-ayrı istiqamətlər üzrə həyata keçirilən islahatlar böyük aktuallıq daşıyır. İnstitusional sahə, biznes mühitinin daha da optimallaşdırılması, şəffaflığın artırılması, daxili istehsalın qorunması, ixracın və investisiyaların təşviqi də daxil olmaqla müxtəlif istiqamətləri əhatə edən islahatlar, o cümlədən Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixində imzaladığı Fərmanla təsdiqlənən milli iqtisadiyyat perspektivi və onun 11 sektoru üzrə strateji yol xəritələri yaxın, orta və uzunmüddətli dövrlərdə ölkəmizin hərtərəfli inkişafına hesablanıb. Bütövlükdə, ölkədə həyata keçirilən islahatlar perspektiv inkişaf üçün fundamental əsaslar yaradıb". Tahir Süleymanov deyib ki, hər bir ölkənin uğurlu inkişafı ilk növbədə aparılan siyasətin məqsədyönlülüyündən və hədəflərin düzgün müəyyənləşdirilməsindən asılıdır. Onun qənaətincə, bu gün ölkəmizin iqtisadiyyatı şaxələndirilir: "Ötən illərdə möhkəm daxili sabitliyi ilə fərqlənən Azərbaycanda ölkəyə gələn böyük həcmlərdə neft gəlirləri məqsədyönlü şəkildə milli mənafe baxımından strateji mahiyyət kəsb edən irimiqyaslı infrastruktur layihələrinin, neftdənkənar iqtisadiyyat üzrə yeni proqramların reallaşdırılmasına yönəldilib. Ümumiyyətlə, respublikamız Prezident İlham Əliyevin möhkəm siyasi qətiyyəti sayəsində elə bir uğurlu iqtisadi inkişaf modeli seçib ki, burada neft amili heç də həlledici, dominant rol oynamır, əksinə, ağırlıq mərkəzi, çəkici qüvvə tədricən qeyri-neft sektoruna keçir.
Yeni iqtisadi şəraitdə Azərbaycan iqtisadiyyatının qlobal mənfi təsirlərə yüksək dayanıqlılıq nümayiş etdirməsi də ilk növbədə ölkəmizdə zamanında neftdənkənar sahələrin inkişafına münbit zəmin formalaşdırılması ilə bağlıdır. Məlumdur ki, müstəqillik illərində respublikamızda böyükhəcmli dövlət investisiyaları hesabına irimiqyaslı su, yol-nəqliyyat və digər layihələr reallaşdırılıb. Təkcə cari ildə dövlət vəsaiti hesabına 150 min hektardan çox ərazinin meliorativ vəziyyətinin yaxşılaşdırılması nəzərdə tutulub və bu proqram 2018-ci ildə də eyni intensivliklə davam etdiriləcək". Millət vəkili qeyd edib ki, yeni şəraitdə Azərbaycanın mənzərəsi genişməzmunlu islahatlarla səciyyələnir: "Birmənalı şəkildə demək mümkündür ki, respublikamızın indiki şəraitdə də uğurlar qazanmasının əsasında yeni iqtisadi modelə keçidin uğurla təmin edilməsi amili dayanır. İnstitusional sahə də daxil olmaqla müxtəlif istiqamətləri əhatə edən islahatlar, o cümlədən Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixində imzaladığı Fərmanla təsdiqlənən milli iqtisadiyyat perspektivi və onun 11 sektoru üzrə strateji yol xəritələri yaxın, orta və uzunmüddətli dövrlərdə ölkəmizin hərtərəfli inkişafına hesablanıb". Tahir Süleymanovun sözlərinə görə, Azərbaycanın qarşıya qoyduğu əsas məqsədlərdən biri neftdənkənar iqtisadiyyatın üstün inkişafını təmin etməklə bu sektordan ixracın həcmini artırmaqdır: " Qeyd edək ki, ölkəmizdə aparılan islahatlar çərçivəsində həmçinin ixracın genişləndirilməsini hədəfləyən müvafiq tədbirlər həyata keçirilir. Ötən ildən ölkəmizdə beynəlxalq təcrübə əsas götürülməklə ixracın səmərəli təşviq mexanizmi işə salınıb ki, bu da ixracın stimullaşdırılması baxımından böyük önəm daşıyır. İxracın stimullaşdırılması ilə bağlı imzalanan sənədlərə uyğun olaraq, "İxrac təşviqinin ödənilməsi" qaydası", "İxrac təşviqi şamil olunacaq məhsulların siyahısı"" və "İxrac təşviqi üzrə tətbiq olunacaq əmsallar" təsdiq edilib. Ölkəmizin xarici ticarət dövriyyəsində müsbət saldonun yaranmasında qeyri-neft məhsulları ixracının artması da mühüm rol oynayıb. Bu ilin ötən dövründə respublikamızdan qızıl ixracı 56 faiz, elektrik enerjisi ixracı 4,1 dəfə, alüminium ixracı 28 faiz, kimya sənayesi məhsulları ixracı 25 faiz, plastiklər ixracı 14 faiz, mis-filiz konsentratları ixracı 94 faiz, avadanlıqlar, mexaniki qurğular ixracı 48 faiz, mis və ondan hazırlanan məmulatların ixracı 54 faiz, toxuculuq məmulatlarının ixracı 92 faiz, elektrik avadanlıqları və hissələrinin ixracı 75 faiz, daş, gips, sement ixracı 34 dəfə artıb".
Tahir Süleymanov deyib ki, son illərdə həm regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları, həm də yeni nəsil iqtisadi islahatlar çərçivəsində həyata keçirilən tədbirlərin nəticəsi olaraq ölkəmizin bölgələrində ixracyönümlü məhsul istehsalına maraq əhəmiyyətli dərəcədə artıb: "Hərtərəfli dövlət dəstəyindən, o cümlədən güzəştli kreditlərdən, subsidiyalardan, ixracın təşviqi mexanizmindən, daxili istehsalın dəstəklənməsindən bəhrələnən fermerlər onlara məxsus torpaq sahələrindən daha səmərəli istifadə etməyə, məhsuldarlığı artırmağa və xarici bazarlara daha böyük həcmlərdə rəqabətqabiliyyətli məhsul çıxartmağa çalışırlar. Azərbaycanın yeni ixrac hədəfləri müəyyənləşdirilərkən ölkənin reallıqları əsas götürülüb. Bir tərəfdən respublikamızın coğrafi-iqlim xüsusiyyətləri elədir ki, burada yüksək rəqabət qabiliyyətinə malik məhsul yetişdirmək üçün hər cür imkan vardır. Digər tərəfdən, geniş ixrac bazarları ilə əhatə olunması ölkəmizin böyük üstünlüyüdür. Bu bazarlarda Azərbaycanın keyfiyyətli meyvə-tərəvəz məhsullarını yaxşı tanıyır və yüksək qiymətləndirirlər. Respublikamızın qarşıya qoyduğu məqsəd isə həm ənənəvi satış bazarlarında mövqelərini daha da möhkəmləndirməkdən, həm də yeni bazarlara çıxmaqdan ibarətdir. Son vaxtlar Azərbaycandan uzaq xarici ölkələrə göndərilən ixrac missiyaları həmin ölkələrin bazarlarını araşdırır, eyni zamanda meyvə-tərəvəz, emal sənayesi məhsullarımızı tanıdırlar. Yerli sahibkarların da qatıldıqları belə missiyalar son olaraq Dubaya və Ciddəyə təşkil olunub. Bütövlükdə, "Made in Azerbaijan" brendinin təşviqi məqsədi ilə vacib tədbirlər həyata keçirilir. Bütün bunlar gələcəkdə ixrac imkanlarını daha da genişləndirəcək". Millət vəkili onu da diqqətə çatdırıb ki, respublikamızda aqrar sektorun inkişafı ilə bağlı qarşıya qoyulan məqsədlərə çatmaq üçün genişmiqyaslı tədbirlər həyata keçirilir: "Ölkədə 2004-cü ildən bəri uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarında aqrar sektorda daha böyük həcmlərdə istehsal imkanlarının yaradılmasına hesablanan çoxsaylı layihələr həyata keçirilib, həmçinin perspektiv üçün də yeni layihələr nəzərdə tutulub.
Məlumdur ki, hazırda dünyanın əksər inkişaf etmiş ölkələrində kənd təsərrüfatı innovativ əsaslarla inkişaf etdirilir və yüksək məhsuldarlığa nail olunur. Meydana çıxan yeni çağırışlar Azərbaycanda da aqrar sektorun yeni yanaşmalarla inkişaf etdirilməsinin aktuallığını artırıb".
Füzuli