Bankların bağlanması çıxış yoludurmu?
Hələ Azərbaycanda ilkin devalvavasiya qeydə alınan zaman özünü doğrultmayan bankların sıradan çıxacağı barədə proqnozlar verilmişdi. Kommersiya bankların fəaliyyətini davam etdiriə biməsi məqsədilə bir sıra stimullaşdırıcı addımların atılmasına baxmayaraq ötən müddət ərzində bir sıra banklar fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı.
25 Dekabr 2017 13:59 İqtisadiyyatBankın müflis elan edilməsi bu sektora inamın azalmasına səbəb olur
Hələ Azərbaycanda ilkin devalvavasiya qeydə alınan zaman özünü doğrultmayan bankların sıradan çıxacağı barədə proqnozlar verilmişdi. Kommersiya bankların fəaliyyətini davam etdiriə biməsi məqsədilə bir sıra stimullaşdırıcı addımların atılmasına baxmayaraq ötən müddət ərzində bir sıra banklar fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Bununla belə müasir iqtisadi şərait bankların normal fəaliyyəti üçün yeni şərtlər diktə edir. Lakin bütün cəhdlər baxmayaraq yeni şərtlərlə ayaqlaşa biməyən banklar möcuddur ki, artıq onların fəaliyyətinə xitam verilməsi zamanı çatıb. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən "DəmirBank" ASC-nin lisenziyası 23 dekabr 2017-ci ildən etibarən ləğv edilib. Palata bu qərarı bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş məcmu kapitalının minimum miqdarından və məcmu kapitalın adekvatlıq əmsalının qanunvericiliklə nəzərdə tutulan 3 %-dən az olduğuna, eləcə də kreditorları qarşısında olan öhdəliklərini yerinə yetirə bilmədiyinə görə "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 16.1.6-16.1.8-ci maddələrinə əsasən qəbul edib. Xatırladaq ki, "DəmirBank" ASC "Əmanətlərin Sığortalanması Fondu"na üzv bankdır və əhalinin bu bankda qorunan əmanətləri Fond tərəfindən ödəniləcək. Palatanın qərarına əsasən, banka müvəqqəti inzibatçı təyin edilib. "DəmirBank" ASC-barəsində iflas prosedurana başlanması ilə əlaqədar Palata məhkəməyə müraciət edib.
Mərkəzi Bankda hesab edirlər ki, Azərbaycanda bankların bağlanması zəif, qeyri-sağlam kredit təşkilatlarının ölkə iqtisadiyyatına mənfi təsirini azaltmaq məqsədi daşıyır: "Bankların bağlanması, ləğvi, lisenziyalarının geri alınması prosesi təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində baş verir". Yeri gəlmişkən qeyd edək ki, ekspertlər sözügedən qərarın oxşar problemi olan digər bankları da əhatə edəcəyini bildirirlər. İqtisadçı ekspert Rövşən Ağayev bildirib ki, lisenziyası alınan "Dəmirbank" 2017-ci il 3-cü rübün yekunlarına əsasən aktivlərinin həcminə görə 31 bank arasında 15-ci, kredit portfelinə görə 12-ci, depozit portfelinə görə 20-ci yerdə qərarlaşıbmış. 9 ayın yekunlarına görə, bankın fəalliyyətində 20 milyon manatdan artıq zərər yaranıb, balans kapitalı minimum normativdən təxminən 2 dəfə az olub. Aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün 53 milyon manata yaxın ehtiyat yaradılıb ki, bu bankın hazırkı aktivlərinin 10%-dən bir az çoxdur. Onun sözlərinə görə, bu bankın fəaliyyətinə söz açanda maraqlı faktlar diqqəti çəkir: "Təqdim edilən məlumatlardan aydın olur ki, "Dəmirbank" ölkənin ən uzunömürlü banklarından biridir - yaranma tarixi 6 oktyabr 1989-cu il, lisenziya alma tarixi 23 noyabr 1992-ci il göstərilir. Rəqəmlərdən görsənir ki, devalvasiyaya qədər bank xeyli güclənibmiş. 2010-2015-ci illərdə bankın aktivlərinin həcmi 73% artaraq 589 milyona çatsa da, son 2 ildə 30%-ə yaxın azalmaqla 429 milyon manata enib. Böyük neft pulları dövründə bankın aktivlərinin qısa müddətdə az qala 2 dəfə genişləndiyi dövrdə bank əsasən istehlak kreditləşməsinə üstünlük verib. 2015-ci ilin yekunlarına görə, bankın 428 milyon manatlıq kredit portfelinin 63.3%-ni (270 milyon manat) istehlak kreditləri təşkil edib. Azərbaycan bankları ölkədə rəqabətli bank sektorunun, bank sektorunu ayaqda saxlayan rəqabətli və inkişafda olan real sektorun, bir də risk menecmentinin yoxluğunun qurbanlarıdırlar. Ayaqda olan, inkişaf görüntüsü yaradan 1-2 bank isə məhz dövlət resurslarının, bu bankların arxasında duran iqtisadi qrupların iqtisadiyyatda resusrlar üzərində sahib olduqları hökmran gücün sayəsində ayaqdadırla". Ekspert Vüqar Bayramov hesab edir ki, xeyli müddətdir ki, sözügedən bank hətta kiçik məbləğli əmanətləri belə geri qaytara bilmirdi: "Əslində palatanın bu qərarı bank sektorunda iki mühüm problemi üzə çıxarır. Birincisi, bankların konseldasiyasına nail olmaq mümkün deyil və palata daha asan yolu seçir: "axsayan bankları" müflis elan edir. İkincisi, müflis olan bankların sayı artdıqca qorunmayan əmanətlərin qaytarılması şansları azalır. Belə ki, Əmanətlərin Sığortlanması Fondu qorunan əmanətlərin ödənilməsinə məsuldur. Amma müflis olan banklar qorunmayan əmanətlərdən də istifadə edərək gəlir əldə ediblər. Deməli, həmin əmanətlərin də qaytarılması mexanizmi işlənməli və ən əsası bankların öhdəlikləri ilə aktivlərinin korrelasiyası müəyyənləşdirilməlidir". Onun sözlərinə görə, öz fəaliyyətlərini yerinə yetirə bilməyən banklar var və onların sağlamlaşdırılması lazımdır: "Belə bankların sağlamlaşdırılması ilə bağlı xüsusi dövlət proqramının hazırlanması uzun müddətdir ki, təklif etməyimizə baxmayaraq, təəssüf ki, palata tərəfindən bu istiqamətdə hələlik real addımlar atılmayıb. Yeni bir bankın müflis elan edilməsi bank sektoruna inamın azalması kimi mənfi təsirlər ilə yanaşı, bankların konsolidasiyasının, demək olar, mümkün olmadığından xəbər verir. Halbuki konsolidasiya prosesi dəstəklənməli və eləcə də belə bankların sağlamlaşdırılması müflis elan olunmaların və xüsusən də bank sektoruna olan inamın azalmasını qarşısını alar.
Müflis olan bankların sayı artdıqca qorunmayan əmanətlərin qaytarılması şansları azalır. Belə ki, Əmanətlərin Sığortlanması Fondu qorunan əmanətlərin ödənilməsinə məsuldur. Fondun məlumatına görə, əvvəl müflis elan edilən 11 bank üzrə 747 milyon 938 min manat kompensasiya ödənilib. Bu yaxşıdır. Amma qorunmayan əmanətlərin taleyi necə olacaq? Müflis olan bank onu qaytarmaq öhdəliyi götürüb və həmin puldan istifadə edərək gəlir əldə edib. Müflis olunduqdan sonra isə qorunmayan əmanət sahibinə qaytarılmır. Deməli, həmin əmanətlərin də qaytarılması mexanizmi işlənilməli və ən əsası bankların öhdəlikləri ilə aktivlərinin korrelasiyası müəyyənləşdirilməlidir. Bütövlükdə isə, son addım bir daha göstərir ki, bank sektorunda ciddi islahatlara və eləcə də sağlamlaşdırma tədbirlərinə ehtiyac var".
Bəs bankların iflas proseduru necə tənzimlənir və müflisləşmə hansı əsaslarla müəyyən edilir? Hüquqşünas Alim Hüseynli bildirib ki, banklar müəyyən səbəblərdən müflisləşə bilər. Bu proses maliyyə institutları üçün bəzən qaçılmaz olur. Bankların iflası "Banklar haqqında" qanun"la tənzimlənir. Yəni "Müflisləşmə və İflas haqqında" qanun banklara tətbiq olunmur: "Qanunvericiliyə əsasən, müflisləşmə proseduru bir və ya bir neçə əsasla, qanunla müəyyən edilmiş qaydada, yalnız məhkəmə qərarı ilə başlanıla bilər. Aşağıda qeyd olunan əsaslardan birinin və ya bir neçəsinin olması prosedurun başlanılması üçün kifayətdir: Bankın kapitalı müəyyən edilmiş məcmu kapitalın minimum miqdarının 25 faizindən və ya məcmu kapitalın adekvatlıq əmsalının 3 faizindən az olarsa; İcra vaxtı çatdıqda bank öz maliyyə öhdəliklərini yerinə yetirə bilməzsə; Kreditorlar tərəfindən tələblər irəli sürüldükdə bank vaxtı çatmış öhdəliklərini ödəməyə qadir deyilsə; Növbəti mərhələdə isə bankın lisenziyasının ləğv edilməsi haqqında qərar və yuxarıda qeyd olunmuş əsasların mövcudluğunu təsdiqləyən maliyyə hesabatı məhkəməyə təqdim olunur. Ərizə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən verildikdən və məhkəmənin baxışından dərhal sonra ( əgər ərizə əsassız hesab edilməyibsə) moratorium qüvvəyə minir. Moratoriuma görə məhkəmənin icazəsi olmadan heç bir kreditor borcunun qaytarılmasını və ya borcu müqabilində bankın əmlakının ona verilməsini tələb edən tədbirlər görə bilməz. Beləlilklə, bank iflas proseduruna başlanılmasına dair ərizənin təmin olunması haqqında məhkəmənin qərarına müvafiq surətdə müflis elan edilir və banka ləğvedici təyin edilir. Bankın müflis elan olunması haqqında məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin andan bankın iflas proseduruna başlanılır".
Zəka