“Lisenziyalar və icazələr” portalına dair təqdimat keçirilib

20 dekabr 2017-ci il tarixində Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziyaların və icazələrin elektron qaydada verilməsini təmin edən “Lisenziyalar və icazələr” portalına dair təqdimat keçirilib.

20 dekabr 2017-ci il tarixində Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziyaların və icazələrin elektron qaydada verilməsini təmin edən "Lisenziyalar və icazələr" portalına dair təqdimat keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov özəl bölmənin inkişafının Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb, qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatları diqqətə çatdırıb. Bildirilib ki, reallaşdırılan islahatların tərkib hissəsi olaraq lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə, icazələrin sayı isə 4 dəfə azaldılaraq 86-ya endirilib, indiyə kimi verilmiş qüvvədə olan müddətli lisenziyalar və yeni verilən lisenziyalar müddətsiz lisenziya ilə əvəz olunub, lisenziyaların verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılıb, lisenziyaların verilməsi üçün tələb olunan müddət azaldılıb, prosedurlar sadələşdirilib. İqtisadiyyat Nazirliyi tərəfindən 2 noyabr 2015-ci il tarixindən dövlət təhlükəsizliyi ilə bağlı hallar istisna olmaqla lisenziya tələb olunan fəaliyyət növləri üzrə lisenziyaların "ASAN xidmət" mərkəzləri vasitəsilə verilməsinə başlanılıb və indiyədək 4832 lisenziya verilib ki, bunun da 2676-sı yeni verilən, 2156-sı isə müddətsiz lisenziya ilə əvəz edilən lisenziyalardır.
Nazir müavini Azərbaycan Respublikası Prezidentinin "Lisenziyalar və icazələr" portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 21 yanvar 2017-ci il tarixli Fərmanının icrası məqsədilə İqtisadiyyat Nazirliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə "Lisenziyalar və icazələr" portalının hazırlandığını diqqətə çatdırıb, portalın məqsədləri barədə məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31