Elçin Hüseynbəyli yazır... İtlər adası

Mən heyvanları sevirəm. Bunu ona görə deyirəm ki, kimsə məni heyvanlara qarşı ögey münasibətdə qınamasın.

Elçin Hüseynbəyli

İtlər adası

Mən heyvanları sevirəm. Bunu ona görə deyirəm ki, kimsə məni heyvanlara qarşı ögey münasibətdə qınamasın.

Heyvanları kim sevməz ki? Bunu da siz deyirsiniz.

Parkda gəzəndə "yoko"lardan (yokşir) tutmuş pudellərə kimi rast gəlmək olar. Hamısının da sahibi var və həmin sahiblər onları bəzi uşaqların belə görmədiyi qayğı ilə əhatələyiblər: geyindirib-kecindiriblər. Hərdən qucaqlarında gəzdirir, hərdən də yürüdürlər.

Sözüm bunda deyil. Mətləb başqadır. Mətləb ondadır ki, dostlar, şəhərimizdə son zamanlar itlər və qarğalar çoxalıb. Qarğalara qarşı mübarizənin üsullarından xəbərim yoxdur, amma sahibsiz itlərə qarşı var. Onlara peyvənd eləmək lazımdır. Amma mənim yaşadığım "Neftçilər" ərazisində bir kimsə küçə itlərinə peyvənd edildiyini görməyib. Problem ondadır ki, həmin itlər səhərlər dərsə gedən uşaqların üstünə cumur, onları qorxudurlar. Mən özüm də onlardan ehtiyat edirəm. Sanki gəzdiyim park və küçələr insanlara yox, itlərə məxsusdur. Belə getsə, bir azdan bizdə də Hindistandakı kimi olacaq. Meymunlar hindlilərlə qol-boyun olduğu kimi, biz də itlərə qapımızı açacağıq. Hətta açmasaq da, bir gün onların qapı-pəncərəmizi döyəcəklərinə əminəm. Hərdən onlar mənim yuxularıma da girir. Belə bir kino da görmüşəm. Həmin kinoda vəhşiləşmiş itlər turistlərə hücum edir, sanki nəyinsə qisasını alırlar. Düzü, nəyin qisasını aldıqları və niyə belə etdikləri yadımda deyil.

Onu da boynuma alım ki, mən uşaqlıqdan itlərdən qorxuram. Qonşumuzda ala-bula bir it vardı. Onun səsi gələndə anama elə sığınırdım ki, sanki indicə gəlib məni anamımn qucağından aparacaqdılar. Bəlkə bu fobiya elə ondan canımda qalıb.

Məsələnin daha ciddi tərəfi ondadır ki, dostlar, biz itlərlə bir arada yaşamaq istəyiriksə, onlara peyvənd eləmək, sakinlərlə isə danışıqlar aparmaq, seminarlar təşkil eləmək lazımdır. Eşitdiyimə görə, bəzi ölkələrdə sahibsiz itlərə dərs də keçirlər.

Düzdü, bizdə it pansionatı var. Amma onların hamısını həmin məkana yığmaq çətindir. Haradasa oxudum ki, hər itin bir aylıq xərci 500 manatdır. Bu olduqca böyük məbləğdir.

Mənim bir təklifim var, dostlar. Deyirəm, bəlkə sahibsiz itləri Xəzərdəki adalardan birinə yığaq. Adı da olsun "İtlər adası". Deyilənə görə, orda çoxlu çöl heyvanları, hətta nə zamansa aparıb ora atılmış və indi vəhşiləşmiş atlar da var. Bu, əsl humanistlik olardı. İtlər də insanların yox, təbiətin qanunları ilə yaşayardılar.

Məsələnin kommersiya tərəfi də var. Həmin ada bir neçə ildən sonra həm film çəkmək üçün geniş məkan olar, həm də turistləri cəlb edər.

"İtlər adası". Məncə yaxşı səslənir dostlar. Siz necə düşünürsünüz!?

Dekabrın ortası, 2017

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31