Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi tarixi hadisədir
Azərbaycan yerləşdiyi coğrafiyada təşəbbüsü və iştirakı ilə həyata keçirdiyi qlobal əhəmiyyətli layihələr, yürüdülən düzgün siyasi və iqtisadi siyasət nəticəsində əldə etdiyi nailiyyətlərlə Cənubi Qafqazın lider ölkələrindən birinə çevrilməklə yanaşı, dünyanın qabaqcıl ölkələri sırasında da öz yerini möhkəmlədib.
1 Noyabr 2017 14:59 İqtisadiyyatSəfir Daşqın Şikarov: "Bu layihə ölkəmizin geosiyasi əhəmiyyətini artırmaqla yanaşı, bölgədə sabitliyin, təhlükəsizliyin təminatı məsələsində mühüm rol oynayacaq"
Azərbaycan yerləşdiyi coğrafiyada təşəbbüsü və iştirakı ilə həyata keçirdiyi qlobal əhəmiyyətli layihələr, yürüdülən düzgün siyasi və iqtisadi siyasət nəticəsində əldə etdiyi nailiyyətlərlə Cənubi Qafqazın lider ölkələrindən birinə çevrilməklə yanaşı, dünyanın qabaqcıl ölkələri sırasında da öz yerini möhkəmlədib. 1994-cü ildə "Əsrin müqaviləsi" ilə başlanan inkişaf tempi bu gün də yüksək səviyyədə davam edir. Ötən illərdə Azərbaycan, Türkiyə və Gürcüstanıən birgə iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, nəhayət bu günlərdə reallaşan Bakı-Tbilisi-Qars dərmi yolu xətti ölkəmizin yüksək templə inkişafını şərtləndirən başlıca amillərdən olub. Elə bu səbəbdəndir ki, bu gün dünya ölkələri tərəfindən Azərbaycana böyük maraq, diqqət var. Demək olar ki, dünya ölkələrinin əksəriyyəti Cənubi Qafqazda Azərbaycanı özünün strateji tərəfdaşı kimi görmək istəyir. Son vaxtlar müstəlif ölkələrin dövlət və hökumət başçılarının Azərbaycana səfər etməsi də deyilənləri təsdiq edən amillərdəndir. Bu ölkələr sırasında ərəb ölkələri də xüsusi yer tutur. Həyata keçirilən qarşılıqlı səfərlər Azərbaycanla ərəb ölkələri arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni-yeni imkanlar açır. Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov deyir ki, qısa müddətdə Azərbaycan Respublikası beynəlxalq aləmdə siyasi imicini daha da gücləndirmiş, regionda lider ölkəyə çevrilib. Səfir bidlirib ki, Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmizdə enerji və qeyri-neft sektorunun dinamik inkişafına nail olunub: "Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən hidrokarbon resurslarının dünyanın aparıcı neft şirkətləri ilə birgə istismarı maddi rifahla yanaşı, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu artırıb. Enerji resurslarının daşınmasını təmin edən şaxələndirilmiş boru kəmərləri sistemi təkcə iqtisadi deyil, eyni zamanda siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir". Daşqın Şikarov qeyd edib ki, Avropa və Asiya qitələrinin kəsişməsində yerləşən Azərbaycan Respublikası Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərində mühüm halqadır: "Sözügedən layihələrin tərkib hissəsi olan strateji əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi tarixi hadisədir. Bu layihə ölkəmizin geosiyasi əhəmiyyətini artırmaqla yanaşı, bölgədə sabitliyin, təhlükəsizliyin təminatı məsələsində mühüm rol oynayacaq". Səfir onu da deyib ki, qeyri-neft sektorunun inkişafı strategiyasına uyğun olaraq, sərmayələrin cəlb edilməsi, turizm və digər sahələrin inkişaf etdirilməsi ilə Azərbaycanın Ərəb ölkələri ilə münasibətlərinə yeni təkan verib: "Sözügedən ölkələrin Azərbaycana marağı əhəmiyyətli dərəcədə artıb. Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri Azərbaycan iqtisadiyyatında daha fəal iştirakda maraqlıdır. Son iki ildə bu ölkədən respublikamıza səfər edən vətəndaşların sayında 40 dəfədən çox artım müşahidə olunur. 2018-ci ilin mart ayının 2-dən etibarən BƏƏ-nin dövlət şirkəti olan Etihad hava yolları vasitəsilə Abu Dabi - Bakı hava uçuşları həyata keçiriləcəkdir ki bu da ölkəmizə səfər edən yerli turistlərin sayını əhəmiyyətli dərəcədə artıracaqdır". Daşqın Şikarovun sözlərinə görə, müasir dövrdə sosial şəbəkələr ünsiyyət vasitəsi olmaqla yanaşı, ictimai rəyin formalaşdırılmasında təsirli amilə çevrilib: "Bu baxımdan sosial şəbəkələr Azərbaycan reallıqlarının, ölkəmizin beynəlxalq arenada nüfuzunun artırılması istiqamətində Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətlərinin, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin və bu məsələdə Azərbaycanın haqlı mövqeyinin, ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərin, aparılan yenidənqurma işlərinin geniş auditoriyaya çatdırlmasında mühüm əhəmiyyət kəsb edir. Qeyd olunanları nəzərə alaraq, bu gündən etibarən yenidən Facebook sosial şəbəkəsinə qayıtmaq qərarına gəldim. Ümidvaram ki, doğma Azərbaycanımızın təbliği istiqamətində səylərimizi birləşdirəcəyik". Səfir onu da diqqətə çatdırıb ki, zaman-zaman müxtəlif xoşagəlməz rəsmlərə tag edilməyi, arzuolunmaz mesajların göndərilməsi kimi halların daha da intensivləşməsi səbəbindən 2015-ci ildə Facebook səhifəmi bağlamışdı.
Süleyman