Xalqlar arasında dostluq və əməkdaşlığa xidmət edən layihə
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı təkcə Azərbaycan, Türkiyə, Gürcüstan üçün deyil, eləcə də Avropa İttifaqı, və Mərkəzi Asiyanı birləşdirən nəqliyyat sistemi bağlantıları sahəsində atılan böyük addımdır.
31 Oktyabr 2017 12:33 İqtisadiyyatBTQ Azərbaycanın regionda söz sahibi statusunu möhkəmləndirən mühüm faktora çevriləcək
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı təkcə Azərbaycan, Türkiyə, Gürcüstan üçün deyil, eləcə də Avropa İttifaqı, və Mərkəzi Asiyanı birləşdirən nəqliyyat sistemi bağlantıları sahəsində atılan böyük addımdır. Artıq layihənin əhəmiyyəti dünya ölkələri, həmçinin siyasi və maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Avropa İttifaqının (Aİ) bəyanatında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı ilə bağlı yaydığı bəyənatda bildirilir ki, sözgedən dəmir yolu sərmayələr, infrastrukturun təkmilləşdirilməsi və logistikanın əlaqələndirilməsi ilə birgə bağlantıların daha yaxşı qurulmasına, yeni biznes imkanlarının yaranmasına və ticarətin artmasına səbəb olacaqdır. Bu, Şərq Tərəfdaşlığı, eləcə də onun Mərkəzi Asiya strategiyasının mahiyyətinə uyğun məsələdir: "Türkiyə ilə Bolqarıstan, eləcə də Azərbaycanla Mərkəzi Asiya arasındakı nəqliyyat əlaqələrinin daha da yaxşılaşdırılması ilə bu layihə qədim İpək Yolu boyu Avropa ilə Asiya arasında quru ilə sürətli və etibarlı nəqliyyat bağlantısı təmin edəcəkdir". Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, tarixi İpək yolunun keçdiyi Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə Avropanı və Asiyanı, hətta, ən uzaq dövlətləri birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri olub. Bu səbəbdən də, həm ulu öndərimiz Heydər Əliyevin, həm də cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas məqsədlərdən biri ölkəmizin tranzit mərkəzinə çevrilməsini tam təmin etmək olub. S. Vəliyeva bildirib ki, son illər ölkəmizin nəqliyyat infrastrukturunda həyata keçirilən yenidənqurma işləri, hava limanlarının, beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi nəticəsində Asiya ilə Avropanın qovuşuğunda yerləşən Azərbaycanın nəqliyyat dəhlizi kimi önəmini daha da artırıb: "Avrasiya məkanının mühüm logistik mərkəzlərindən birinə çevrilən Azərbaycan həm də öz tranzit imkanlarını artırmağa yol açan beynəlxalq təşəbbüslərin də müəllifidir. Bu təşəbbüslərdən biri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Tarixi İpək yolunun bərpası çərçivəsində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsində böyük addım olan bu layihənin icrası başa çatıb. Beynəlxalq standartlara uyğun tikilən bu dəmir yolu yüklərin və sərnişinlərin fasiləsiz, vaxtında və təhlükəsiz daşınmasını təmin edərək daşımaların həcminin artmasına, tariflərin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaracaq, nəqliyyat infrastrukturunun geniş miqyasda inkişafına, nəqliyyat əlaqələrinin səmərəliyinin artmasına, beynəlxalq bazarlara daha əlverişli çıxışın təmin olunmasına şərait yaradacaq. BTQ dəmir yolu xəttinin istismara verilməsi ilə həm bərə, həm də konteyner-vaqon daşımaları daha da inkişaf edəcək. Bu isə beynəlxalq daşımalarda mühüm rol oynayır. Bu tarixi layihənin həyata keçirilməsi yük və sərnişinlərin Avropaya və Asiyaya çatdırılması ilə yanaşı, ixrac mallarının Azərbaycan ərazisindən tranzitinin artmasına, Xəzər hövzəsi regionunun Avropa ilə bilavasitə nəqliyyat əlaqələrinin qurulmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, əmtəə və xidmətlərin nəqli yollarının diversifikasiyasına xidmət edəcək, Azərbaycanın və region dövlətlərinin xarici iqtisadi əlaqələrinin səmərəliyini daha da yüksəldəcək". Millət vəkili əlavə edib ki, bu dəmir yolu Avropa və Asiya ölkələri arasında yüklərin daşınmasında əvəzsiz rol oynamaqla bərabər, Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq. Həmçinin, bu dəmir yolu bağlantısı nəqliyyatın inkişafında yeni mərhələnin başlanması demək olacaq: "Bu mənada, Azərbaycan Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsinin uğurla başa çatdırılmasını təmin etməklə gələcəyə hesablanmış daha bir möhtəşəm addım atmış olur. Ölkəmizə gələcək bütün iqtisadi dividendlərlə yanaşı, Bakı-Tbilisi-Qars tranzit daşımaların mərkəzinə çevrilən Azərbaycanın regionda söz sahibi statusunu möhkəmləndirən mühüm faktora çevriləcək".
Millət vəkili Tahir Rzayev bildirib ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı Azərbaycanın iqtisadi-siyasi həyatında tarixi bir hadisədir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olan bu layihə digər layihələr kimi ölkənin beynəlxalq nüfuzunu yüksəltməklə iqtisadiyyatımızın inkişafına mühüm töhfə verəcək: "Avropanı Asiya ilə əlaqələndirən bu dəmir yolu xətti Azərbaycanı qitələrin tranzit mərkəzinə çevirməklə bərabər, Çin-Avropa məsafələrini qısaldacaq, yük və sərnişin daşımalarının miqdarını xeyli artıracaq, vaxtı və xərcləri azaltmaqla ölkələrə külli miqdarda mənfəət gətirəcək. Sözsüz ki, Azərbaycan bu layihədən daha çox bəhrələnəcək, çünki ölkəmiz bu xəttin çəkilməsinin təşəbbüskarı olmaqla, həm də layihənin maliyyələşdirilməsinin, işlərin vaxtında və keyfiyyətlə aparılmasının əsas təşkilatçısı olub". T.Rzayev bildirib ki, bu dəmir yol xəttinin müvəffəqiyyətlə həyata keçirilməsi bütün dünyaya Azərbaycanın müstəqil iqtisadi siyasət yeritdiyini və ən mühüm layihələr həyata keçirmək iqtiradında olduğunu sübut etdi: "Bu həm də düşmənlərimizə, bu layihənin reallaşdırılmasına mane olanlara, ən başlıcası Ermənistana sarsıdıcı zərbə oldu. Təcavüzkar ölkə çox mühüm bir layihədən kənarda qalmaqla onsuz da acınacaqlı olan iqtisadi vəziyyətini daha da çətinləşdirdi. BTQ-nin çəkilməsi həm də Azərbaycan, Türkiyə və Gürcüstanın birliyinə, iqtisadi vəziyyətlərinin yaxşılaşmasına, xalqlar arasında dostluq və əməkdaşlıq münasibətlərinin genişləndirilməsinə mühüm töhfə verəcək".
Qeyd edək ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistandan nümayəndə heyətləri mərasimdə iştirak ediblər.
Alim