Azərbaycanın çox böyük ixrac potensialı var
Azərbaycanda həyata keçirilən məqsədyönlü və uğurlu siyasət nəticəsində əldə edilən nailiyyətlər, xüsusilə iqtisadi sahədə qazandığımız uğurlar və əldə edilən iqtisadi inkişaf bir çox beynəlxalq təşkilat və qurumlar tərəfindən də müsbət qiymətləndirilir və təqdir olunur. Bir qayda olaraq həmin təşkilat və qurumların il ərzində bir neçə dəfə yaymış olduğu hesabatlarda Azərbaycan iqtisadi göstəricilərinə görə, qabaqcıl ölkələr sırasında qərarlaşır.
30 Oktyabr 2017 15:00 İqtisadiyyatBu sahədə əldə olunan ilkin nəticələr uğurludur
Azərbaycanda həyata keçirilən məqsədyönlü və uğurlu siyasət nəticəsində əldə edilən nailiyyətlər, xüsusilə iqtisadi sahədə qazandığımız uğurlar və əldə edilən iqtisadi inkişaf bir çox beynəlxalq təşkilat və qurumlar tərəfindən də müsbət qiymətləndirilir və təqdir olunur. Bir qayda olaraq həmin təşkilat və qurumların il ərzində bir neçə dəfə yaymış olduğu hesabatlarda Azərbaycan iqtisadi göstəricilərinə görə, qabaqcıl ölkələr sırasında qərarlaşır. Bu günlərdə də Dünya Bankı (DB) Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnoz açıqlayıb.
Qeyd edək ki, hesabatda regionun demək olar, bütün ölkələrində əvvəlki proqnozdan daha yaxşı iqtisadi inkişaf müşahidə edildiyi açıqlanıb. Buna isə son aylarda istehsalın və ixracın artmasının səbəb olduğu bildirilib. Regiondan ixracın orta həcminin qlobal orta göstəricidən çox olduğu nəzərə çatdırılaraq, Rusiya ilə Belarusun resessiyadan çıxdığı deyilib.
Dünya Bankının yaymış olduğu proqnozla bağlı fikirlərini bildirən iqtisadçı ekspert Pərviz Heydərov deyib ki, ümumiyyətlə, regionun iqtisadi artımı ilə bağlı proqnozun yüksəlməsi işsizliyin azalması, inflyasiyanın normallaşması, büdcə kəsirinin azalması ilə əlaqələndirilib. Onun sözlərinə gör, neftin kəskin ucuzlaşmasından əziyyət çəkən Azərbaycanda isə əksinə, geriləmə proqnoz edilib: "Dünya Bankı qeyd edib ki, bu ilin ilk yarısında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 1,3 faiz azalıb. Bunun səbəb isə neft hasilatının azalmasıdır. Bəllidir ki, Azərbaycan neft hasilatının azaldılmasına dair beynəlxalq çərçivədə əldə olunan razılaşmaya qoşulub. Beləliklə də, neftin bahalaşmasına baxmayaraq, 2017-ci ildə Azərbaycan iqtisadiyyatının ümumən 1,4 faiz azalacağı bildirilib. Bankın proqnozuna əsasən, cari ildə qeyri-neft sektoru sürətli inkişafını davam etdirəcəksə də, neft hasilatı azalacaq. Qeyri-neft sektoru demişkən, DB-nın proqnoz açıqlamasında ümumiyyətlə, ölkənin bank sektorunda böhranın davam etməsinə baxmayaraq, burada 1,7 faiz artımın olduğu ayrıca nəzərə çatdırılıb. Bunda kənd təsərrüfatı ilə emal sektorunun xüsusi rolu olduğu vurğulanıb. Hesabatda göstərilib ki, cari ilin birinci yarısında ixracın artması və idxalın azalması tədiyyə balansında ÜDM-in 4,4 faizinə bərabər müsbət saldonun yaranmasına şərait yaradıb. Neft hasilatının kəskin azalmasına baxmayaraq, rəsmi statistikaya əsasən, neft ixracının həcmi 42, qeyri-neft məhsullarının ixracı isə 11faiz artıb". Pərviz Heydərovun sözlərinə görə, son vaxtlar qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən müvafiq dövlət proqramları və görülən işlər nəticəsində sözügedən sektorun həqiqətən də davamlı inkişafı, sahibkarlıq mühitinin yaxşılaşması, investisiyaların artması, yeni müəssisələrin və iş yerlərinin açılması istiqamətində böyük nailiyyətlər müşahidə olunur: "Məlumdur ki, ölkədə istehsal olunan qeyri-neft məhsulları ixracını həm kəmiyyət, həm də çeşid baxımından genişləndirmək istiqamətində həyata keçirilən tədbirlər keçən ildən etibarən, sürətləndirilib. Prezident tərəfindən bir sıra mühüm dövlət sənədlərinin imzalanması ilə hökumətə verilən müvafiq tapşırıqlar sayəsində stimullaşdırıcı tədbirlər dövlət siyasətinə çevrildi. Məsələn, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqda 2016-cı ilin yanvarın 18-də imzalanan sərəncamda hökumətə kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geri ödəniş dəstəyi vermək, xarici ölkələrə ixrac missiyaları təşkil etmək, xarici bazarları araşdırmaq və marketinq fəaliyyəti, "Made in Azerbaijan" brendini xarici bazarlarda təşviq etmək, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər alması, ixracla əlaqəli tədqiqat-inkişaf proqramına və layihələrə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinə dair mexanizmlər hazırlamaq haqda göstərişlər verildi. 2016-cı il martın 1-də isə qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqda sənəd də imzalandı. Bu sənədlə isə 2016-2020-ci illər ərzində Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarının ixracı ilə məşğul şəxslərə dövlət büdcəsindən xüsusi ixrac təşviqi rüsumunun ödənilməsi qaydası müəyyən edildi. Bunlar hamısı stimullaşdırıcı əhəmiyyətli tədbirlər idi. Məqsəd isə iqtisadiyyatın qeyri-neft sektoruna investisiya cəlb etmək idi. Prezidentin də hökumətin bu yaxınlarda keçirilən məlum iclasında qeyd etdiyi kimi, nəticədə 200-dən çox investisiya təşviqi sənədi verildi ki, bu da böyük nailiyyətdir. Belə ki, bu, yeni iş yerlərinin açılacağı deməkdir, bu, iqtisadi artım deməkdir, bu, ixracın genişlənəcəyi deməkdir, bu, yeni valyuta gəlirləri deməkdir. Bəli, biz buna çoxdan keçməli idik. Amma hər halda əsas odur, nəticə var: tərəvəz ixracı 68 faiz, o cümlədən pomidor 60 faiz artıb. Ən çox gəlir gətirən sahə pomidor ixracı olub. Yanvar-avqust aylarında bu, ölkəyə 128 milyon dollar gətirib ki, 59 faiz artım var. Kartof 63, salat tərəvəzi 20 faiz, soğan ixracı 15 dəfə artıb. Pambıq 2,4 dəfə, o cümlədən pambıq lifi 8,4 dəfə, meyvə ixracı bütövlükdə 12 faiz artıb. Ancaq alma və şaftalı üzrə artım iki dəfədən çox olub. Süd məhsullarının ixracı dörd dəfə artıb. Spirtli və spirtsiz içkilər 28, onun içərisində şərab 56 faiz artıb. Meyvə-tərəvəz emalı məhsulları 50, tütün məmulatları 45, çay 63, bitki və heyvan mənşəli yağlar 19, şokolad 65 faiz. Sənaye məhsulları ixracı da artıb: qızıl 56 faiz, elektrik enerjisi 4,1 dəfə, alüminium 28, kimya sənayesi məhsulları 25, plastiklər 14, mis-filiz konsentratları 94, avadanlıqlar, mexaniki qurğular 48, mis və ondan hazırlanan məmulatlar 54, toxuculuq məmulatları 92 faiz artıb. Elektrik avadanlıqları və hissələri 75 faiz, daş, gips, sement 34 dəfə artıb". İqtisadçı deyir ki, ölkənin postneft dövrünə gözlənildiyindən daha tez daxil olması səbəbindən iqtisadiyyatın yeni ixrac imkanlarının araşdırılması və bu sahədə mövcud potensialdan tam istifadə edilməsi məqsədilə ilk olaraq, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi və ixrac missiyalarının təşkili olmaqla, ikincisi, "azexport.az" internet portalının yaradılması, üçüncüsü isə ölkənin xaricdəki səfirlik və konsulluqlarında ticarət nümayəndəliklərinin təsis və təyin edilməsi ilə çox böyük işlər görülmüş və mühüm addımlar atılmağa başlanıb: "Azərbaycanın çox böyük ixrac potensialı var, sadəcə, bunu reallaşdırmaq lazımdır. Və sevindirici haldır ki, bu sahədə əldə olunan ilkin nəticələr uğurludur".
Füzuli