Ölkədə vergi mədəniyyəti formalaşmaqdadır
Artıq uzun illərdir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı prioritet istiqamət hesab edilir. Xüsusilə, 2014-cü ildən bəri dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsindən sonra bu sahəyə diqqət daha da artırılıb. Birmənalı olaraq qeyd etmək yerinə düşər ki, qeyri-neft sektorunun inkişaf etdirilməsində 2004-cü ildən indiyə qədər mərhələli şəkildə həyata keçirilən Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramlarının müstəsna əhəmiyyəti var.
18 May 2017 15:13 İqtisadiyyatAzər Badamov: "Azərbaycan dövləti ixracatçılara daim dəstək verməkdədir"
Artıq uzun illərdir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı prioritet istiqamət hesab edilir. Xüsusilə, 2014-cü ildən bəri dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsindən sonra bu sahəyə diqqət daha da artırılıb. Birmənalı olaraq qeyd etmək yerinə düşər ki, qeyri-neft sektorunun inkişaf etdirilməsində 2004-cü ildən indiyə qədər mərhələli şəkildə həyata keçirilən Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramlarının müstəsna əhəmiyyəti var. Elə millət vəkili Azər Badamov da bu qənaətdədir. O, bildirib ki, 2004-cü ildən mərhələli şəkildə icrasına başlanılmış bu dövlət proqramının ölkəmizin dinamik inkişafında müstəsna rolu vardır. Millət vəkilinin sözlərinə görə, bu illər ərzində dövlət proqramları çərçivəsində 11 min kilometr şəhərlərarası və kənd avtomobil yolları çəkilib, kənd təsərrüfatında yeni meliorativ tədbirlər həyata keçirməklə əlavə suvarılan torpaqlar dövriyyəyə buraxılıb, 3 mindən çox təhsil, 600-dən çox tibb müəssisəsi, 40-dan çox Olimpia idman kompleksi, 30-dan çox mədəniyyət müəssisəsi tikilib istifadəyə verilib: "2004-cü ildən bu günə qədər ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes strukturlarına 2 milyard manatdan çox güzəştli kreditlər verilib. Dövlət proqramlarının icrası sayəsində 1 milyondan çox daimi iş yerləri yaradılıb, ölkənin enerji asılılığı aradan qaldırılıb və Azərbaycan enerji ixrac edən ölkəyə çevrilib. Qeyd olunan Dövlət Proqramı bu gün də uğurla icra olunur. Əvvəlki illərdə yaratdığımız infrastruktur və həyata keçirdiyimiz layihələr bu gün Azərbaycan iqtisadiyyatının daha da inkişaf etdirilməsinə və regionlarda yeni istehsal sahələrinin yaradılmasına əsaslı imkan verir. Regionlarda aqroparkların və sənaye zonalarının yaradılması prosesi uğurla icra olunur. Kənd təsərrüfatında yaddan çıxmış ənənəvi sahələrin dirçəldilməsi prosesi gedir. Yeni ixracyönümlü məhsullar istehsal olunmağa başlanıb və iqtisadiyyatımızın idxaldan azad olunması istiqamətində ciddi addımlar atılıb. Düşünürəm ki, 2014-2018-ci illərdə regionların sosial-iqtisadi proqramının uğurla yerinə yetirilməsi Azərbaycanın ixrac yönümlü məhsullar istehsal edərək dünyanın yeni bazarlarına çıxmasına səbəb olacaq". Azər Badamov qeyd edib ki, 2008-ci ildən dünya iqtisadiyyatında tüğyan edən iqtisadi böhran Azərbaycandan da yan ötmədi: "Beynəlxalq bazarlarda neftin qiymətinin kəskin ucuzlaşması və dünya valyutalarında baş verən dəyişikliklər milli valyutamıza da öz təsirini göstərdi. Lakin ölkəmizdə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatımızın idxaldan asılılığının aradan qaldırılması və ixracın artırılması istiqamətində görülən mühüm tədbirlər Azərbaycana bütün çətinlikləri qısa zamanda geridə qoymağa imkan yaratdı. Ölkədə sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində dövlət başçısı tərəfindən bir sıra sərəncamlar imzalanıb, qanunvericilikdə mühüm dəyişikliklər edilib. Dövlət Proqramında müəyyən olunmuş hədəflərin icrası da regionlarda yeni ixrac yönümlü müəssisələrin işə salınmasına şərait yaratdı. Kənd təsərrüfatında valyuta gətirəcək yeni sahələr: pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük kimi sahələrə diqqət yönəldilməsi, zeytun və badam plantasiyalarının salınması, yüngül və yeyinti,
eləcə də metallurgiya sənayesinin inkişaf etdirilməsi istiqamətində hədəflər müəyyənləşdirilib və uğurla icra edilir. Məhz bunun nəticəsidir ki, dövlət büdcəmizin 47 faizi qeyri-neft sektoru ilə formalaşdırıldı. Sahibkarlığın inkişafı və biznes mühitinin yaxşılaşdırılması istiqamətində vergi qanunvericiliyində mühüm dəyişikliklər aparıldı. Bu tədbirlər sırasında iki il ərzində kiçik sahibkarlıq subyektlərində vergi yoxlamalarının dayandırılması, sahibkarlıq subyektlərinin qısa müddətdə elektron qaydada qeydiyyata alınması, müəyyən fəaliyyət növlərində lisenziyaların və xüsusi razılıqların ləğv edilməsi və ya minimuma endirilməsi, bir sıra əməliyyatların "ASAN xidmət" vasitəsilə həyata keçirilməsi kimi məsələləri qeyd etmək olar. Ümumiyyətlə, vergi orqanı ilə sahibkar arasında münasibətlər yeni müstəviyə keçib və sahibkarlığın inkişafında ölkədə aparılan vergi siyasəti mühüm rol oynayır. Xüsusi qeyd etmək istəyirəm ki, bu gün düzgün məcraya istiqamətlənmiş vergi siyasəti sayəsində ölkədə vergi mədəniyyəti formalaşmaqdadır". Millət vəkili onu da deyib ki, milli ixracın artırılması istiqamətində Azərbaycan dövləti bir sıra tədbirlər həyata keçirməklə ixracatçılara daim dəstək verməkdədir: "Təbii ki, ixracın artırılması üçün hər şeydən əvvəl ölkədə yüksək keyfiyyətli məhsullar istehsal olunmalı və yalnız bundan sonra onun ixracı istiqamətində tədbirlər görülməlidir. Bildiyiniz kimi, dövlət başçısının tapşırığı ilə Azərbaycanda "Azexport" portalı yaradılıb və istehsalçılar həmin portal vasitəsilə öz məhsullarının dünya bazarlarında marketinqini apara bilərlər. Bu sahənin daha da irəli getməsi üçün ölkədə logistika mərkəzlərinin yaradılması istiqamətində işlər sürətləndirilməli və yaxın-uzaq ölkələrdə Azərbaycan məhsullarının satışını təşkil edən yeni belə mərkəzlər yaradılmalıdır. Xarici diplomatik korpuslarda yaradılması nəzərdə tutulan ticarət nümayəndəlikləri də tezliklə fəaliyyətə başlamalıdır. Azərbaycan öz brendi ilə dünya ticarət sərgilərində iştirak etməli və yeni sazişlərin imzalanmasına çalışmalıdır. Hazırda dünyada bazarlar uğrunda mübarizə gedir və biz də həmin mübarizəyə qoşularaq bazarlarımızı genişləndirməklə özümüzə yer eləməliyik". Regionların inkişafında yerli özünüidarəetmə orqanlarının roluna gəlincə Azər Badamov deyib ki, bələdiyyələr vətəndaşlarla birbaşa təmasda olan qurumlardır: "Ölkədə özünüidarəetmə orqanlarının fəaliyyəti üçün mükəmməl qanunvericilik bazası yaradılıb. Bələdiyyələr normal fəaliyyət göstərmək və cəmiyyətdə rolunu artırmaq üçün öz büdcələrini formalaşdırmalıdırlar. Bələdiyyələrin büdcəsi, əsasən, dörd vergi növü əsasında formalaşır. Fiziki şəxslərin torpaq vergisi, fiziki şəxlərdən yığılan əmlak vergisi, mədən vergisi, bələdiyyə müəssisələrindən gələn gəlirlərdən tutulan mənfəət vergisi. Son illərdə bələdiyyələrin vergi yığımı ilə əlaqədar qanunvericilikdə mühüm dəyişikliklər olunub. Qeyd etmək istəyirəm ki, fiziki şəxslərdən tutulan əmlak və torpaq vergilərinin hesablanması qaydalarında edilən dəyişiklik bələdiyyələrin gəlirlərinin artmasında əhəmiyyətli rol oynayır. Bələdiyyə büdcəsinə küçə reklamından, otelçilikdən, sanatoriyalardan, dayanacaqlardan və s. yerlərdən ödənişlər edilir. Bütün bunlara baxmayaraq, bələdiyyə büdcələrinə vergi yığımında müəyyən artımlar müşahidə olunsa da, çox təəssüf ki, bələdiyyələr öz potensialından səmərəli istifadə edə bilmirlər və vergilərin yığılmasında passivlik göstərirlər. Vətəndaşlarda da vergi ödəmək vərdişi yaranmalıdır. Vergi ödəmədən bələdiyyələrdən yüksək xidmət tələb etmək
mümkün deyil. Düşünməliyik ki, bələdiyyə büdcəsi əsasən vergilərlə formalaşır və vergi yığa bilməyən bələdiyyə heç bir iş görə bilməz. Fikrimcə, vergi yığımında bələdiyyələrə əlavə səlahiyyət verilməlidir: ya onlar vergidən yayınan vergi ödəyicilərinə qarşı inzibati tədbir görmək səlahiyyətinə malik olmalı, ya da ümumiyyətlə fiziki şəxslərdən yerli büdcəyə vergilər Vergilər Nazirliyi tərəfindən yığılmalı və bələdiyyə büdcəsinə köçürülməlidir. Belə olan halda, onların büdcələri daha da artar. Büdcəsi yaxşı olan bələdiyyənin isə cəmiyyətdə nüfuzu da yüksək olar".
Məhəmməd