Qanun pozuntusuna yol verən qurumlar niyə sərt cəzalandırılmır?
Hesablama Palatasının parlamentə təqdim etdiyi son hesabatı məzmun baxımından bir sıra yeniliklərlə müşahidə olunsa da bəzi qurumlarda eyni nöqsanın illərlə davam etməsi də açıq şəkildə sezilirdi. Belə ki, sənəddə göstərilən bəzi qurumların nöqsanları illərlədir ki, hesabata salınsa onların aradan qaldırılması müşkül məsələyə çevrilib. Millət vəkilləri belə vəziyyətin illərlə davam etməsinə səbəb kimi HP tərəfindən görülən tədbirlərin kifayət qədər sərt olmamasını göstəriblər.
17 Aprel 2017 15:00 İqtisadiyyatVüqar Gülməmmədov: "Əgər millət vəkilləri daha sərt cəza tətbiqini tələb edirlərsə, o zaman Palataya bu səlahiyyəti versinlər"
Hesablama Palatasının parlamentə təqdim etdiyi son hesabatı məzmun baxımından bir sıra yeniliklərlə müşahidə olunsa da bəzi qurumlarda eyni nöqsanın illərlə davam etməsi də açıq şəkildə sezilirdi. Belə ki, sənəddə göstərilən bəzi qurumların nöqsanları illərlədir ki, hesabata salınsa onların aradan qaldırılması müşkül məsələyə çevrilib. Millət vəkilləri belə vəziyyətin illərlə davam etməsinə səbəb kimi HP tərəfindən görülən tədbirlərin kifayət qədər sərt olmamasını göstəriblər. Məsələn, millət vəkili Qənirə Paşayeva deyib ki, qurumun hesabatında təkrar əksini tapan nöqsanlar cavabdeh orqanlar tərəfindən qısa zamanda həllini tapmalıdır: "Hesabatda deyilir ki, səhiyyə müəssisələrində çarpayı günlərinin icra göstəricilərinin 35,6-80,6 % arasında olmasına baxmayaraq, vakant ştatlar mövcud tibb işçiləri arasında bölüşdürülərək əmək haqqı fondunun səmərəsiz istifadəsinə səbəb olur. Bu məsələ Palatanın ötən ilki hesabatlarında da vurğulanırdı. Bu sahədə ciddi islahat və vəsaitin doğru xərclənməsi lazımdır. Həmin vəsait həkimlərin maaşının artırılmasına və ya bəzi proqramların daha yaxşı maliyyələşməsinə ayrıla bilər. Məsələn, böyrəkköçürmə əməliyyatına ehtiyacı olan bir seçicimin əməliyyatı ilə bağlı müvafiq qurumlara müracəit etdikdə məlum oldu ki, 2017-ci əvvəlindən aprel ayınadək çox az sayda insanın əməliyyatı üçün vəsait ayrılıb, amma bu əməliyyata ehtiyacı olanların sayı daha çoxdur. Eyni zamanda hesabatda deyilir ki, mərkəzi rayon xəstəxanaları tərəfindən 2013-2015-ci illərdə "Dərman preparatlarının və sarğı ləvazimatlarının alınması" və "Ərzaq məhsullarının alınması" paraqrafları üzrə xərclərin proqnozlaşdırılmasına və icrasına dair təqdim olunmuş məlumatların təhlili nəticəsində müəyyən edilmişdir ki, əksər hallarda çarpayı günlərinin icrasının proqnoza nisbətən az olmasına baxmayaraq, dərman və ərzaq xərci mütənasiblik gözlənilmədən tam icra edilmiş və ya bir çarpayı gününə düşən faktiki xərc proqnozlaşdırılmış xərcdən artıq olmuşdur. Hesabatdan görünür ki, bu sahədə də ciddi islahatların aparılmasına və maliyyə vəsaitinin xərclənməsinə nəzarət mexanizmləri güclənməlidir". Onun sözlərinə görə, hesabatda da vurğulanır ki, rayonlar üzrə dərman və ərzaq xərclərinin proqnoz göstəricilərinin çarpayı günləri ilə müqayisəli təhlili nəticəsində bir sıra uyğunsuzluqlar müəyyən edilib: "Eyni zamanda, dərman xərci proqnozlaşdırılarkən rayonlar üzrə çarpayıların və çarpayı günlərinin nəzərə alınmaması nəticəsində bir çarpayı gününə düşən dərman xərci də müxtəlif olub. Hesabatda öz əksini tapan bu məlumatlar bu sahədə islahatlarının sürətlənməsinin və maliyyə vəsaitlərinin doğru xərclənməsinə nəzarətin gücləndirilməsinin vacibliyini bir daha ortaya qoyur. Nəzərə almaq lazımdır ki, belə məsələlər illərdir ki, hesabatda əksini tapır". Deputat Siyavuş Novruzov qeyd edib ki, bütün mümkün vasitələrdən istifadə edilməlidir ki, istənilən qurum tərəfindən yol verilən nöqsanlar aradan qaldırılsın: "Düzdür, dövlət büdcəsindən mənimsənilən vəsaitlərin geri qaytarılması ən ali şərtlərdən biridir. Dövlət vəsaitini mənimsəyən insanlara verilən cəzanın növündən asılı olmayaraq əgər dövlət vəsaiti geri qayıtılmırsa, o cəzanın nə əhəmiyyəti var? Kimsə qohum-əqrabasının vasitəsilə külli miqdarda pulu ölkədən çıxarsa və o vəsaitlər qayıtmayacaqsa, o cəzanın nə əhəmiyyəti var? Əksinə, dövlət həmin şəxslərin həbsdə saxlanmasına vəsait sərf edəcək". S.Novruzov qeyd edib ki, Hesablama Palatasına əlavə səlahiyyətlər verilməlidir: "Əgər bir yerdən siqnal daxil olursa ki, orada pozuntular var, Palataya səlahiyyət vermək lazımdır ki, oranı dərhal yoxlasın və nöqsanların qarşısını vaxtında alsın. Yoxsa biz illərlə gözləyək ki, kimsə ora süpürgə çəksin sonra biz axtaraq görək o pullar necə oldu. Neçə illər banklara inam yaranmışdı, amma bəzilərinin nöqsanları nəticəsində bu gün bank sektorunda problemlər yarandı. Ona görə də bu nöqsanların qarşısı vaxtında alınmalıdır".
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, rəhbərlik etdiyi qurum yalnız ona verilən mandat və səlahiyyətlər çərçivəsində qanun pozucusunu cəzalandırmaq hüququna malikdir. Ondan artığını edə bilməz: "Hesablama Palatası yoxlamaların aparılaması zamanı hər hansı qanun pozuntusu aşkar edərkən seçə biləcəyi cəzanı ancaq ona verilən mandat və səlahiyyət çərçivəsində tətbiq edir. Elə məhz bu manataq uyğun olaraq Hesablama Palatası 11 milyon manatdan yuxarı vəsaitin büdcəyə qaytarılmasına nail olub və digər cəza növləri seçib. Biz ancaq öz səlahiyyətlərimiz çərçivəsində iş görə bilirik. Əgər millət vəkilləri Hesablama Palatasından daha sərt cəza tətbiqini tələb edirlərsə, o zaman Palataya bu səlahiyyəti versinlər". V. Gülməmmədov onu da əlavə edib ki, artıq "Hesablama Palatası haqqında" yenin qanun layihəsi MM-dədir və onun müzakirəsi gözlənilir: "Yeni layihədə Hesablama Palatasının səlahiyyətlərinin genişləndirilməsi öz əksini tapıb".
Alim