Banklarla müştəriləri arasındakı məhkəmə çəkişməsindən udan kimdir?

2015-ci ilin sonlarından etibarən dünya bazarlarında neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi fonunda Amerika dollarının milli valyutalara, o cümlədən Azərbaycan manatına nisbətdə dəyərinin yüksəlməsi maliyyə sektorunda bir sıra problemlərə yol açdı.

Qubad İbadoğlu: "Borclarla bağlı yaranmış durumdan udan məhkəmələr və onların qərarlarının icrasına nəzarət edən orqanlar, uduzan isə banklar və onların müştərilərdir"

"Borc probleminin məhkəmə müstəvisində kompleks həlli perspektivi yoxdur"

2015-ci ilin sonlarından etibarən dünya bazarlarında neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi fonunda Amerika dollarının milli valyutalara, o cümlədən Azərbaycan manatına nisbətdə dəyərinin yüksəlməsi maliyyə sektorunda bir sıra problemlərə yol açdı. Ən ciddi problem isə banklarla ondan kredit götürən vətəndaşlar arasında meydana gəldi. Belə ki, bankların vətəndaşa dolların dəyərinin qalmamasından əvvəl verdiyi faiz dərəcəsini əsassız olaraq qaldıraraq borcu yeni məzənnə ilə hesablaması tərəflər arasında ciddi şəkildə mübahisələr, anlaşılmazlıqlar yaratdı. Yaranan mübahisələr və anlaşılmazlıqların yoluna qoyulması məqsədilə isə banklar son çarə kimi məhkəmələri seçdi. Beləliklə, ötən il yarım müddətində bu və ya digər banklar tərəfindən yüzlərlə vətəndaş məhkəməyə verildi. Günümüzdə də tərəflər arasında məhkəmə çəkişmələri davam edir. Problemin öz həllini tapmaması isə hər iki tərəfə ziyan vurur. Belə ki, vətəndaşın üzərinə əlavə borclar hesablanır, banklar isə vətəndaşlara verdikləri kreditləri əvvəlki məzənnə ilə geri almaqda maraqlı olmadıqları üçün onlar tədricən ciddi maliyyə sıxıntısı ilə üzləşirlər. Həmçinin bankların məhkəmələrə üz tutması onların müştərilərinin də azalmasına, nəticə etibarilə müflis olmalarına gətirib çıxarır. Bəs görəsən vəziyyətdən çıxış yolu nədir və xüsusilə banklarla onun müştəriləri arasında davam edən məhkəmə prosesindən qazanan tərəf kimlərdir?

İqtisadçı Qubad İbadoğlu deyir ki, bu il yanvarın 1-ə olan məlumata görə, Azərbaycanda 2 milyon 304 min 585 müştərinin kredit hesabı vardır. Bu isə o deməkdir ki, hər 4 nəfərdən birinin ya özünün və ya da sahibi olduğu sahibkarlıq subyektinin bank qarşısında birbaşa öhdəlikləri mövcuddur: "Son məlumatlara görə, bankların əsasən də devalvasiyadan əvvəl və devalvasiyalar arası dövrdə verdikləri kreditlərə görə yaranmış məsuliyyətsiz borclar ucbatından hazırda məhkəmələrdə bank-müştəri arasında mübahisələrə dair 280 min iddia qeydə alınıb. Problemləri məhkəmə müstəvisində araşdıranların sayı kredit borcu olanların 12 faizini və ya hər 8 nəfərdən birini təşkil edir. Bu iddiaların əsasən inzibati-iqtisad məhkəmələrində və rayon məhkəmələrində araşdırıldığını nəzər yetirsək, onda bəlli olacaq ki, inzibati-iqtisad məhkəmələrində bank-müştəri münasibətlərinə həsr olunmuş iddiaların sayı on minlərlə, rayon məhkəmələrində isə minlərlədir. Bu hesabdan da məhkəmə qərarlarının icrası qurumlarının sərəncamına yönələn işlərin sayı da durmadan artır. Belə vəziyyətin yaranması məhkəmə və hüquq xidməti xərclərini ödəyən bankların və müştərilərin məsrəflərini xeyli artırmaqdadır. Hər iki tərəfin maliyyə durumunu daha da ağırlaşdıran halların artdığı indiki şəraitdən daha çox məhkəmələr və məhkəmə qərarlarının icrası orqanları faydalanırlar. Onlar həm rəsmi və həm də qeyri-rəsmi ödənişlər hesabına bu prosesdən bəhrələnirlər. Yaranmış vəziyyətdən problemi məhkəmə müstəvisində həll olunmayan banklar və onların müştəriləri uduzurlar". İqtisadçı deyib ki, Mərkəzi Bankın məlumatlarına görə, 2017-ci il fevral ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 16 milyard 705 milyon 200 min manat təşkil edib, bu da ötən ilin müvfiq dövrü ilə müqayisədə 21,2 faiz azdır: "Artıq ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 10 faizini ötüb. Göründüyü kimi, kredit qoyuluşlarının həcmi azalır, eləcə də kredit protfelində vaxtı keçmiş borcların payı da artır, belə olanda da məhkəmə müstəvisinə çıxarılan bank-müştəri mübahisələrinin sayı da çoxalır. Müşahidələr göstərir ki, borc probleminin məhkəmə müstəvisində kompleks həlli perspektivi yoxdur, ayrı-ayrı hallar üzrə qəbul edilən qərarlardan da bəhrələnənlər də məhkəmələr və onların qərarlarının icrasına nəzarət edən orqanlardır. Odur ki, hesab edirəm ki, bu prosesə dövlət müdaxiləsi olmalı, problemi tənzimləmək üçün uyğun hüquqi və normativ baza formalaşdırmalı, məhkəmənin düzgün və sosial cəhətdən ədalətli qərar verməsi üçün fiziki şəxslərin və fərdi sahibkarların müflis olmasına dair müvafiq qanun layihəsi qəbul edilməli və məhkəmələrdə həmin qanuna və borların təsnifatına müvafiq olaraq müştərilərə ümid və şübhəli borcları qaytarmaq üçün möhlət hüququ verməlidir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31