Dolğun statistika inkişafa aparır
6 Oktyabr 2015 14:48 İqtisadiyyatVaxt gələcək ki, statistik düşüncə tərzi insana oxumaq və yaza bilmək bacarığı qədər vacib olacaq. (Samuel Stenli Uilks, amerikalı riyaziyyatçı və statistik)
Statistika iqtisadiyyatın özəyini təşkil edir desək, yanılmarıq. Belə ki, məhz statistik məlumatlar əsasında iqtisadiyyatın ayrı-ayrı sektorları öz fəaliyyətini qururlar. Müasir dünyada sosial-iqtisadi proseslərin öyrənilməsində statistika mühüm və əhəmiyyətli vasitələrdən biridir. Yaşadığımız həyatı statistikasız təsəvvür etmək mümkün deyil. İqtisadi inkişafın faktiki vəziyyətinin güzgüsü olan statistika ölkədə baş verən sosial-iqtisadi prosesləri sistemli şəkildə araşdırıb cəmiyyəti və lazımi qurumları informasiya ilə təmin edən əsas vasitə hesab olunur. Kəmiyyət məlumatı kimi başa düşülən statistik məlumatlar informasiya istehlakçılarına "rəqəm dili" ilə təqdim olunur. Bildiyimiz kimi, statistik məlumatlar ölkə həyatının rəqəmlə ifadə oluna bilən hər bir sahəsinə aid tərtib olunur. Bu baxımdan cari dövr (ay, rüb, yarımil və ya il) üçün tərtib olunmuş informasiya, onun əvvəlki illə və dövrlə müqayisəsi, həmçinin gələcək il və ya illər üçün proqnozlar həm sıravi vətəndaşlar üçün, həm də böyük şirkətlər və investorlar üçün böyük maraq və əhəmiyyət kəsb edir.
Danılmaz faktdır ki, statistika olmasa dünya və ayrı-ayrılıqda ölkə iqtisadiyyatını qurmaq qeyri-mümkün olar.
Biz hər gün kütləvi informasiya vasitələrində müxtəlif statistik məlumatlara rast gəlirik. Azərbaycanın iqtisadi inkişafını əks etdirən rəqəmlər, sosial həyatda baş verən dəyişikliklər, demoqrafiya ilə bağlı göstəricilər, ölkənin müxtəlif sahələrində baş verən artım və ya azalma tempi, və s. xəbərlər bizə riyazi dəqıqliklə çatdırılır.
Statistik məlumatlar əsasən iqtisadi və sosial sahələri əhatə etdiyi üçün dərc edilmiş rəqəmlər aid olduqları ölkə haqqında geniş və əhatəli məlumat verir. Məsələn, statistik məlumatlar göstərir ki, 2008-2010-cu illərdə Azərbaycanda 78,000-79,000 nikah qurulmuşdusa, 2011-ci ildə bu göstərici 88,000-ə çatmışdı. Bu isə o deməkdir ki, ölkəmizdə əhalinin rifah səviyyəsi gün-gündən yaxşılaşır və bu isə gənclərin ailə qurmaq və davamlı və möhkəm ailəyə sahib olmaq arzularının reallaşması yolunda yaşıl işıq yandırır.
Makroiqtisadi göstəricilər isə həm ölkənin inkişaf tempini ifadə etməklə yanaşı, onun digər region və dünya dövlətləri ilə münasibətlərini də özünəməxsus formada işıqlandırır. Məsələn, əgər Azərbaycanın xarici ticarət dövriyyəsi 2009-cu ildə 21 milyard dollar, 2010-cu ildə 28 milyard dollar, 2011-ci ildə isə 36 milyard dollar olmuşdusa, bu, ölkəmizin ixrac potensialının ilbəil güclənməsini, xarici dövlətlərdə Azərbaycanda istehsal olunan mallara tələbatın artmasını göstərir, bu statistik göstəricini görən digər dövlətlərin isə ölkəmizlə ticarət əlaqələrini inkişaf etdirməyə marağını artırır.
Statistik məlumatların tərtib olunması böyük əmək və məsuliyyət tələb edir. Bu baxımdan Azərbaycan üçün rəsmi statistikanın təşkili və yayılması ilə məşğul olan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi həyati vacib struktur hesab olunur və orada çalışan işçilərin əmək fəaliyyətinin bəlkə də ən gərgin və məsuliyyətli iş olduğunu desək yanılmarıq. Çünki, onların bir rəqəmdə belə səhv etməsi yolverilməzdir, səhv statistik məlumat ölkə üçün yanlış imic və ciddi fəsadlar deməkdir.
Statistikanın tarixi qədimdir
Peşəkar statistiklər bizim dünyamızı yeni kəşflərin açılması və ya texniki nailiyyətin əldə olunması ilə deyil, bizim düşüncə və tədqiqatlarımızın istiqamətləndirilməsinə, fikrimizin formalaşmasına təsir etməklə dəyişirlər. (Yan Hakinq, kanadalı filosof, 1936)
Arxiv materiallarının araşdırılması hələ XIX əsrin əvvəllərində Azərbaycanda əhali, sənaye, kənd təsərrüfatı, xarici ticarət haqqında müxtəlif statistik məlumatların tərtib edildiyini ortaya çıxarır. Bu cür məlumatlar XIX əsrin sonlarına yaxın, yəni Azərbaycanın şimal hissəsinin Rusiya İmperiyasının tərkibinə daxil olması ilə daha çox yaranmağa başladı. Sözügedən dövrdə Qafqaz Canişinliyi nəzdində fəaliyyət göstərən statistika qrupu Azərbaycana aid sosial-iqtisadi və demoqrafik məlumatları toplayır, həmçinin müxtəlif siyahıyaalmalar həyata keçirirdi. Əldə edilən məlumatlar Qafqaz təqvimi əsasında dərc edilirdi.
XX əsrin əvvəllərinə aid arxiv materialları arasında qorunub saxlanılan statistik məlumatların bir qismi Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən, ölkəmizi dünyaya tanıdan neft sənayesinin inkişafı haqqında məlumatlardır. Bu məlumatlar keçmiş Bakı neft sənayeçilərinin qurultay şurası tərəfindən ümumiləşdirilərək hər il "Neft sənayeçiləri üçün sorğu kitabı" adı altında 1917-ci ilədək nəşr edilmişdi.
Həmçinin, Azərbaycanın neft maqnatlarından olan Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, ölkəmizdə şirkət qurmuş Nobel qardaşları və digər neft sahibkarları tərəfindən neft ehtiyatları, onun istehsalı və emalı haqqında statistika orqanlarına təqdim edilən statistik hesabatlar, statistik cədvəllər, Azərbaycan Demokratik Respublikası dövründə 1919-cu ildə Fransada nəşr olunan "Azərbaycan rəqəmlərdə" statistik məcmuəsi də statistika fəaliyyəti sahəsində dəyərli tarixi sənədlərdəndir.
Sosial sahədə görülmüş statistik tədbirlər sırasında ən mühüm yeri 1926-cı ildə həyata keçirilmiş əhalinin Ümumittifaq siyahıya alınması tutur. Belə ki, bu siyahıyaalma vasitəsilə Azərbaycan tarixində ilk dəfə ölkə əhalisinin sayı, milli, cins və yaş tərkibi müəyyənləşdirilmişdi.
1941-ci ildə başlamış Böyük Vətən Müharibəsi sosial-iqtisadi həyatın bütün sahələrinə olduğu kimi statistika sahəsinə də təsirsiz ötüşmədi. Belə ki, statistika işinin icrasının təcililiyinə xüsusi önəm verilməyə başlandı. Cəbhə üçün lazım olan əsas məhsulların istehsalı haqqında gündəlik və ongünlük hesabatlar tərtib olundu. Müharibə dövründə ölkə Statistika İdarəsi təcili fəaliyyət və yüksək operativlik şəraitində işləyir, statistik məlumatların yığılması və işlənməsi vaxtı ixtisar olunur, təcili siyahıyaalmalar keçirilir, Azərbaycanda mövcud olan bütün ehtiyatların tapılması və səfərbər olunması istiqamətində işlər görülürdü.
XX əsrin 50-ci illərində xalq təsərrüfatının inkişafı ilə əlaqədar SSRİ tərkibindəki respublikaların statistika orqanları daha irimiqyaslı və mürəkkəb statistika aparmağa başladılar. Belə ki, 1960-cı ildən 1980-ci ilədək Mərkəzi Statistika İdarəsi tərəfindən 17 dəfə "Azərbaycanın xalq təsərrüfatı" illik statistik külliyyatı, 15 dəfə "Azərbaycan rəqəmlərdə" qısa külliyyatı və sahələr üzrə 77 külliyyat nəşr edildi.
XX əsrin 60-90-cı illəri Azərbaycan tarixində statistikanın təkmilləşdirilməsi üçün müasir hesablama texnikasının tətbiqi və işlərin avtomatlaşdırılması ilə yadda qalıb.
Azərbaycan 1991-ci il 18 oktyabrda dövlət müstəqilliyi əldə etdikdən sonra Dövlət Statistika Komitəsində struktur dəyişiklikləri həyata keçirildi, işlərin daha təkmil formada təşkili üçün rayon (şəhər) məlumat hesablama mərkəzlərinin bazasında rayon (şəhər) statistika idarələri (şöbələri) yaradıldı. Həmçinin, elektron hesablayıcı maşınlar müasir komputerlərlə əvəz olunaraq iş qabiliyyəti kəmiyyət və keyfiyyət baxımından yaxşılaşdırıldı, mərhələli şəkildə bütün statistik hesabatların işlənməsinin yenidən proqramlaşdırılmasına nail olundu. Bütün bu işlər çox qısa bir müddətdə - 2000-ci ilə qədər başa çatdırıldı.
1994-cü il Azərbaycan statistikası tarixində yaddaqalan il oldu. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 1994-cü il 18 fevralda "Statistika haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi statistik fəaliyyətin qanuniləşməsi istiqamətində mühüm rol oynamaqla yanaşı, Azərbaycan tarixində ilk dəfə olaraq qanunvericiliklə statistika sahəsində əsas anlayışları, onun subyektlərinin hüquq və vəzifələrini, fəaliyyətinin əsas parametrlərini müəyyənləşdirdi. Bu qanuna 2005-ci il 23 dekabrda edilmiş dəyişikliklə Azərbaycanda statistikanın aparılması beynəlxalq standartlara uyğunlaşdırıldı və məlumatların beynəlxalq müqayisəliliyi təmin edildi.
Bu gün işlər necə təşkil olunur?
Statistika Komitəsi əsas dövlət orqanlarından biridir. (Ulu öndər Heydər Əliyev)
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi öz işini əlaqələndirilmiş şəkildə qurub. Belə ki, komitə nəzdində yaradılmış şöbələr (əmək statistikası şöbəsi, ticarət və turizm statistikası şöbəsi, sənaye və tikinti statistikası şöbəsi, qiymət statistikası şöbəsi, milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsi, əhali və gender statistikası şöbəsi, əhalinin həyat səviyyəsi və ev təsərrüfatlarının tədqiqatı statistikası şöbəsi, xidmət statistikası şöbəsi, kənd təsərrüfatı və ekologiya statistikası şöbəsi) əldə olunan məlumatları bir-birinə və yekun olaraq statistika işlərinin əlaqələndirilməsi şöbəsinə ötürürlər, məlumatların yayılması şöbəsi isə bu məlumatları kütləvi informasiya vasitələrinə, dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə və digər istifadəçilərə verir.
Azərbaycan müstəqillik qazandıqdan sonra xarici ticarət statistikasının tərtib olunmasına çox böyük əhəmiyyət verilməyə başlandı. Ölkəmizdə xarici ticarət statistikası dünyada qəbul olunmuş qaydada, yəni gömrük bəyannaməsi əsasında tərtib olunur. Dövlət Statistika Komitəsi milli hesablar sisteminin işlənməsi üçün "Birləşmiş iqtisadi hesabların Avropa sistemi" kimi tanınan BMT MHS variantından istifadə edir.
Bu gün Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi statistik məlumatların yığılması, işlənməsi və təqdimatı üçün SPSS proqram paketinin tətbiq edilməsi istiqamətində işləri davam etdirir.
Ümumdaxili məhsul (ÜDM) göstəricisinin milli hesablar sistemində əsas makroiqtisadi göstərici olduğunu nəzərə alaraq komitə ÜDM-in illik, rüblük və aylıq hesablamalarını həyata keçirir. Qeyd olunan hesablamalar Beynəlxalq Valyuta Fondunun (BVF), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) və Dünya Bankının metodoloji köməyi və məsləhətləri ilə yerinə yetirilir. Hazırda respublikanın istehlak bölməsində inflyasiyanın səviyyəsi BVF ilə razılaşdırılmış proqram üzrə istehlak qiymətləri indeksi əsasında müəyyənləşdirilir.
Dövlət Statistika Komitəsi öz fəaliyyətinin təşkilində ikitərəfli əməkdaşlıqdan da geniş istifadə edir. Belə əməkdaşlıq GTZ proqramı çərçivəsində Almaniya Federal Statistika İdarəsi ilə, TİKA proqramı çərçivəsində Türkiyə Cümhuriyyəti Dövlət Statistika İnstitutu və SİDA proqramı çərçivəsində İsveç Mərkəzi Statistika Bürosu ilə aparılır.
Ümumiyyətlə, Dövlət Statistika Komitəsi dünyanın 40-dan çox ölkəsinin statistika orqanları ilə əməkdaşlıq edir və məlumat mübadiləsi aparır. 1992-2010-cu illərdə komitə ilə Türkiyə, Almaniya, Bolqarıstan, Belarus, Özbəkistan, Qazaxıstan, Tacikistan, Rusiya, Macarıstan, Moldova, İordaniya Krallığı və İran statistika orqanları ilə statistika sahəsində əməkdaşlığa dair sazişlər imzalayıb.
Statistik məlumatların keyfiyyəti statistiklərin peşəkarlığından, onların statistik müşahidələri bacarıqla təşkil etmək və aparmaq qabiliyyətindən asılıdır. Bu cür dəqiq məlumatların toplanması təkcə böyük əmək və vəsait yox, həm də müxtəlif sahələrə dair biliklər və müasir iqtisadi-sosial proseslərin dərindən dərk edilməsini tələb edir. Əks təqdirdə göstəricilərin hesablanması çətinləşir və keyfiyyət aşağı düşür.
İnanırıq ki, 20 oktyabrda peşə bayramlarını qeyd edəcək statistiklərimiz uğurlu fəaliyyətlərini gələcəkdə də davam etdirəcəklər, çünki onların tərtib etdiyi dolğun statistika ölkəmizi inkişafa aparır.
Yazı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.
Müəllif: Aynur Kərimova
Layihə: Daha təkmil statistika - daha yaxşı həyat