“Neft 2016-cı ilə aşağı qiymətlərlə gedəcək”

Natiq Cəfərli: “Bu iki önəmli faktor neft bazarına yön verir”

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.17 dollar artaraq 45.71 dollar təşkil edib. ICE London qitələrarası birjasında isə Brent markalı neftin 1 barelinin dəyəri 0.17 dollar artaraq 48.30 dollar olub.

Bəzi ekspertlər bir neçə gündür qiymətlərdə yaranmış qalxma trendinin uzunmüddətli olduğunu bildirsələr də, investisiya təşkilatları bunun əksini iddia edirlər. Məsələn, ABŞ-ın mərkəzi investisiya bankı - "Goldman Sachs" 2016-cı ildə neftin qiymətinin 20 dollaradək enəcəyi barədə hesabat təqdim etdi. Hesabatda gələn il Brent, Texas, WTI markalarının, xam neft və benzin qiymətlərinin ən aşağı həddə olacağını proqnozlaşdırır: "2016-cı ildə Brentin 49.5 dollara düşəcək. Texas markalı neft isə 57-45 dollar arasında dəyişəcək. Lakin, OPEC qiymətləri 20 dollaradək aşağı salmağa çalışacaq". Amerikalı neft milyarderi, "BP Capital Management"in prezidenti Tomas Bun Pikens isə, 2016-cı ildə qiymətlərin 100 dollar olacağını proqnozlaşdırıb.

ABŞ-ın Energetika İnformasiyası İdarəsi (EIA) də 2016-cı il üçün gözləntilərini açıqlayıb. EIA gələn il Brent markasının 59 dollar olacağını iddia edib: "Ucuzlaşmaya səbəb olacaq əsas faktor Qərbin sanksiyalarından azad olan İranın neft bazarına daxil olmasıdır. İran 2016-cı ildə neft hasilatını gündəlik 300 min barelə qaldıracaq". EIA bildirdi ki, inkişaf etmiş ölkələrin iqtisadi geriləmələri də qiymətlərə təsir edəcək.

İqtisadçı-ekspert Natiq Cəfərli "Olaylar"a bildirdi ki, neftin qiymətlərindəki oynaqlıq, 46-49 dollar arasında bir "dəhliz" yaradıb. N. Cəfərlinin sözlərinə görə, iki həftədir qiymətlərin bu "dəhliz"də irəliləyib-geriləməyi müşahidə edilir: "Bu həm də bir trenddən xəbər verir ki, qiymət yuxarı həddə çatdıqda, satışlar zəifləyir və neftin qiymətinin aşağı enməsi prosesi baş verir. Neft bazarında iki faktor önəmli rol oynayır: 1. ABŞ-da hər həftə çıxan strateji ehtiyatların həcmi haqqında məlumat; 2. ABŞ-da hər cümə günü buruqlarının sayı haqqında dərc olunan məlumat. Bu iki önəmli məlumat neft bazarına yön verir. Hələlik neft digər intikatorlara reaksiya vermir: nə siyasi gərginliklərə, nə müharibələrə. Neft istehsalında artım olmasaydı, dünyada baş verən proseslər qiymətləri bahalaşdırardı. Bu baş vermirsə, demək, bahalaşma ehtimalı çox aşağıdır".

Natiq Cəfərli bildirib ki, oktyabrın 21-də İranın rahat şəkildə dünyanın neft bazarına daxil olması da, qiymətlərə təsir edəcək: "İlkin məlumatlara görə, artıq 70 milyon barelə yaxın neft tankerlərə yüklənmiş halda bazara çıxmasını gözləyir. Bu da qiymətlərə ciddi təzyiq yaradacaq". Ekspert qeyd edib ki, ilin sonuna kimi qiymətlər 45-50 dollar arasında dəyişəcək. Natiq Cəfərli hesab edir ki, İran nefti daha çox həcmdə bazara çıxacaqsa, bu qiymətləri daha da aşağı çəkəcək: "Qiymətlər 40 dollardan da aşağı düşə bilər. Yəni, qiymətlərin artması ehtimalı sıfıra bərabərdir. Digər yandan Çin iqtisadiyyatında problemlər qalmaqdadır. Bu problemlərə uyğun olaraq, Çinin istehlakı azalır, istehsalı artır. Həm də neft ölkələri istehsalı artırmaq yolu ilə, neftin qiyətlərində itirdiklərini kompensasiya etməyə çalışırlar. Ona görə də, yaxın gələcək üçün qiymətlərin artması yönündə optimist proqnozlar vermək olmur".

Mənsur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31