Bankla müqavilə bağlayan zaman nələrə diqqət yetirilməlidir?
5 Oktyabr 2015 13:49 İqtisadiyyatManatın devalvasiyasından sonra vətəndaşların kredit borclarının hansı qaydada ödənilməsi ilə bağlı söhbətlər səngimək bilmir. Məsələyə iqtisadçılar və hüquqşünasların dəfələrlə izahat vermələrinə baxmayaraq hələ də banklarla vətəndaşlar arasında anlaşılmazlıqlar hökm sürməkdədir. Xatırladaq ki, bir müddət öncə prosesin ciddiliyini nəzərə alan Konstitusiya Məhkəməsi və Mərkəzi Bank tərəfindən kreditlərin ödənilməsi qaydası şərh edilmişdi. Bildirilmişdi ki, qanunvercilikdə ödəniş anlayışının hüquqi izahı verilməsə də Konstitusiyanın 19.3-cü maddəsində göstərilir ki, ölkə daxilində manatdan başqa valyutada ödəniş vasitəsi qadağandır. Belə ki, Mülki Məcəllənin 739-cu maddəsində göstərilir ki, borca görə bank mülkiyyəti hüququnu borclanan verir. Borc alan isə onu qaytarmağı öz üzərinə götürür. Pul qanunvericilikdə əşya kimi qiymətləndirilir. Borclanan isə aldığı əşyanı olduğu kimi qaytarmalıdır. Mülki Məcəllənin 444.1-ci maddəsində göstərilir ki, banklar qəbul etdikləri əmanətləri də olduğu kimi qaytarmalıdır. Yəni, götürdüyü valyuta ilə qaytarmalıdır. Mərkəzi Bankın izahatında qeyd olunurdu ki, bu məsələ barədə qərar verərkən qanunvercilikdən başqa iqtisadi yön də nəzərə alınmalıdır. Yəni, başqa cür qərar verilərsə, bankların cəlb etdiyi xarici valyutalarda olan aktivlər də risk altına alınacaq, nəticədə banklar itki ilə üzləşəcəklər. Üstəlik son aylarda əhali öz əmanətlərini kəskin olaraq manatdan dollara dəyişir. İlin əvvəlində əmanətlərin 37 faizi xarici valyutada idisə, hazırda əmanətlərin 65 faizi dollarladır. Bu səbəbdən bankların əmanətlərə görə ödəməli olduğu məbləğ 800 milyon manat artıb. Bu məsələdə fərqli bir qərar qəbul edildiyində, bu itki əhəmiyyətli dərəcədə arta bilər. Nəticədə, bankların əhalinin əmanətlərini ödəməsi risk altına düşər. Bütün bunlara baxnayaraq xarici valyuta, xüsusən də dollarla olan kreditlərin milli valyutaya çevrilməsi ilə bağlı suallar son zamanlar ən çox ünvanlanan müraciətlərdəndir. Bəs, nədən rəsmi qurumların şərhindən sonra belə vətəndaşlarla banklar arasında valyuta anlaşılmazlığı yaşanmaqdadır? İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, bir sıra riteyl bankların dollarla kreditləri manata çevirməsi ilə bağlı müraciətlərindən sonra potensial develvasiya riskindən ehtiyatlanan vətəndaşlarımız bəzi hallarda şərtləri oxumadan belə buna razılıq verirlər. Nəticədə, kommersiya bankları nəinki məzənnə, hətta digər riskləri belə kredit müqaviləsinə transfer etməklə yeni müqavilələr hazırlayırlar. Odur ki, vətəndaşlar dollar ilə olan kreditləri manata çevirən zaman bir sıra nüanslara diqqət yetirməlidirlər. Onun sözlərinə görə, ilk növbədə müddətin uzadılmaması məsələsinə nələrə diqqət yetirilməsi vacibdir: "Bankların əksəriyyəti belə əməliyyatlarda dollarla olan məbləği manata çevirən zaman müddəti uzatmaqla kredit sahibindən əlavə ödənişi təmin edilər. Məsələn, kredit müqaviləsinin bitməsinə 7 ay qalmış anlaşmanı milliləşdirən zaman bank yeni müqavilədə müddəti 12 ay göstərməklə ümumi ödəniləcək kredit məbləğini sünii şəkildə şişirdir. Eyni zamanda, uzadılan müddət üzrə faizin hesablanmaması məsələsinə diqqət yetirilməlidir. Belə ki, əksər hallarda kommersiya bankı vətəndaşa kredit üzrə faizin dəyişdirilmədiyini bildirsə də uzadılan müddətə faizin hesablanması ümumi kredit həcmini məbləğdən asılı olaraq 15-20 faiz artırır. Bu isə birbaşa uzadılan müddət üçün faizin hesablanması ilə bağlıdır. Bununla da, kredit götürən artıq vəsait ödəmək məcburiyyətində qalır". Onun sözlərinə görə, vətəndaşlar bankla müqavilə bağlayan zaman faizlərin dəyişdirilməməsi məsələsinə xüsusi diqqət yetirməlidirlər. Çünki bir sıra banklar dollarla kreditlərin manata konvertasiyası zamanı faizlərin dəyişdirilmədiyini bildirsə də ümumi kredit məbləğində yeni faizlər hesabına artımlar baş verir: "Vətəndaşlar aylıq ödənişin azalmasına şirnikləşməməlidirlər. Müddəti uzadan və həmin dövrə faiz hesablayan banklar aylıq ödənişi azaltsa da son nəticədə daha çox pulun ödənilməsini təmin edirlər. O baxımdan, aylıq ödənişin azalmasına deyil, müqavilə müddəti bitənədək ödəniləcək məbləğə diqqət yetirmək lazımdır. Uzadılan müddətdə aylıq ödənişin azaldılması əksər hallarda heç də krediti olan üçün uduş kimi qiymətləndirilməməlidir. Bununla paralel olaraq konvertasiya məzənnəsinə diqqət yetirmək lazımdır. Kommersiya banklarının əksəriyyətində manatın xarici valyutalara konvertasiya məzənnəsi valyutadəyişmə məntəqələrinin kursu ilə tamamilə fərqlidirlər. Buna görə də, sərfəli olmayan məzənnə ilə konvertasiya kredit götürənin elə müqavilə bağlanan anda uduzması deməkdir. Deməli, kommersiya banklarında kredit müqavilələrinizə dəyişiklik edən zaman diqqətli olmaq və prosesdən bankların deyil, vətəndaşlarımızın qazanmasını təmin etmək həm də kredit götürənlərin özündən aslıdır".
Alim