"İqtisadi problemlərə başı qarışan dünya, miqrant problemləri ilə də üz-üzə qalacaq" — Ruslan İzzətli

Bir müddət öncə Suriya məsələsində əsas fiqur olan Türkiyə artıq kənarda qalıb. Belə ki, Rusiyanın Suriyaya müdaxiləsi və Bəşər Əsədə dəstək verməsi bütün planları alt-üst edib.

Rusiya Suriyada həm İŞİD-i, həm də müxalifəti bombalayır. Bu isə Suriya müxalifətinə dəstək verən dövlətlərin maraqlarına uyğun deyil.

Suriya məsələsini D18 hərəkatının sədri Ruslan İzzətli Ölkə.Az-a şərh edib:

"Prosesləri izlədikdə görürük ki, böyük güclərin maraqları toqquşmaq üzrədir. Yaxın şərqdə baş verən son olaylar göstərir ki, dünənə qədər müttəfiq olan dövlətlər arasında belə toqquşma yaranıb. Suriya məsələsində qərbin günahı ondadır ki, ilkin dönəmdə Bəşər Əsədə qarşı hərbi əməliyyatlar keçirilsə idi, gözləmə mövqeyində durulmasa idi, bu gün milyonlarla suriyalı Avropaya və Türkiyəyə miqrant kimi sığınmazdı. Avropa Suriya məsələsini vaxtında həll etməməklə başına miqrant problemi açdı. Qərbin Suriya ilə bağlı gözləmə mövqeyində olması və yaxud qəti addım atmaması Rusiyanın əlini gücləndirdi. Artıq qorxulusu odur ki, Suriyada güclənən Rusiya, Ukrayna məsələsində Qərblə alverə gedə bilər. Əgər Putin Suriyada istədiyini edə biləcəksə Qərblə Krım və Ukrayna məsələsində də güc nümayiş etdirəcək.
Türkiyənin Suriya və Bəşər Əsədə münasibəti doğrudur. Demokratiya və insan haqları nə sərhəd məsələsidir, nə də bir ölkənin daxili məsələsi. Türkiyə haqlı olaraq istəmir ki, qonşusunda avtoritar bir ölkə olsun. Suriya məsələsində suriyalılara ən çox qucaq açan ölkə Türkiyədir. Türkiyənin bu məsələdə yeritdiyi siyasətin uğurlu, uğursuz olmasını zaman göstərəcək. ABŞ Suriya məsələsini həll edə bilmədiyi üçün Rusiya bölgədə güclənməyə başladı. İqtisadi problemlərə başı qarışan dünya, miqrant problemləri ilə də üz-üzə qalacaq".

Qeyd edək ki, Suriya məsələsinin qızışdırılmasında əsas rolu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oynayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31