Əbülfəs Qarayev - Mədəniyyət və Turizm naziri

Aldığımız məlumata görə, otellərin qiymətləri hələ ki, regionlarda endirilib. Bu da ölkəyə gələn turistlərin çox qisminin Azərbaycanın regionlarında, xüsusən də, şimal, şimal-qərb, qərb və cənub bölgələrində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərində istirahət etməsi ilə bağlıdır. Nazirliyin araşdırmalarına görə, Quba - Xaçmaz regionu ən çox yerli turistlərin (330 353 nəfər), Şamaxı - İsmayıllı regionu isə ən çox xarici turistlərin (22 286 nəfər) istirahət etdiyi bölgələrdir. Regionlarda ümumilikdə 608 233 nəfər turist istirahət edir ki, bunlardan 560 688 nəfər yerli turistlər, 47 545 nəfər xarici turistlərin payına düşür.


Azərbaycan Turizm Assosiasiyası (AZTA) sədrinin müşaviri Müzəffər Ağakərimov otellərin qiymətindəki endirimləri təstiqlədi. Onun sözlərinə görə, qiymətlər, nəinki, regionlarda, hətta, paytaxtın bəzi otellərində də endirilib. Buna səbəb isə Azərbaycana daha çox turistin cəlb olunmasıdır: "Bu addımı atmaqda məqsəd Azərbaycana təkcə VİP turistlərin deyil, aşağı təminatlı turistlərin (xüsusən, Şimali Qafqazdan, İrandan, öz ölkəmizdən də insanlar) də gəlməsinə imkan yaratmaqdır. Regionlardakı otellərdən başqa, Bakı şəhərində fəaliyyət göstərən 146 oteldən 142-sində monitorinqlər keçirilib. Aşkar olunub ki, həqiqətən də, qiymələr çox yüksəkdir. Müxtəlif otellərdə ulduz sistemindən, otaqların nömrəsindən asılı olaraq, 15-30% endirimlər olunub", - deyə müşavir vurğuladı.


Müzəffər Ağakərimov - Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri

Qiymətlərin münasib olmasının ölkəmizin vergi sisteminə müsbət təsir göstərməsinə toxunan Müzəffər Ağakərimov, bundan sonra da aşağı qiymətli otellərin, hostellərintikilməsi barədə təkliflərin verildiyini də dedi. Azərbaycanda, xüsusən, Bakı şəhərində 2-3ulduzlu otellərin tikiləcəyi gözlənilir. Aztəminatlı insanlar, tələbələr bu cür məkanlardan təhlükəsizlik baxımından da yaradılması zəruridir. Yeməyində, təchizatında məhdudiyyətlər olan bu cür az ulduzlu otellər və hostellərin qiyməti 10-15 manatdan yüksək olmayacaq. 

Azərbaycanın bir çox turizm şirkətləri də otellərlə olan əlaqələrini zəif olmasını onların qiymətlərin yüksək olması ilə bağlı olduğunu deyirlər. Onlar bu qənaətdədirlər ki, ölkədəki otellərdə qiymətlər baha olduğu üçün onlar orada turist yerləşdirə bilmirlər. Amma qiymətlərin endirilməsindən məmnun olan şirkətlər, bundan sonra otellərlə əməkdaşlığın daha sıx olacağını düşünürlər.



Otellərdə qiymətlərin endirilməsi Azərbaycan prezidenti İlham Əliyevin, nazirliyə ünvanladığı tənqidlərindən sonra baş verib. Prezident Əliyev Birinci Avropa Oyunlarından sonra nazirlərə bir sıra tapşırıqlar vermişdi, onlardan biri də ölkədə hotellərin qiymətlərinin aşağı salınması idi:

"Xarici İşlər Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə və digər qurumlara göstərişlər verilmişdir, amma nəticə hanı? Yoxdur və əgər kimsə mənə desə ki, var, yoxdur. Çünki mən soruşuram. Buraya gələn qonaqlar ağızdolusu danışırlar ki, nə gözəl ölkədir. Amma bir problem var ki, gəlmək çətindir, gərək bir ay, iki ay qabaq planlaşdıraq. İndi müasir dünyada insanlar sürətlə hərəkət edirlər. Gəlmək istəyən turist iki gün, üç gün ərzində otel sifariş edir, bilet, viza alır gəlir, vəssalam".


Hər-halda, xaricdə tur paketlərə baxan turistlər digər ölkələrlə müqayisədə ölkəmizdə yerləşən otellərin qiymətinin münasib olduğunu gördükdə, təbii ki, onlar Azərbaycana üz tutacaqlar. Otellərin qiymətinin aşağı olması xarici turizmin inkişafı ilə yanaşı, daxili turizmin də inkişafında mühüm rol oynayacaq. Çalışmalıyıq ki, bizim vətəndaşlar istirahət üçün Türkiyədə, Gürcüstanda deyil, 9 iqlim qurşağına malik, hər cür şəraiti olan doğma Azərbaycanımızda dincəlsinlər.