“Ölkəmizə təhlükəli xəstəliklər gətirilir”
Vahid Məhərrəmov: “…məhsuldarlığı kəskin şəkildə aşağı saldı, fermerlərimizi ciddi zərərə məruz qoydu”
1 Oktyabr 2015 14:59 İqtisadiyyat"Keçən ilin 7 ayı ərzində olkəyə 29,7 milyon dollar dəyərində diri heyvan idxal olunduğu halda, bu ilin analoji dövründə bu göstərici 8,79% artaraq 32,3 milyon dollar təşkil edib". Bu barədə kənd təsərrüfatı üzə ekspert Vahid Məhərrəmov məlumat verib. V. Məhərrəmov bildirib ki, bu ilin 7 ayı ərzində əsasən kəsim üçün ölkəyə idxal olunan heyvanların dəyəri keçən ilin analoji dövrünə nisbətən 2,6 milyon dollar artıb: "Xatırladım ki, 2010-cu ilin 7 ayı ərzində ölkəyə cəmi 1,6 milyon dollar dəyərində diri heyvan idxal olunduğu halda, son 5 ildə bu göstərici 20 dəfədən çox artıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə 2013-cü ildə ölkəmizə 31 milyon 980 min 700 dollar dəyərində diri heyvan idxal olunub, Dövlət Gömrük Komitəsinin məlumatlarında isə diri heyvanların idxalı 41 milyon 214 min 630 dollar təşkil edir. Əvvəlki aylardan fərqli olaraq DGK avqust ayının statistikasını hələ də açıqlamayıb. Görünür çətinliklər yaranıb". Vahid Məhərrəmovun sözlərinə görə, rəqəmlərin fərqini nəzərə almasaq, göründüyü kimi son bir neçə ildə ət və diri heyvanların idxalı ciddi artıb, bu da istehsalda problemin çoxalması ilə bağlıdır. Ekspert qeyd edib ki, bu sahədə qonşu ölkələr bölgədə güclü diri heyvan ixracatçısı kimi çıxış edirlər. Azərbaycanda bu sahədə vəziyyətin kritik olduğunu deyən Vahid Məhərrəmovun sözlərinə görə, ilbəil heyvandarlıq məhsulları istehsalı azalır, ölkənin idxaldan asılılığı isə artır.
"Xırdabuynuzlu heyvanların idxal dəyəri artırılıb"
"Azərbaycana 2013-cü ildə 2,2 milyon dollar dəyərində 163 min baş diri qoyunlar idxal olunub. Hesablamalara görə idxal olunan xırdabuynuzlu heyvanların hər birinin idxal qiyməti 10 manat 77 qəpik təşkil edib. Təsəvvür edin 1 kiloqram ət qiymətinə 13-15 kiloqram təmiz ət çıxışı verən qoç, toğlu alınıb. Onu da qeyd edim ki, həmin ildə Qurban bayramı ilə əlaqədar Bakı şəhərində təşkil edilən yarmarkalarda idxal olunan 1 baş toğlu, qoç alıcılara 100-150 manata satılıb", - deyə V. Məhərrəmov vurğulayıb. Ekspert bildirib ki, 2014-cü ildə ölkəyə gətirilən xırdabuynuzlu heyvanların idxal dəyəri əvvəlki ilə müqayisədə 6 dəfə artırılıb: "Ölkəyə 2014-cü ildə 6,9 miyon dollar dəyərində 88 min baş diri qoyunlar idxal olunub. Göründüyü kimi əvvəlki ilə nisbətən baş sayı 2 dəfə azaldığı halda ödənilən ümumi məbləğ 3 dəfə artıb. Bir baş qoyunun idxal dəyəri 79,43 dollara, yəni 62 manat 35 qəpiyə sənədləşdirilib. Bu qiymətləndirmənin də şübhəli olduğunu qoyaq kənara və hesab edək ki, bir zaman qaydasına düşər. Həm də hesab edək ki, bu əməliyyatdan dövlət büdcəsinə nəzərdə tutulan vergi nisbətən artıb. Xırdabuynuzlu heyvanların idxal dəyərinin 6 dəfə artması xəbəri sevindirici olsa da, əldə etdiyimiz digər bir məlumat heç də bu işin qaydaya düşəcəyinə ümid vermir. Belə ki, 2013-cü ildə Azərbaycana Gürcüstandan 109 min başdan çox diri iribuynuzlu heyvanlar idxal olunduğu və həmin heyvanların 3 kiloqram ət qiymətinə, yəni 29 dollar 91 sentə, o zamankı məzənnə ilə 24 manat dəyərində sənədləşməsi haqda məlumat vermişdik".
"Həmin heyvanlar yerli heyvanlardan 10-15% ucuz təklif olunur"
Vahid Məhərrəmov qeyd edib ki, bu məlumatdan sonra aidiyyatı qurumlar iribuynuzlu heyvanların idxal dəyərinə nəzər yetirmək qərarına gəlib: "Belə ki, 2014-cü ildə Gürcüstandan ölkəmizə gətirilən 2,1 milyon dollar dəyərində 54,3 min baş diri iribuynuzlu heyvanın hər biri sərhəddə yeni qiymətə, 39,37 dollara, o zamankı məzənnə ilə 31 manata sənədləşdirilib. Əvvəlki ildə 3 kiloqram ət qiymətinə ölkəyə gətirilən iribuynuzlu heyvanların idxal dəyərini 2014-cü ildə 4 kiloqram ət qiymətinə sənədləşdiriblər. Qəribə burasıdır ki, adi qoyunu, toğlunu, adi inəkdən, danadan 2 dəfə yüksək qiymətləndiriblər. Belə ki, yuxarıda qeyd olunduğu kimi 1 qoyunun idxal dəyərini 79,43 dollara, bir dananı isə 39,37 dollara sənədləşdiriblər. Əlbəttə, Gürcüstan fermerlərinə çatacaq maliyyə vəsaiti bundan 10-15 dəfə çox olub. Gürcüstandan idxal olunan heyvanlara tətbiq olunan gömrük rüsumu, daşınma üçün ikitərəfli nəqliyyat xərci və digər ödəmələrlə yanaşı, Azərbaycanda həmin heyvanlar yerli heyvanlardan 10-15% ucuz təklif olunur".
"Ət istehlakı normadan aşağıdır"
Vahid Məhərrəmovun sözlərinə görə, Azərbaycanda adambaşına ət istehlakı normadan 2 dəfədən də çox aşağıdır. Ekspert qeyd edib ki, bəzi MDB dövlətləri daxili istehsal hesabına özlərinin əsas ərzaq və qida məhsullarına olan təlabatlarını ödəyə bilmədikləri halda əhalinin alıcılıq qabiliyyətini artırmaq hesabına beynəlxalq normaya uyğun şəkildə əhalinin qidalanmasını təmin edirlər: "Belə ki, yuxarıda qeyd olunduğu kimi Rusiyada daxili istehsal hesabına adambaşına 60 kiloqram ət istehsal olunsa da xaricdən idxl olunan ət və ət məhsullarının hesabına bu göstərici 74 kiloqrama qədər artıraraq normaya yaxınlaşdırıblar. Azərbaycanda isə bu göstərici normadan 2 dəfədən də çox aşağıdır. Belə ki, 2013 -cü ildə ölkədə adambaşına 33, 8 kiloqram ət və ət məhsulları istehlak olunub. Bu da müəyyən edilmiş normanın 40 faizi qədərdir. Xatırlatmaq istərdim ki, 2013-cü ilin oktyabr ayında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı hazırladığı hesabatda Azərbaycanla bağlı məsələlərə geniş yer ayrılıb. Həmin hesabatda Azərbaycan əhalisinin Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi gündəlik və illik qida normasından xeyli aşağı miqdarda ərzaq və qida məhsulları istehlak etdiyi, xüsusən, yüksək kalorili məhsulların istehlakı müəyyən olunmuş normadan xeyli aşağı olduğu vurğulanır: "Ət və ət məhsulları istehlakının adambaşına illik norması 84 kiloqramdır. Reallıqda isə ölkə əhalisi adambaşına ildə cəmi 33 kiloqram ət istehlak edir"". Vahid Məhrrəmovun sözlərinə görə, Azərbaycana çoxlu sayda heyvan idxal olunur ki, həmin heyvanlarla bərabər indiyə kimi ölkəmizdə mövcud olmayan təhlükəli xəstəliklər də ölkəmizə gətirilir: "Ölkəyə gətirilən xəstəliklər təsərrüfatlarımıza çox ciddi ziyan vurur. Son üç ildə "bünyavirus" və "nodulyar dermatit" xəstəlikləri mal-qara arasında çoxlu sayda təlafata səbəb oldu, məhsuldarlığı kəskin şəkildə aşağı saldı, fermerlərimizi ciddi zərərə məruz qoydu. Ciddi yoxlamalar həyata keçirmədən çoxlu sayda diri heyvanların idxal edilməsi, ölkənin ərzaq təhlükəsizliyinə təhdid mənbəyi olaraq qalmaqdadır".
Mənsur