"Pensiya yaşı 65-dək qaldırıla bilər"

Qubad İbadoğlu: “Əmək pensiyası alanların sayı ildən-ilə artır”

Pensiya yaşı 65-dək qaldırıla bilər". Bu barədə açıqlama verən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev insanların iş və ya peşə fəaliyyəti müddətləri ilə pensiyaya çıxma yaşı arasında müəyyən uyğunluq yaradılmasına ehtiyac olduğunu deyib. O variantlardan biri kimi pensiya yaşının 65-ə qaldırılacağını qeyd edib. İqtisadçı ekspert Qubad İbadoğlu da pensiya yaşının gələn ildən 65-ə qaldırılmasının mümkünlüyünə diqqət çəkib. Q. İbadoğlu bunun başlıca səbəbini pensiya fondunun maliyyə durumunun pisləşəcəyində görür: "Hazırda Fondun maliyyə dayanıqlığına 2 başlıca amil mənfi təsir göstərir. Birincisi, əmək pensiyası alanların sayı ildən-ilə artır. Hazırda onların sayı 1,3 milyona çatıb və say tərkibinə görə əmək peniyaçılarının 61 faizə qədəri yaşa görə təqaüdə çıxanlardır. İkincisi, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi artdığı halda onun daxilolmaları xüsusilə də özəl sektordan ayırmalar azalır. Növbəti il üçün Fondun büdcəsi 3 milyard 78 milyon 600 min manat təklif olunub ki, onun da 60 faizə qədəri büdcə mənbəli maliyyələşmədən formalaşacaq. Son illər dövlət büdcənin xərclərinin azalması fonunda bu sahədə öhdəliklərə gələcəkdə problem yaranacağı da indidən bəllidir. Digər problem isə iş yerlərinin ixtisarı və əmək haqqı fondunun kiçillməsi ilə bağlıdır. Növbəti ilin büdcə-vergi siyasətində sosial sığorta ayırmalarında artıma nail olmaq hökümətin qarşısında vəzifə kimi qoyulsa da bu o qədər də asan olmayacaq. Çünki, dövlət pensiya sisteminin normal maliyyələşməsi üçün 1 pensiyaçıya mütənasib olarar 3 işçi fəaliyyət göstərməli və onlar müntəzəm olaraq sosial sığorta ayırmaları etməlidir. Azərbaycanda bu göstərici 2 dəfədən də aşağıdır. Görünür pensiya-sığorta sisteminin əhatəliyini genişləndirmək probleminin ciddiliyi hökümətdə başqa alternativləri saxlamayacaq. Odur ki, gələn ildən pensiya yaşı 65-dək qaldırıla bilər. Məlumat üçün qeyd edim ki, BMT-nin insan inkişafına dair illik hesabatında da Azərbaycan orta ömür müddətinə görə, 187 ölkə arasında 125-ci yeri bölüşür. Hesabatda Azərbaycanda orta ömür müddəti 67 göstərilir. Dövlət Statistika Komitəsində isə bununla razılaşmırlar. Komitənin açıqlamasına görə, Azərbaycanda orta ömür müddəti 73, 8-dir. Kişilərin orta yaş həddi 71,2, qadınların isə 76,5". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31