Alternativ enerji: həmişə yanan işıq
22 Sentyabr 2015 19:16 İqtisadiyyatİnsan həyatının hər sahəsinə daxil olan elektrik enerjisi artıq "əvəzolunmaz" status alsa da gec-tez onu əvəzləmək lazım gələcək. Dünya nə olur olsun enerji böhranı ilə üzləşə bilər və alimlər artıq illərdir ki bəşəriyyətin qarşılaşacağı bu problemlə bağlı həyəcan təbili çalır.
Son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə artan mənfi təsiri və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnib. Hətta enerji böhranı həll edilsə belə, dünya bərpa olunmayan enerji mənbələri -- neft, qaz, daş kömürün tükənməsi problemi ilə üz-üzə dayanacaq.
Hesablamalara görə hələ bugünkü istismar tempi ilə daş kömür 400 - 500, neft və qaz isə maksimum 100-200 ilə çatacaq. Bir sözlə, 21-ci əsrin sonunda enerjiyə getdikcə artan tələbatı necə ödəmək kimi sual qarşısında dayanacağıq.
Bütün dünyada qədim neft diyarı kimi tanınan Azərbaycan, dəyişkən qlobal iqtisadi tendensiyaların fonunda bir zamanlar yalnız strateji plan olan, hal hazırda isə davamlı inkşaf edən alternativ enerjisi ilə özünəməxsus iqtisadi inkşaf modelini sürdürmək iqtidarındadır.
Alternativ enerji -alternativ inkşaf
Ölkə iqtisadiyyatının neft sektorundan asılılığını azaltmaq və davamlı iqtisadi inkşafı təmin etmək Prezident İlham Əliyevin uzaqgörən siyasətinin prioritetləri sırasındadır.
Davamlı iqtisadi inkişafın təminatında əsas məqsəd ətraf mühiti qorumaqla mövcud resurslardan insanların ehtiyacları üçün istifadə olunmasını təmin etməkdir. Bu resurslar istifadə olunarkən yalnız hazırki vəziyyət deyil, eyni zamanda gələcək nəsillərin potensial ehtiyacları da nəzərə alınmalıdır.
Davamlı enerji siyasəti əsas iki istiqamətdən ibarətdir. Bunlardan biri alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin artırılması, digəri isə enerjiyə qənaət və enerji səmərəliliyinin artırılmasdır.
Nəticə olaraq Azərbaycanın inkşaf yolunda son illərdə bu məsələlərə diqqət artırılıb və Prezident İlham Əliyevin 2004-cü ildə təsdiq etdiyi "Azərbaycan respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın icrası ilə alternativ və bərpa olunan enerji sahəsində islər genişləndirilib. 2009-cu ildə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaradılması da bu sahədə ciddi irəliləyişə təkan verdi. Bunun sayəsində 2011 ci ildə artıq alternativ enerji mənbələri ölkədə istehsal olunan enerjinin 10 fazini təmin edirdi.
Bu günə kimi alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına 300 milyon manat investisiya yatırılıb, onun 70 milyon manatı dövlət, qalanı isə özəl investisiyaların payına düşür. 2020-ci ilə kimi Azərbaycanda alternativ enerjinin ümumi həcmində günəş enerjisinin xüsusi çəkisinin 40%-ə, külək enerjisinin payını isə 28%-ə çatdırmaq planlaşdırılır.
İqlim dəyişikliyi - yeni çağırışlar
Davamlı ekoloji iqtisadi inkişaf elə bir ahəngi təmin etməlidir ki, resurslardan mal və xidmətlər istehsal ediləndə təbii ahəng pozulmasın. Yeni iqlim şəraiti Azərbaycan iqtisadiyyatını uzunmüddətli perspektivdə müəyyən çağırışlarla üz-üzə qoyur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov qəzetimizə müsahibəsində qeyd edir ki, iqlimin dəyişməsinə təsir edən təbii və antropogen amillər mövcuddur. Atmosferdə istilik effekti yaradan qazların konsentrasiyası və günəş radiasiyasının dəyişməsi iqlim sistemində enerji balansının dəyişməsinə səbəb olur.
AMEA Coğrafiya İnstitutunda aparılmış tədqiqatların nəticələrinə görə, 1880-2010-cu illəri əhatə edən dövrdə ölkəmizin ərazisində temperaturun dəyişməsi müxtəlif regionlarda 0,2-dən 1,5 °C-yə qədər təşkil edir və son 40 il ən isti dövr kimi qiymətləndirilir.
İqlim dəyişmələrini təsirinə adaptasiya zamanı alternativ və bərpa olunan enerji mənbələrindən istifadə edilməsi əhəmiyyətli məsələdir. Bu səbəbdən, ölkə müxtəlif alternativ enerji mənbələrindən istifadə imkanına malikdir və onların istifadəsi hazırda hökumətin prioritet istiqamətlərindən biridir.
Neft və qazdan sonra həyat
Yerləşdiyi əlverişli coğrafi mövqeyi və iqlim şəraiti baxımından Azərbaycanda ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadəyə imkan var. Bu istilik elektrik stansiyalarında yandırılan böyük miqdarda yanacağa qənaətlə yanaşı həmçinin ətraf mühitə atılan zərərli tullantıların miqdarını da xeyli azaldır.
Hazırda Azərbaycanın elektrik enerji sistemi 7,2 min MVt təşkil edir və alternativ enerji mənbələrinin potensialı 12 min MVt həcmində qiymətləndirilir. Ölkəmizdə potensial günəş enerjisinin gücü 5,000 meqavattı, külək enerjisinin potensialı isə 4,500 meqavattı keçir. Ölkədə bioenerji potensialı 1,500 meqavatt, geotermal enerji potensialı isə 1,800 meqavattdır.
Küləyin qanadlarında -
Külək enerjisi digər altenrativ enerji mənbələrindən ekoloji cəhətdən təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir. Ölkəmiz 800 MVt-a yaxın illik külək enerji ehtiyatına malikdir. Bu ehtiyat ildə təxmini hesablamalara görə 2,4 milyard kVt/saat elektrik enerjisi və bu isə, öz növbəsində, ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət, ən əsası isə azondağıdıcı olan karbon dioksidin atmosferə atılmasının qarşısının alınması deməkdir.
Ölkəmizdə ən əlverişli külək şəraiti olan bölgələr Abşeron yarımadası, Xəzər dənizi sahili zolağı və akvatoriyanın şimal-qərbindəki adalar, Gəncə-Daşkəsən zonası, və Naxçıvanda Şərur-Culfa zonasıdır.
Abşeron yarımadasında ildə 226 gün küləyin sürəti 8m/san-dən yüksək olur. Sahil ərazilərdə küləyin sürəti 6-20 m/san-dir. Hesablamalara əsasən Abşeronda texniki külək enerji potensialı 1,000-1,500 MV-dır.
Ölkədə böyük külək elektrik stansiyalarının tikintisi aparılır və bunlardan biri də 50 meqavat istehsal gücünə malik "Yeni Yaşma"dır. Hal hazırda Dövlət Agentliyi Xızı rayonunda yerləşən bu stansiyada yoxlama işləri aparır." İlkin araşdırmalara görə, yaxın 5il ərzində Azərbaycanda 100-ə qədər bu tipli stansiyanın qurulması planlaşdırılır.
Həmçinin, Xəzər dənizinin güclü şimal, şimal-qərb küləklərinin istifadəsi üçün analoqsuz layihə üzərində iş aparılır. Dövlət Agentliyinin məlumatına görə Pirallahı rayonunda dünyada ilk dəniz elektrik stansiyası inşa edilə bilər.
Hal-hazırda layihənin texniki-iqtisadi əsaslandırılması yekunlaşdırıb. Layihənin icrası 2017-2018-ci illərdə tam yekunlaşacaq. İlkin hesablamalara görə, layihənin dəyəri 450 mln. manat civarındadır və bu layihə 3 hissədən ibarət olacaq. Birinci mərhələdə külək stansiyaları inşa olunacaq, ikinci mərhələdə yol- estakada çəkiləcək. Sonuncu mərhələdə isə enerjinin ötürülməsi üçün orada şəbəkə yaradılacaq.
Dəniz küləyindən istifadə etməklə xərclənən vəsaiti 10 il müddətinə qaytarmağı düşünülür.
Qızmar günəş altında-
Təbii şərait ölkəmizdə günəş enerjisindən geniş şəkildə istifadəyə imkan verir belə ki, Azərbaycanda günəşli saatların il ərzində miqdarı 2,400-3,200 saatdır.
Bu enerjinin inkşafı ölkənin regionlarında olan enerji tələbatını qismən ödəyə bilər. Azərbaycanın ucqar rayon və kəndlərində günəş panellərindən istifadə etməklə enerjiyə qənaət olunması Dövlət Agentliynin üzərində işlədiyi sahələrdəndir.
Kənd təsərüfatı ilə məşğul olan bölgələrdə bu layihənin reallaşdırması daha məqsədə uyğun hesab edilir. Belə ki, günəş panellərini daha çox fermaların yerləşdiyi tikililərin üzərində quraşdıraraq elektrik enerjisindən səmərli istifadəni təmin etmək mümükündür. Hazırda Naxçıvan, Gədəbəy, Balakən, Neftçala və Siyəzən rayonları üçün bu istiqamətdə iqtisadi texniki əsaslandırmalar hazırlanır.
Bakıda isə binaların üzərində günəş panelləri yerləşdirməklə evlərin, küçələrin və blokların işıqlandırılması məsələsi gündəmdədir. Bu məsələ "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında" qeyd olunub. Dövlət Agentliyi artıq Badamdarda, Hövsanda, Qaradağ rayonunda 5 məktəb və 2 polikilinikanın damında günəş paneli quraşdırmaqla sözügedən obyektlərin elektirk enerjisi ilə təmin olunmasını həyata keçirib.
Əvvəllər belə qurğuların quraşdırılmasında istifadə olunan günəş batareyaları və digər avadanlıqlar xaricdən gətirilirdisə, hazırda ölkə daxilində istehsal olunur. Bu da öz növbəsində günəş batareyalarının quraşdırılmasının daha ucuz başa gəlməsinə səbəb olur.
Sular sellər ilə -
Azərbaycanda bərpa olunan enerji resurslarının böyük olmasına baxmayaraq, yalnız hidroenergetika geniş yayılıb. Ölkəmizin ümumi enerji sistemində SES-nın xüsusi çəkisi hal hazırda 17.8 faiz təşkil edir.
Ölkədə indiyə qədər istifadə edilməmiş hidroenergetika ehtiyatlarının mənimsənilməsi üçün böyük imkanlar vardır. Azərbaycandakı çayların tam hidroenerji potensialının 40 mlrd. kVt.s, texniki cəhətdən əlverişli potensialın isə 16 mlrd. kVt.s-dır. Çaylar üzərində və su təsərrüfatı obyektlərində onlarla kiçik SES-i tikmək mümkündür ki bu, onların da istehsal etdiyi elektrik enerjisi ildə 3,2 mlrd kVts təşkil edə bilər. Yaxın perspektivdə dağ çayları və kanallar üzərində ümumi gücü 600 MVt olan kiçik SES-in tikintisi nəzərdə tutulur.
Ancaq unutmamaq lazımdır ki, gələcəkdə su enerjisindən istifadə ekoloji problemlərə gətirib çıxara bilər. Buna görə də su ehtiyatlarının daha səmərəli şəkildə istifadə olunması məqsədəuyğundur.
Biokütlə- təkrar yararlılıq
Biokütlə enerjisinin potensiali ölkəmizdə ildə 2 milyon ton tullantıya bərabərdir. Aparılan tədqiqatlara görə, iqtisadiyyatın bütün sahələrində istehsal tullantılarının tərkibinin çox hissəsini biokütlə maddələri təşkil edir.
Azərbaycanda biomaddələrin aşağıdakı növləri mövcuddur : yanma qabiliyyəti olan sənaye tullantılar; meşə təsərrüffatı və ağac emalı sahəsi tullantıları; kənd təsərrüfatı məhsulları və üzvi birləşmə tullantıları; məişət və kommunal sahələrin tullantıları; neft və neft məhsulları ilə çirklənmiş sahələrdən atilan tullantılar.
Ölkədə artıq belə bir təcrübə mövcuddur. Fransanın CNİM S.A. şirkəti tərəfindən tikilən Balaxanı zibil emalı zavodu məişət tullantılarının toplanması, emalı və utilləşdirilməsi üzrə ixtisaslaşıb. Zavod ildə 60 milyon kubmetr qaza qənaət etməyə imkan verməklə yanaşı, ildə 231,5 meqavatt elektrik enerjisi istehsal edir və 100.000-dən çox evi elektrik enerjisi ilə təmin edir.
Ölkəmizdə sənaye, kənd təsərrüfatı və sosial xidmət sahələrinin sürətli inkişafı biokütlədən istifadə etməklə enerji istehsalı üçün daha geniş imkanlar açır. Alınan enerji hesabına həmin sənayə sahəsinin yaxınlğındakı yaşayış məntəqələri istilik və elektrik enerjisi ilə təmin edilə bilər. Yandırılan tullantıların qalıqlarından isə gübrə kimi istifadə oluna bilər. Zibilyandırma zavodlarının tikilməsi ölkəmizdə bu növ enerjidən istifadəni mümkün edə bilər.
Geotermal-
Ölkəmizdə olan ən mühüm faydalı qazıntılardan biri də yeraltı sulardır. Onlar kimyəvi tərkibcə müxtəif olub, təsərrüfatda içməli su təchizatında, müalicə məqsədi ilə və sənayedə istifadə edilir. Həmçinin dərin kəşfiyyat quyuları vasitəsilə böyük istilik enerjisi mənbəyinə malik yüksək temperatur (60-1150C) sular aşkar edilib.
Geotermal enerji istehsalının üstünlüyü digər mənbələrlə müqayisədə daha az vəsaitin tələb olunmasıdır. Bu enerjinin potensialı 1,800 MV-dir. Ölkəmizdə geotermal sular Böyük və Kiçik Qafqaz dağlarında, Abşeron yarımadasında, Talış dağ-yamac zonasında , Kür çökəkliyi və Xəzəryanı-Quba zonasında rast gəlinir.
Bu termal suların potensialından istifadə etməklə məişətdə və digər sahələrdə istilik enerjisinə olan ehtiyacın bir hissəsini ödəmək mümkündür.
Əməkdaşlıq - gələcək töhfələr
Azərbaycanda reallaşdırılan "Bir ev - bir stansiya", hibrid tipli elektrik stansiyaları və aqroenerji yaşayış kompleksi layihələri kimi işlər bir çox region ölkələrinin maraq dairəsindədir. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Gürcüstan, İran və Türkiyə ilə bu sahədə əməkdaşlıq edir, və bu istiqamətdə işlərin daha da dərinləşdirilməsi üçün həmin ölkələr ilə işçi qrupları yaradıb.
Beləliklə də,ölkəmizdə alternativ enerji sektorunu inkişaf etdirmək üçün hüquqi baza beynəlxalq standartlara uyğunlaşdırılmalı, xarici investisiyalar cəlbedilməli, geniş maliyyə təşəbbüsləri tətbiq edilməli və beynəlxalq qurumlarla bu sahədə əməkdaşlıq davam etdirilməlidir.
Azərbaycan hökuməti eyni zamanda alternativ enerji sektoru üçün maliyyə fondu yaratmaq və vergi imtiyazları tətbiq etməklə alternativ enerji mənbələrinin daha geniş və effektiv inkişafıni təmin edə bilər. Ölkəmizdə alternativ enerjinin inkişaf etdirliməsi və iqlim dəyişiklərinə adaptasıya üçün əlverişli təbii şərait, güclü siyasi iradə və geniş maliyyə resursları mövcuddur.
Gülqız Dadaşova
Layihe: "Azərbaycanın alternativ (bərpa olunan) enerji mənbələri: mövcud vəziyyət, əsas prioritetlər və perspektiv imkanlar"
Yazı Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.