“Azərbaycanın 2016-cı il dövlət büdcəsi bütün reallıqları özündə əks etdirə bilib”

Fikrət Yusifov: “Dünyada baş verən iqtisadi təlatümlər fonunda”

Neftin qiymətlərinin kəskin aşağı düşməsi səbəbindən bütün hasilat ölkələri kimi Azərbaycanın da gəlirləri azalacaq. Yaranmış vəziyyətdə Azərbaycan hökumətinin başlıca vəzifəsi növbəti ilə real iqtisadi göstəriciləri və buna uyğun olan büdcə proqnozlarını ortayta qoymaqdır. O da aydındır ki, hər bir ölkənin büdcəsinin parametrləri ilk növbədə onun iqtisadi durumunu əks etdirən göstəricilərlə uyğunluq təşkil etməlidir.

"Ekonomiks" BİAB-ın sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyir ki, 2016-cı il üçün büdcə layihəsində əks olunmuş göstəricilərə münasibət bildirməzdən öncə gəlin növbəti ilin makroiqtisadi göstəricilərinə nəzər salmaq lazımdır. Onun sözlərinə görə, dünyada baş verən iqtisadi təlatümlər fonunda Azərbaycan hökuməti növbəti il üçün Ümumi Daxili Məhsulun həcmini 57,7 milyard manat proqnozlaşdırır  ki, bu da 1,8% real iqtisadi artım deməkdir: "Növbəti ildə qeyri-neft sektorunda ÜDM həcmi 41,5 milyard manat təşkil edəcək. Bu, bütövlükdə ÜDM-un 72%-nə bərabər olmaqla 3,4% real artımdır. Növbəti ildə neft sektorunda ÜDM-un həcmi 1,7% azalsa da, 2014-cü ilin faktiki göstəricilərinə görə bu, 10,8%, 2015-ci ilin gözlənilən nəticələrinə görə isə 3,0% artım demək olacaq. 2016-cı ildə əsas kapitala investitsiyaların həcmi 18,8 milyard manat təşkil edəcək ki, bunun da 57,8%-i və ya 10,9 milyard manatı daxili, 42,2%-i və ya 7,9 milyard manatı xarici investitsiyaların payına düşəcək. 2016-cı ildə iqtisadiyyatın ümumi vəziyyətini xarakterizə edən bu göstəricilər dünya iqtisadi müstəvisində baş verən proseslər kontekstində kifayət qədər pozitiv göstəricilərdir və onlar neftin qiymətlərinin beynəlxalq maliyyə institutlarının növbəti il üçün tövsiyə etdikləri qiymətlərdən bir qədər də aşağı - yəni 1 barel üçün 50 ABŞ dolları həcmində və manatın növbəti ilə məzənnəsinin 1 dollar üçün 1,05 manat nisbətində götürülməsi şərti ilə müəyyənləşdirilib". Mərkəz rəhbəri bildirib ki, 2016-cı ilə dövlət büdcəsinin gəlirləri cari ilin proqnoz göstəricilərinə nisbətən 25,1%  və ya 4,9 milyard manat az nəzərdə tutulur. Bu, hər kəsə bəlli olan neft hasilatının azalması və onun  dünya bazarlarındakı qiymətlərinin kəskin şəkildə aşağı düşməsi ilə bağlıdır: "Bu səbəbdən biz bütün təhlillərimizdə büdcənin neftsiz vəzyyətini təxmin etməyə çalışırıq. Növbəti ilin büdcəsində qeyri-neft sektorundan büdcəyə daxilolmaların xüsusi çəkisi 2015-ci ilin proqnoz göstəricilərinə görə 11,8%, 2014-cü ilin faktiki göstəricilərinə görə isə 12,5% çoxdur". Fikrət Yusifov deyib ki, Gürcüstanın büdcəsini özünə istinad nöqtəsi seçənlər bilsinlər ki, 2015-ci ilə Gürcüstanın dəqiqləşdirilmiş Dövlət büdcəsinin gəlirləri dollar ifadəsində 3,2 milyardır ki, bu da bizim 2015-ci illə müqaisədə 2016-cı il üçün 25,1% azaldılmış Dövlət büdcəmizin dollar ifadəsində olan gəlirlərindən 4,3 dəfədən, Neft  Fondundan 6,0 milyard manat transfer nəzərə alınmadan yerdə qalan büdcəmizdən isə 2,5 dəfə azdır: "Dediklərimizin daha aydın olması üçün digər müqayisələr də göstərə bilərik. Məsələn, Azərbaycanın 2016-cı il üçün büdcəsinin gəlirləri əhalisinin sayı bizim əhalinin sayından 20 dəfə çox olan nüvə dövləti Pakistanın büdcəsinin gəlirlərindən cəmisi 2,6 dəfə azdır. Əhalisi əhalimizdən 3,3 dəfə çox olan Özbəkistanın büdcəsinin gəlirləri bizim büdcənin gəlirlərindən azdır. Yaxud başqa bir misal. Əhali və ərazi baxımından bizə yaxın olan Serbiyanın Dövlət büdcəsinin gəlirləri bizim 2016-cı il büdcəmizin gəlirlərindən 1,7 dəfə aşağıdır. Təbii ki, bu müqaisələrin sırasını genişləndirmək də olar.  Gələn ildə büdcənin xərcləri 4,8 milyard manat və ya 22,9% azalıb. Lakin buna baxmayaraq sosial təyinatlı xərclərin artımı proqnozlaşdırılır ki, bu da ölkə rəhbərliyinin sosial məsələlərin həllinə olduqca ciddi diqqət ayırdığının göstəricisi kimi qəbul edilməlidir. Təbii ki, bu gün heç kəs Azərbaycanı onilliklər boyu ciddi iqtisadi inkişaf yolu keçmış və buna uyğun əsaslı sənaye və kənd təsərrüfatı potensialına malik Avropa ölkələri ilə müqaisə etmək fikrində deyil. Lakin əsas olan odur ki, Azərbaycan hökuməti belə inkişaf yolunu özü üçün seçib və bunun da nəticəsində son illər ərzində ölkədə qeyri-neft sektorunun sürətli inkişafına nail ola bilib. Təbii ki, müəyyənləşdirilmiş böyük hədəflərə çatmaq üçün bir qədər zamana ehtiyac var. Qarşıdakı illərdə bizim əlimizdə kifayər qədər əsas olacaq ki, Azrbaycanı Avropa ölkələrinin hamısı il müqayisə edə bilək. Sonda tam əminliklə deyə bilərik ki, dünyada baş verən iqtisadi təlatümlər fonunda Azərbaycanın 2016-cı il dövlət büdcəsi bütün reallıqları özündə əks etdirə bilib.


Süleyman
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31