“Dollar bahalaşacaq, neft, qızıl və gümüş ucuzlaşacaq”

Natiq Cəfərli: “Dünya nəfəsini tutub, ABŞ Mərkəzi Bankının (FED) toplantısından çıxan qərarları gözləyir”

"Dünya nəfəsini tutub, ABŞ Mərkəzi Bankının (FED) toplantısından çıxan qərarları gözləyir, 2 gündür dünya birjalarında tam durğunluqdur, səhm bazarında dövriyyə düşüb". Bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli məlumat verib. N. Cəfərli bildirib ki, sentyabrın 17-də açıqlanacaq qərar dünya iqtisadiyyatına, səhm bazarlarına, valyuta məzənnələrinə, əmtəə qiymətlərinə yön verəcək: "Mənim gözləntim odur ki, FED az da olsa, uçot dərəcəsini qaldıracaq, likvidliyə çıxış az da olsa bahalaşacaq, bu isə, birinci, inkişaf etməkdə olan ölkələrdən güclü vəsait çıxışına səbəb olacaq; İkinci, dollar bütün valyutalara qarşı bahalaşacaq; Üçüncü, əmtəə qiymətləri, yəni neft, qızıl, gümüş, mis və s. ucuzlaşacaq; Dördüncü, Çin iqtisadiyyatı yeni dalğalanmaya məruz qalacaq; Beşinci, dünya üzrə "məzənnə müharibələri" qızışacaq". Natiq Cəfərli baş verənlərin Azərbaycana təsirlərinin neftin yenidən ucuzlaşması ilə bağlı olacağını deyib. Ekspert bunların ölkə iqtisadiyyatına digər təsirlərinin  olacağını da istisna etməyib: "1. Bank sistemində stress artacaq, 2. Manata basqı çoxalacaq, yəni, manatın növbəti dəfə dəyərdən düşmə ehtimalı yüksələcək, 3. Ölkənin beynəlxalq kreditlərə çıxma ehtimalı azaldacaq, ya da, alacağımız kreditlərin faizi kəskin artacaq, 4. Büdcə azalması ilə paralel olaraq, 2016-cı ildə bu gəlirlərin azalmasına, ikirəqəmli inflyasiyaya səbəb olacaq". Natiq Cəfərli hesab edir ki, FED faizi artırmaya da bilər, bu ehtimal da var, amma, bu gün olmasa, dekabrda edəcək. Ekspert qeyd edib ki, FED-in faiz artımına gedəcəyi halda, bundan sonra qeyd etdiyi proseslərin olacağı qaçılmazdır. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31