Kənd təsərrüfatında suvarma suyu problemi: “Su boldur, amma su yoxdur”

Vahid Məhərrəmov: “Azərbaycanda torpaq, iqlim şəraiti və mövcud olan su potensialı suvarılan torpaq sahələrinin 4 milyon hektara qədər artırılmasına imkan verir”

"Son illər regionlardan su çatışmazlığı, qıtlığı, problemi ilə bağlı bizə müraciət edən fermerlərin, kəndlilərin sayı dəfələrlə artıb". Bu barədə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov məlumat verib. V. Məhərrəmov bildirib ki, bu günlərdə Beynəlxalq Təbii Resurslar İnstitutu (WRI) təşkilatının 2040-cı ildə quraqlıqla üzləşəcək ölkələr haqda tərtib etdiyi siyahı da bu mövzunu yenidən aktual edib: "Qurumun proqnozlarına görə, "2040-cı ilə qədər dünya ölkələrinin 1/5-də az sululuq problemi yaranacaq. Belə ki, iqlim dəyişikliyi yağıntıların dövrülüyünü pozur, əhalinin artması isə suya tələbatı artırır." Quraqlıq təhlükəsi gözlənən ölkələr sırasında Azərbaycanın da adı var. Azərbaycan 33 ölkədən ibarət siyahıda 18-ci yerdədir. Siyahıda ölkəmizin təxmini olaraq "qızıl ortalıq"da yer alması heç də o demək deyil ki, az sululuq dövründə biz də qonşu ölkələr kimi eyni problemləri yaşayacağıq. Problem burasındadır ki, bizim təlabatdan 10 dəfə çox suresursumuz olduğu halda, ondan səmərəli istifadə edib əkinçiliyi inkişafe tdirə bilmirik".Vahid Məhərrəmovun sözlərinə görə, gələcək 2040-cı il üçün tərtib olunan siyahıda 18-ci yer almağımız ona görə təhlükəlidir ki, bizim ölkədə su itkisi ifrat dərəcədə yüksəkdir. Ekspert qeyd edib ki, MDB respublikalarının su itkisi ilə bağlı tərtib etdiyi siyahıda Azərbaycan birinci yerdədir: "Siyahıda ən çox, 34 faiz su itkisinə Azərbaycanın yol verdiyi qeyd olunub. Növbəti sıraları Ermənistan - 25, Qırğızıstan -19,Qazaxıstan -16, Ukrayna -15, Rusiya - 11, Moldova -7, Belarus -5 faizlə bölüşdürür. Bu formada təsərrüfatsızlıq isə yalnız bu gün üçün deyil, gələcək üçün də ciddi problem yaradacaq".

"Azərbaycanın su resursu istehlak tələbatından 10 dəfə çoxdur"

Vahid Məhərrəmovun sözlərinə görə, Azərbaycanda suvarma əkinçiliyi qədimdən mövcud olsa da, keçən əsrin əvvəllərindən bu sahəyə daha çox fikir verilib və inkişaf etdirilməyə başlanıb: "Bəzi mənbələrdə 1925-ci ildə ölkənin əkin sahəsinin 510 min hektarının suvarma şəbəkəsi ilə təchiz olunduğu göstərilir. Sovet hökuməti bu sahəyə daha ciddi fikir vermişdi. Belə ki, 1928-1937-ci illər ərzində Azərbaycanın aran rayonlarıda irriqasiya işlərinin yaxşılaşdırılması üçün kapital qoyuluşunu 7,2 milyon manatdan, 30,7 milyon manata qədər, yəni 4 dəfədən çox artırmışdı. Hazırda suvarılan sahələrin həcmi 1432,7 min hektar təşkil edir. Lakin ölkə əhalisinin sürətli artımı və artan əhalinin ərzaq mallarına, kənd təsərrüfatı məhsullarına olan ehtiyacı suvarılan torpaq sahələrinin artırılmasını şərtləndirir. Qeyd etmək lazımdır ki, Azərbaycanda torpaq iqlim şəraiti və mövcud olan su potensialı suvarılan torpaq sahələrinin 4 milyon hektara qədər artırılmasına imkan verir. Lakin bu sahədə hələ də bir sıra ciddi problemlər öz həllini tapmadığı üçün, mövcud su potensialından səmərəli istifadə olunmadığı halda, suvarılan sahələrin genişləndirilməsini həyata keçirmək daha çox resurs itkisinə yol açar. Azərbaycanın 32 milyard kubmetr su potensialı var. Bunun da 60-70 faizi qonşu respublikalardan - İran, Gürcüstan və Ermənistandan nəql olunur. Qalanı isə ölkə daxilində formalaşır. Azərbaycanın su resursu istehlak tələbatından 10 dəfə çoxdur". Vahid Məhərrəmov Azərbaycanın mövcud su potensialından səmərəli istifadə edə bilmədiyini vurğulayıb: "Bundan əlavə bizim ölkədə başqa ölkələrdən fərqli olaraq yağış suyu yığılmır. Digər ölkələr yağan yağış sularını və çaylarda su bolluğu yaranan zaman onun bir hissəsini xüsusi anbarlara yığırlar. Yay vaxtı ehtiyac yarananda ondan suvarma, yaxud içməli su kimi istifadə edirlər. Baxmayaraq ki, anbarlar var, amma onların əksəriyyətində məmurlar balıqçılıqla məşğuldurlar. Fermerlərə həmin göllərdən su mənbəyi kimi istifadə etməyə imkan verilmir. Əvvəllər istifadə olunan coxlu sayda təsərrüfat daxili anbarlar isə uzun müddət təmir edilmədiyi üçün sıradan çıxıb, yararsız hala düşüb".
 

"Bu, büdcə ilə yanaşı ekologiyaya da ziyan vurur"

Vahid Məhərrəmov qeyd edib ki, aidiyyatı qurumlar Azərbaycanın su ehtiyatlarının çox məhdud olduğunu, ölkənin arid zonada yerləşdiyini hər dəfə vurğulayır. Ekspert bununla yanaşı yuxarıda qeyd olunduğu kimi Azərbaycanın çoxlu su itkisinə yol verdiyini deyib: "Su itkisinin hansı səbəblərdən qaynaqlandığına gəlincə, birincisi, su kanallarında Sovet dövründən təmir-bərpa işləri aparılmır. Ona görə baş verən sızmalar yalnız su itkisinə səbəb olmur, həm də ətrafdakı əkin sahələrində bataqlıq yaradır, şoranlaşmaya gətirib çıxarır. İkincisi, sudan qənaətlə istifadə olunmur. Qənaətlə istifadə olunsa, məhsuldarlıq da artır. Köhnə qayda ilə aparılan primitiv selləmə suvarma bitkinin normal qidalanmasına və havalanmasına imkan vermir. Üçüncü səbəb isə şişirtmələrlə bağlıdır, su itkisi həddindən artıq şişirdilir. Təsəvvür edin ki, Azərbaycanda 12 milyard kubmetr təbii su mənbəyindən su götürülür, bunun 8 milyardından istifadə edilir, 4 milyardı itkiyə gedir. Bu göstəricilər onu deməyə əsas verir ki, Meliorasiya və Su Təsərrüfatı ASC heç vaxt ölkənin əkin sularına olan ehtiyacının ödənilməsini təmin edə bilməyəcək. Qurum Azərbaycanın su ehtiyatlarının çox məhdud olduğunu vurğulayır. Bununla yanaşı hər ildə istifadə olunan suyun həcminin artdığını göstərir. Bu azmış kimi respublikada orta illik su çatışmazlığının 4,5-5 milyard kubmetr arasında dəyişdiyini göstərir. Su çatışmazlığının bu qədər olması iddiası əlbəttə, süni yaradılmış, bu sahədə mövcud olan çatışmazlıqları, təsərrüfatsızlığı ört-basdır etmək məqsədi güdür. Şirin su çatışmazlığı ilə bağlı bir sıra ölkələrdə ciddi problemlər olduğu halda onlar bu problemi çox asanlıqla öz xeyirlərinə həll ediblər. İsrafçılığın qarşısını qısa müddətdə almaqla yanaşı, həm də kənd təsərrüfatında yüksək göstəricilər əldə ediblər. İsrail hökumətinin səyi nəticəsində keçən əsrin 70-90-cı illərində 1 milyard 240 milyon kubmetr suvarma suyundan istifadə olunduğu halda, sonrakı illərdə yeni müasir texnologiya tətbiq etməklə, sudan istifadənin səmərəliliyi artırıblar. Belə ki, istifadə olunan suvarma suyunun həcminini 1 milyard 120 milyon kubmetrə qədər azaltmışlar. Bu qədər suvarma suyundan istifadə edən yəhudilər əhalinin ərzaq mallarına, kənd təsərrüfatı məhsullarına olan təlabatını sivil normalara uyğun şəkildə daxili istehsal hesabına ödəməklə yanaşı, həm də bizim kimi idxaldan asılı qalan ölkələrə məhsul ixrac edirlər. Təsəvvür edin, bizim ölkədə təbii su mənbəyindən götürülən suyun həcmi 12 milyard kubmetr olduğu halda Israildə bu rəqəm 1,1 milyard kubmetr təşkil edir. İstehsal olunan kənd təsərrüfatı məhsulunun həcmi isə bizdəkindən çoxdur. Əlbəttə, bütün bunlar təsərrüfatla bərabər büdcəyə və ekologiyaya da ziyan vurur".

 

"Su boldur, amma su yoxdur"

Ekspert qeyd edib ki, su təsərrüfatını yaxşılaşdırmaq üçün beynəlxalq maliyyə institutlarından kredit və qrant şəklində maliyyə vəsaitlərinin alınmasına və dövlət büdcəsindən bu istiqamətə maliyyə transfertinin artırılmasına baxmayaraq problemlər həll olunmur. V. Məhərrəmov, ölkənin suvarma suyuna olan ehtiyacının ödənilmədiyini vurğulayıb: "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ili yekunlaşır. Lakin təsərrüfatlarda su qıtlığı, su çatışmazlığı, su problemi öz həllini uzun müddətdir tapmır. Əksər fermerlər, kəndlilər suvarma suyu çatışmazlığından əziyyət çəkir". Vahid Məhərrəmov qeyd edib ki, ölkədə suvarma kanalının uzunluğunun, su anbarının sayının çox olduğunu tez-tez dilə gətirilsə də, bu obyektlərin varlığı fermerlərin, kəndlilərin su probleminin həllini asanlaşdırmır: "Əksinə, son zamanlar tez-tez suvarma kanallarında, göllərdə gənclərin, uşaqların, içində sərnişin dolu avtomobillərin suya batdığının, faciəli halların baş verdiyinin şahidi oluruq. Əlbəttə, həm də insanları suyun zərərli təsirindən qorumaq haqqında düşünmək lazımdır. Ancaq bu kimi mənzərələr faktiki ölkə ərazisində suyun bolluğu, praktiki olaraq fermerlər, kəndlilər üçün isə əlçatan olmadığı haqda düşünməyə əsas verir. Yəni su boldur, amma su yoxdur".

Mənsur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31