“İxracın azalmasının səbəbi neftin ucuzlaşmasıdır” – Samir Əliyev

"Qeyri-neft sektorunun inkişafının əsas lokomotivi ixracın gücləndirilməsi ola bilər. Ancaq xarici ticarətdə bu istək hələki reallıqdan çox uzaqdır". Bu barədə iqtisadçı-ekspert Samir Əliyev məlumat verib. S. Əliyev bildirib ki, Gömrük Komitəsinin 7 aylıq statistik məlumatlarına görə, ixracda qeyri-neftin payı 13%-ə yüksəlib: "Halbuki uzun müddət bu göstərici 7%-dən çox olmayıb. Qeyri-neftin ilk baxışdan artım kimi görünən payı əslində həcmcə azalıb. Yəni 2014-cü ilin yanvar-iyul aylarında qeyri-neft sektorunun ixracı 991 milyon dollar olduğu halda bu ilin müvafiq dövründə 4 milyon dollar azalaraq 987 milyon dollara düşüb. Qeyri-neftin payının artması isə neft sektorunun ixracının 2 dəfəyədək azalması ilə bağlıdır. Ümumən götürdükdə xarici ticarətin vəziyyəti gekdikcə pisləşir. 7 aylıq nəticələrə görə, müsbət saldo azalır və ixracla idxalın artıq "görüşmək" ehtimalı da artır. 2014-cü ilin 7 ayında ixrac ixdaldan 2,7 dəfə çox olduğu halda bu ilin müvafiq dövründə üstünlük 41.5%-ə enib. Yəni ixrac 13,3 milyard dollardan 7,5 milyar dollara düşüb, idxal isə 4,9 milyarddan 5,3 milyar dollara qalxıb. Yanvar-iyul aylarında müsbət saldo 8,4 milyarddan 2,2 milyard dollara düşüb. İxracın azalmasının əsas səbəbi təbii ki, neftin dünya bazarlarında ucuzlaşmasıdır. Ötən ilin 7 ayı ilə müqayisədə xam neft ixracı dəyər ifadəsində 43,6%, neft məhsulları 40,3%, təbii qaz 31,8% azalıb. Ancaq azalma qeyri-neft sektorunda da baş verib. Yeyinti məhsullarından çay ixracı 43,7%, bitki və heyvan mənşəli piylər və yağlar 30,3%, şəkər 7,4%, spirtli və spirtsiz içkilər 32,3% azalıb. Sənaye məhsullarından isə plastmassa və onlardan hazırlanan məmulatlar 19%, gön və aşılanmış dəri 36,9%, qara metallar 43,7% azalıb. Yeganə artım meyvə-tərəvəzdə (0,8%), kimya sənayesi məhsulları (66,9%) və alüminium məmulatlarında (10,85%) qeydə alınıb. Azərbaycanın ixracında MDB ölkələrinin mövqeyi bu il pisləşib və ümumilikdə 43% azalma olub. Rusiyaya ixrac 40%, Belarusa 51,4%, Qazaxıstana 63%, Qırğızıstana 84%, Özbəkistana 70%, Ukrayna 65% azalıb. Azalma Avropa İttifaqında da baş verib və bunun əsas səbəbi neftin ucuzlaşmasıdır". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31