“Yanacağın ucuzlaşması fermerlərin lehinədir”
Vahid Məhərrəmov: “Dizel yanacağının qiymətləri aşağı salınmasa, bizim fermerlər, sahibkarlar rəqabətqabiliyyətli mal, məhsul istehsal edə bilməyəcəklər”
4 Sentyabr 2015 13:24 İqtisadiyyat"Daxili bazarda təklif olunan benzinin, dizel yanacağının qiymətləri aşağı salınmalıdır". "Olaylar"ın məlumatına görə, belə bir təkliflə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov çıxış edib. "Azərbaycanla müqayisədə qonşu ölkələrdə benzin istehlakçılara cox ucuz qiymətə təklif olunur. Benzinin litri Türkmənistanda bizdəkindən 2,6 dəfə ucuz, yəni 28 sentə, İranda 2,3 dəfə ucuz, yəni 33 sentə, Rusiyada 54 sentə, Gürcüstanda 55 sentə təklif olunur. MDB ölkələri olan Qazaxıstanda, Qırğızıstanda da benzinin və dizel yanacağının qiymətləri Azərbaycanla müqayisədə xeyli ucuzdur. Belə olan halda qonşu ölkələrin fermerləri, kənd təsərrüfatı məhsulu istehsalçıları müqayisəli üstünlük əldə etmiş olurlar. Əgər benzinin və dizel yanacağının qiymətləri aşağı salınmasa, bizim fermerlər, sahibkarlar rəqabətqabiliyyətli mal, məhsul istehsal edə bilməyəcəklər. İndiki halda istehsalın qorunub saxlanması hökumətin qarşısında duran ən vacib məsələ olmalıdır. Ona görə də benzinin və dizel yanacağının qiymətləri optimal həddə aşağı salınmalıdır". ("OLAYLAR" İA)