SOCAR Malayziya şirkəti ilə müqavilə imzaladı

Sentyabrın 3-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev şirkətin baş ofisində Malayziyanın "Petronas" neft-qaz şirkətinin prezidenti və baş icraçı direktoru Datuk van Zulkiflee van Ariffinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Socar-dan verilən məlumata görə, görüşdə "Şahdəniz" layihəsində "Statoil"un payının "Petronas" tərəfindən alındığı xatırlanıb. Rövnəq Abdullayev qonaqlara "Şahdəniz" və Cənub Qaz Dəhlizi layihələrinin gedişi haqqında ətraflı məlumat verərək bildirib ki, "Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsi və boru kəmərlərinin inşası layihələri üzrə işlər qrafikə uyğun şəkildə uğurla davam etdirilir. Görülən işlər əminlik yaradır ki, 2018-ci ildə ilk qaz həcmlərinin Türkiyəyə ötürülməsi mümkün olacaq. Datuk van Zulkiflee van Ariffin "Petronas" nümayəndə heyətinin üzvlərini SOCAR rəhbərliyinə təqdim etmiş, iki şirkət arasında əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib. Görüşün sonunda SOCAR və "Petronas" arasında "Qarşılıqlı anlaşma haqqında Memoranduma əlavə" imzalanıb. Sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və "Petronas" şirkətinin prezidenti və baş icraçı direktoru Datuk van Zulkiflee van Ariffin imzalayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31